“Bizimlə heç kim maraqlanmır”
12:05 22-01-2014
CƏMİYYƏT
“Bizimlə heç kim maraqlanmır”
Gürcüstan parlamentinin Marneulidən majoritar qaydada seçilən deputatı Azər Süleymanov bildirib ki, “Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə maraqlanmaq, məşğul olmaq istəyən siyasi qüvvə yoxdur”.
O, yeni hakimiyyətin azərbaycanlıların sosial, məişət problemləri ilə bağlı hər hansı addım atmadığını bildirib:
“Azərbaycanlılara qarşı hər hansı ayrı-seçkilik yoxdur. Amma onların problemlərinin çözümü istiqamətində də iş aparılmır. Heç bir yenilik yoxdur. Soydaşlarımız yenə də işsizlikdən əziyyət çəkir”.
Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Postsovet məkanına daxil olan ölkələrin hamısında sosial baxımdan eyni problemlərin yaşandığının şahidi olmaqdayıq. Köhnə infrastrukturların, istehsalat qurumlarının tam şəkildə dağılması və yenilərinin hələ də təşəkkül tapa bilməməsi bu problemi xarakterizə edən başlıca cəhətdir. Görünür, postsovet məkanında sosial-iqtisadi baxımdan bənzər problemlərin yaşanması müəyyən mənada qanunauyğun haldır. Bu mənada, Gürcüstan da istisna deyil. Bu ölkədəki işsizlik təkcə Borçalı türklərinin məruz qaldığı çətinlik deyil, ölkədəki digər xalqlar da bundan əziyyət çəkirlər. Oradakı soydaşlarımızın üzləşdikləri problemlərin həlli üçün həm yerli ziyalılar, həm də bizim birlik kifayət qədər çaba sərf edib. Lakin məlum olduğu kimi, bir sıra məsələlər hələ də öz həllini gözləyir”.
Birlik sədrinin sözlərinə görə, “Azərbaycanın özündə də işsizlik olduqca ciddi məsələdir. Mənim ali təhsilli iki övladım var, lakin onların heç biri ixtisasına uyğun iş tapa bilmir. Hazırda Bakıda minlərlə bu cür işsiz ali təhsilli gənc mütəxəssislər var. Zənnimcə, Azərbaycan hökuməti Gürcüstandakı soydaşlarımızın məşğulluq problemini həll etmək üçün geniş maliyyə imkanlarına malikdir və bu niyyətlə konkret addımlar ata bilər. Hökumətimiz təkcə Gürcüstandakı deyil, Dərbənddəki, hətta Güney Azərbaycandakı soydaşlarımızın problemləri ilə ciddi şəkildə marqlanmalı və həll edilməsi üçün müvafiq yollar axtarmalıdır. Buna hökumətimizin imkanı çatır, lakin marqlanmaq istəmir”.
Məmmədlinin verdiyi məlumata görə, “Gürcüstandakı soydaşlarımızın işsizlik problemi istənilən tempdə olmasa da, tədricən həll edilməyə doğru yön götürüb. Məndə olan məlumata görə, işsizlikdən Azərbaycana, Rusiyaya üz tutmuş soydaşlarımızdan bəziləri artıq Gürcüstana qayıdırlar. Ümid edirəm ki, bu proses artan tendensiya üzrə davam edəcək”.
Millət vəkili Zahid Orucun “Unikal”a söylədiyinə görə, “Gürcüstanlı həmkarlarımız tez-tez Azərbaycanda səfərdə olurlar. Onlarla çox geniş sahədə görüşlər keçirilib və gələcək əməkdaşlıq üçün bir sıra faydalı razılaşmalar əldə olunub. Yəqin ki, bundan sonrakı dönəmdə də Azərbaycan parlamentariləri Gürcüstanda olacaq. İki ölkə arasında təmaslar çoxdan qurulub və bu elə bir platformadır ki, hər iki ölkənin maraqlarına cavab verir. Parlament sadəcə onun bir xətti olaraq qanunvericilik, hüquqi sənədləşmə və daha yaxından siyasi təmasların qurulmasında yardımçı olur. İqtisadi münasibətlər isə geniş bir səviyyədə davam edir. Azərbaycan Gürcüstanın iqtisadi müstəqilliyinin qarant dövlətlərdən biridir və başlıcasıdır. Nəzərə alsaq ki, Gürcüstan ənənəvi əlaqələrindən imtina edib, bu sırada onu belə bir müstəqil durumda saxlanmasının ən başlıca mədəni səbəbi Azərbaycanla birbaşa bağlı olmasıdır. Gürcüstanda yaşayan soydaşlarımızın bu və ya digər dövrdə problemləri qabarır və onun Azərbaycan dövləti tərəfindən qarşılandığını biz hər zaman görməkdəyik. Lakin nəzərə almalıyıq ki, onlar oranın köklü sakinləridilər və bu, Gürcüstan dövlətinin onların qarşısındakı öhdəliyidir. Bu baxımdan Gürcüstan-Azərbaycan və parlament əlaqələrinin görüşləri zamanı olan söhbətlərdə, oradakı soydaşlarımızın hüquqları, təşkilatlanması, təhsili, gələcək idarəçilikdə təmsilçiliyi yer almalıdır".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-25 23:17:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51