Milli Şuraçılar separatizm mövzusunu gündəmə çıxartdılar
12:06 22-01-2014
CƏMİYYƏT
Milli Şuraçılar separatizm mövzusunu gündəmə çıxartdılar
Hacıbala Əzimov qurumda təmsil edilən Eldəniz Quliyev və Mehdibəy Səfərovu talış separatizminin təmsilçiləri kimi dəyərləndirib
Milli Şuranın son sessiyasında baş vermiş qalmaqallar hələ də medianın gündəmindədir. Şuranın üzvü Hacıbala Əzimov mətbuata verdiyi müsahibədə həmin qurumda təmsil edilən Eldəniz Quliyev və Mehdibəy Səfərovu talış separatizminin təmsilçiləri kimi dəyərləndirib. Xüsusən də Mehdibəy Səfərovun vaxtilə Əlikram Hümbətovla yaxın olmasını xüsusilə qabardıb.
Necə deyərlər, bircə bu çatmırdı. Onsuz da Milli Şuranın opponentləri bu qurumu vaxtilə Rusiyanın layihəsi kimi xarakterizə edirdilər.
Elə qurumun daxilində də kifayət qədər problemlər var. İndi isə “Milli Şura debatları”na separatizm menyüsü əlavə olunur.
Doğrudanmı, Milli Şurada separatçılar da yuva salıb?
Milli Şuranın keçmiş üzvü, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan hesab erdir ki, Milli Şuranın ciddi siyasi qurum olmaması bu məqamda da ortalığa çıxır. Onun “Unikal”a dediyinə görə, “Milli Şura yaradılarkən müxalifətin seçki bloku və cəmiyyətin daha da demokratikləşdirilməsi uğrunda mübarizə aparacaq bir qurum kimi nəzərdə tutulmuşdu. İndi isə başlayıblar separatizm mövzularını və separatçıları müzakirə etməyə. Bu sayaq davranış və danışıqlar siyasətçiyə yaraşmayan söhbətlərdir. Bu, artıq həm cəmiyyətimizin, həm də dövlətimizin maraqları əleyhinə işləmək deməkdir və mən bunu yolverilməz hesab edirəm”.
Partiya sədri hesab edir ki, “Qaşınmayan yerdən qan çıxartmazlar. Azərbaycanın kifayət qədər problemləri var. Qaranlıq otaqda olmayan qara pişiyin ovuna çıxıb ortalığa qara-qara problemlər sərgiləyib hədər və predmetsiz müzakirələrə səbəb olmaq müxaliflərə başucalığı gətirmir”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Fikrimcə, Milli Şuranın üzvləri Hacıbala Əzimovla Mehdibəy Səfərov əvvəlcə qurumun son sessiyasında baş verən, sonradan isə gündəmə çıxarılan mövzu daha çox şəxsi münasibətlərdəki münaqişələrdən təzahür edən fakt kimi dəyərləndirilməlidir. Bu mövzunun siyasi müstəviyə keçirilməsi yanlışlıqdır. Vaxtilə kimin hansı qurumda və yaxud hansı separatçının yanında olması bu gün aktuallığını itirimiş məsələdir. Bu məsələ ilə müvafiq dövlət strukturları məşğul olmalıdır. Hesab edirəm ki, Milli Şurada olanlar bu cür bayağı mövzularla deyil, bu qurumun siyasi şərəfini xilas etmək barədə düşünməyə başlasalar, müxalifətə daha çox fayda vermiş olarlar”.
Tanınmış politoloq Qabil Hüseynli “Unikal”a açıqlamasında Milli Şuranın daxili ziddiyyətlər səbəbindən “boğulduğunu” deyib: “Milli Şuranın indiki dərin böhran vəziyyətinə düşməsi mütləq mənada subyektiv faktorlarla bağlıdır. Çox təəssüf ki, müxalifətin bu birliyini yönəldən şəxslər öz aralarında hökm sürən ziddiyyətlərə və rəqabətə son qoyub, səmimi şəkildə bir arada olmağı bacarmadılar. Milli Şuranın indiki ağır durumu da məhz bu qarşıdurmaların məntiqi nəticəsi kimi qəbul edilməlidir – qeyd etdiyim subyektiv faktorlar Milli Şuranın sonunu gətirdi. Milli Şuranın aparıcı simalarının belə vacib dönəmdə heç olmasa, öz tərəfdarlarının maraqlarına uyğun qərar verə bilməmələri doğrudan da, təəssüf doğurur. Açığı, Milli Şuranın indiki durumu mənə “Azadlıq” blokunun ilk tərkibinin dağılması prosesini xatırladır. O zaman üçün yetərincə populyar olan “Azadlıq” bloku da indi Milli Şurada müşahidə olunan yersiz intriqalar üzündən dağıldı. Bu baxımdan, mən qəti hökm vermək istəməsəm də, deməliyəm ki, Milli Şuranın bu vəziyyətdə mövcudluğunu davam etdirməsi inandırıcı deyil”.
Mehdibəy Səfərov isə cavab açıqlamasında bildirib: “Mən o vaxt Hacıbabaya dedim ki, səni məhkəməyə verəcəyəm. Məqalə yazdım ki, ayıbdır, qoca kişisən, fakt gətirmədən məni hansısa dövlətin agenti elan edirsənsə, bu, çox ağır ittihamdır. Gərək bunu sübut edəsən. Edə bilməsən, Azərbaycan Cinayət Məcəlləsi ilə mənə qəsdən şər atmağa görə cinayət məsuliyyəti daşıyırsan. Ola bilsin ki, biz Hacıbaba ilə həqiqətən məhkəmədə görüşdük, çünki Hacıbaba öz yolundan çıxıb. Ya kimsə onu öyrədir, ya xarici və yaxud daxili orqanın tapşırığı ilə hərəkət edir. Belə çıxır ki, o, xalqlar arasındakı münasibət kimi incə məsələ ilə bağlı tapşırıq alıb".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24