Türkiyə-Ermənistan münasibətləri sıcaqlaşır...
12:04 22-01-2014
CƏMİYYƏT
Türkiyə-Ermənistan münasibətləri sıcaqlaşır...
Azərbaycan prezidenti yanında Strateji Araşdırma Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədovun sözlərinə görə, “2005-ci ildən etibarən Türkiyə-Ermənistan mədəniyyətlər dialoqu təşəbbüsü çərçivəsində hər iki dövlətin yaxınlaşmasına yönəldilən tədbirlər həyata keçirilir. Həmin təşəbbüs çərçivəsində 2009-cu ildə “Ermənistan-Türkiyə Kinematoqrafiya Platforması” yaradılıb, hətta birgə filmlərin çəkilişi də nəzərdə tutulub.
Diqqət edin, bu ilin əvvəllərində Hrant Dink Vəqfi “Səssizliyin səsi III – ankaralı ermənilər danışır” kitabını nəşr etdirib. Vəqfin digər nəşri isə “Media və nifrət ifadəsi. Anlayışlar, mənbələr, müzakirələr” adlanır. Hər iki kitabın ana xəttini türklərin ermənilərə münasibətdə üzrxahlıq notları, xüsusilə də Türkiyənin İrəvanla yaxınlaşma səylərinin vacibliyi təşkil edir. Bunlardan başqa, Türkiyə və Ermənistan sərhəd qoşunları nümayəndələri arasında da əlaqələr intensivləşib və belə görüşlərdən biri 2013-cü ildə Gümrü şəhərində keçirilib. Növbəti görüşü isə bu ilin mart ayında Türkiyə ərazisində təşkil etmək qərara alınıb”.
Bəs Türkiyə ilə Ermənistan arasında müşahidə edilən bu yaxınlaşma Azərbaycana və ümumən bölgəyə nə vəd edir?
Politoloq Zərdüşt Əlizadənin “Unikal”a verdiyi açıqlamaya görə, “Türkiyə-Ermənistan münasibətlərində ehtimal olunan yaxınlaşma hələlik rəsmi təsdiqini tapmadığına görə bu barədə konkret analiz vermək çətindir. Lakin bir məqamı unutmamalıyıq ki, Qərb hər vasitə ilə çalışır ki, Ermənistanı Rusiyanın cəngindən qopardıb çıxartsın və bu istiqamətdə addımlar atılması üçün bütün vasitələri işə salmağa cəhd edir. Bu baxımdan ən optimal yol Türkiyə-Ermənistan münasibətlərini mülayimləşdirməkdir. Lakin Moskvanın diqtəsi altında olan Ermənistan hakimiyyəti Türkiyə qarşısında qəbuledilməz şərtlər irəli sürür və bu iddialar yaxınlaşmanı bir xeyli geri oturdur. Əslində, Türkiyə də prinsipcə bu yaxınlaşmanın əleyhinədir. Məhz buna görə də Azərbaycanın işğal edilmiş ərazlilərinin boşaldılmasını Ermənistan-Türkiyə sərhədinin açılması önündə mühüm şərt kimi irəli sürür. Türkiyədə yaxşı bilirlər ki, Azərbaycan torpaqlarını Ermənistan deyil, Rusiya işğal edib və bu ərazlilərin boşaldılması birinci növbədə Rusiyadan asılıdır. Rusiya isə Azərbaycana güclü təzyiq vasitəsini əlində saxlamaq üçün bu ərazilərin boşaldılmasına razı olmayacaq. Beləliklə, pərdəarxasıTürkiyə-Rusiya oyununa düşmüş Ermənistan Moskvanın razı olacağı səviyyədə yaxınlaşma meylləri nümayiş etdirə bilər, bundan artığı ola bilməz”.
Politoloqun sözlərinə görə, “Bu yaxınlaşmanın bu həddə çatmasında Azərbaycanın da müəyyən qədər günahları var. Çünki Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Rusiyanın cızdığı xətlərdən kənara çıxa bilmir və yaxud çıxmaq istəmir. Belə bir mövqe isə Türkiyəni qane etmir. Ona görə də ehtimal edirəm ki, Türkiyə tədricən özünün bölgə siyasətində Azərbaycansızlıq amilini qabartmalı olacaq”.
Digər politoloq Hikmət Hacızadə hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşması istiqamətində həm Türkiyədə, həm də Qərbdə müəyyən dairələrin göstərdiyi təşəbbüslər gerçəkliyə çevrilsə, Azərbaycan, faktiki olaraq, bölgədə təklənmiş duruma düşəcək: “Bu perspektiv isə Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Bu amili də unutmayaq ki, Türkiyə vaxtilə özünü sovet təhlükəsindən sığortalamaq üçün Şimali Atlantika Alyansına, yəni NATO-ya üzv olmuşdu. Hazırda bizimlə hərbi münaqişə vəziyyətində olan Ermənistan isə özünün Güney Qafqazda törətdiyi bir sıra fəsadların nəticəsindən qorunmaq üçün MDB-dəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olub. Yəni o da müəyyən bir beynəlxalq təhlükəsizlik sisteminin tərkib hissəsinə çevrilib. Azərbaycan isə ortalıqda qalıb – NATO-ya üzv olmaq fikrində deyil, lakin eyni zamanda düzgün addım ataraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da daxil olmur. Nəticədə izolyasiya vəziyyətinə düşmüşük. Bu taktika isə Türkiyəni qane etmir. Ona görə də Türkiyənin Qərbin təzyiqləri qarşısında təkbaşına davam gətirməsi də zor bir işdir. Azərbaycan, heç olmasa, Türkiyənin Azərbaycan naminə çabasına dəstək vermək üçün aktiv şəkildə onun yanında olduğunu əməli şəkildə nümayiş etdirməlidir”.
Adil
Digər Xəbərlər
2024-12-25 12:44:53
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16