Arif Əsgərova qarşı yeni etiraz dalğası başlayır
Arif Əsgərova qarşı yeni etiraz dalğası başlayır

“Dəmiryol şefi”ni çətin günlər gözləyir

“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin yanvarın 11-dən başlayan etiraz aksiyaları davam edir. Xatırladaq ki, bələdçilərin etirazına səbəb onların MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları və qadın bələdçilərlə əvəzlənmələridir.

Dünən gələn məlumata görə, yanvarın 11-dəki etiraz aksiyalarından sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi onlara müvafiq iş saatları verəcəyinə söz verib. Amma, hələ ki, buna əməl edilməyib. Narazı bələdçilərin dediyinə görə (olaylar.az), onların etiraz aksiyalarından sonra söz veriblər ki, iş saatlarını artıracaqlar: “Əslində bu bizim normal haqqımızdır. Bizim 168 saat iş saatımız olmalıdır, bizə deyiblər ki, guya bunu bərpa edəcəklər, amma bu da inandırıcı deyil”.
Bələdçilər bildiriblər ki, idarə rəhbərliyi onlara hətta qatarlarda sərnişinlərin tələbatını ödəmək, təmizlik aparmaq üçün vasitələr də vermirlər. Etirazdan sonra qurum rəhbərliyi guya qatarlarda təmizliyə, xidmətə fikir veriləcəyini bildirib. Amma, son nəticə biabırçı və gülünc olub: “Qatarlarda sərnişinlərin tələbatlarını ödəmək, onlara xidmət etmək üçün bir çox vəsait çatmır. Bununla bağlı şikayətlərimizin qarşılığında bizə iki ədəd sabun və tualet kağızı veriblər. İki ədəd 11 qəpiklik sabunla, tualet kağızı ilə bütün qatarın tələbatı ödənilirmi? Bu, bizi ələ salmaqdan başqa bir şey deyil. Qatarın təmizlənməsi üçün, kimyəvi maddələr, şampunlar və bu kimi bir çox ləvazimat lazımdır. Sərnişinlərin tələbatlarını qarşılamaq üçün xərclənən pullar hələ də öz cibimizdən gedir. Nazirlər Kabinetindən cavab gözləyirik. Əgər bu cavab bizi qane etməsə, tələblərimiz, iş rejimimiz təmin edilməsə, yanvarın 25-də aclıq aksiyasına başlayacağıq”.
Bələdçilər deyirlər ki, son çıxış yolu aclıq aksiyasıdır. Əgər belə etməsələr “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi problemi həll etməyəcək: “Bizim bundan başqa yolumuz qalmır. Sabah yenə toplaşaraq etiraz etməyi qərara almışıq. Bizim tələblərimiz yerinə yetirilənə qədər bu etirazlar davam edəcək. Qoy bütün dünya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin dəmiryolçulara neçə qan uddurduğunun şahidi olsun. Bilsinlər ki, gecə-gündüz fasiləsiz işləyən Azərbaycan dəmiryolçuları hansı əzabları çəkirlər və onlara hansı qiymət verilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dövlətin qanunları ilə işləmir. Arif Əsgərov və onun adamları bu qurumu öz qanunları ilə idarə edir. İstənilən vaxt ixtisarlar edirlər, istənilən vaxt işçilərin əmək haqlarını kəsirlər, işdən çıxarırlar və sair. Hər il onlarla ailələri ac qoyan bu adamlar nə düşünür və kimə arxayındırlar?. Biz onsuz da heç nə itirmirik. Çünki artıq itirdiyimizi itirmişik. Ya hüquqlarımız bərpa olunacaq, əvvəlki rejimdə işləyəcəyik, ya da sonadək aclıq aksiyasını davam etdirəcəyik. Onsuz da bizi sındırıblar, aclıq aksiyasından başqa çarəmiz yoxdur. Etiraz aksiyası keçirib yolları bağlayanda bizi təxribat adı ilə hədələyib həbs edəcəklərini bildirirlər. Ona görə də, hamımız aclıq aksiyası keçirməyə, canımıza qəsd etməyə qərar vermişik. Bu qədər özbaşınalıq olmaz. Bu dövlətin qurumudur və dövlət qanunları ilə işləməlidir. Arif Əsgərovun şəxsi obyekti deyil. 30-40 il çalışdığımız, can qoyduğumuz işdən niyə çıxarmalıdırlar bizi? Hansı əsasla? Hansısa bir qanunsuzluq etdiyimizi tutublarsa, biz razıyıq, ittiham etsinlər, sübuta yetirsinlər çıxarsınlar. Axı heç bir əsas yoxdur. Arif Əsgərov heç bir əsas olmadan bizi çıxarıb əvəzində həmin işə cavan, qənc qadınları təyin edib. Özləri də deyirlər ki, guya kişi bələdçilər əlavə yüklərin aparılmasına şərait yaradıb, nə bilim narkotika daşıyıb. Yaxşı ki, demədilər ki, bu adamlar vətənə xəyanət edib. Bilirsiniz, heç bir fakt olmadığına görə hərə bir bəhanə axtarır ki, bizə iftira atıb susdursunlar. Amma bunların heç birinə heç kim inanmır. Ən azından ona görə ki, ortaya fakt qoyan yoxdur. Hərə ağzını qoyub Allah yolunda bir yalan danışır”.
Şikayətçilər deyiblər ki, əslində bu işdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bəzi vəzifəlilərinin marağı var. Ona görə də bu addımı atıblar. Heç bir ölkənin dəmir yolunda belə qərar yoxdur. Bunlar nə fikirləşirlər bilmirik. Bunların özlərinin planları var. Harda görkəmli, gənc qadınlar var onları tapıb gətirib bələdçi təyin edirlər. Əslində onların heç birinin bu sahədə təcrübəsi yoxdur. Qatarda bələdçi nədir, sərnişinlərə necə xidmət etmək lazımdı onu bilmirlər. Bu sahədən onların anlayışı yoxdur. Amma, kimin fikridirsə bilmirik, bu addımı atıb onlarla bələdçini, 30 ilin işçisini ac qoyublar”.
Şikayətçilər yanvarın 25-dən sonra problemləri həll olunmayacağı təqdirdə aclıq aksiyasına başlayacaqlarını və bu aksiyanın müddətsiz olacağını bildiriblər.
Arif Əsgərovun isə yeni etiraz dalğasından narahatlıq keçirib-keçirmədiyi məlum deyil. Məlum olan yalnız odur ki, bu etirazların qarşısı alınıb problem həll olunmazsa, bu, “dəmiryol şefi”nin kreslosunu daha da laxlada və onun görəvindən uzaqlaşdırılması ilə sonuclana bilər.
Ülviyyə Qasımlı