Bəşər Əsəd rejimindən Türkiyəyə şok suçlama
11:21 23-01-2014
CƏMİYYƏT
Bəşər Əsəd rejimindən Türkiyəyə şok suçlama
Valid Muallem: "Ankara Suriyanı satıb, hökumət isə terrorçuları maliyyələşdirir"
Suriyanın xarici işlər naziri Valid Muallem Cenevrə-2 sülh konfransındakı çıxışında Türkiyə hökumətini satqınlıqda və Suriyada döyüşən terrorçulara birbaşa yardım etməkdə günahlandırıb.
Onun sözlərinə görə, əgər Suriyanın qonşu-müttəfiqi olsaydı, bu gün bu ölkədə qanlı hadisələr baş verməzdi: "Amma Suriya köməyə ehtiyacı olduğu anda qonşuları ona arxadan zərbə vurdular, ya da əllərini sallayaraq kənarda durdular. Bütün bunları edən Ərdoğan hökumətidir. Bu hökumət terrorçuları öz ərazisinə buraxıb onları Suriyada döyüşmək üçün hazırlayır. Ancaq unudurlar ki, bir gün lənət cadugərin özünə qarşı çevrilir".
Valid Muallem konfransda iştirak edən bəzi ölkələri terrorçuları maliyyələşdirməkdə də ittiham edib: "Regiondakı vəziyyəti dəyişdirməyə çalışan bəzi ölkələr vəhhabiləri maliyyələşdirirlər. Anlamırlar ki, Suriyada axan qanı durdurmaq üçün bu yetərli deyil".
Suriya hakimiyyəti
meydan oxumağa
davam edir
Suriya xarici işlər naziri həmçinin onu da deyib ki, beynəlxalq ictimaiyyətin bəzi nümayəndələrinin bəyanatlarına rəğmən Suriya özünü müdafiə etmək üçün əlindən gələni edəcək. "Bu, Suriya və onun xalqının qərarıdır", - deyə o vurğulayıb.
V. Muallim həmçinin Suriya müxalifətini dəstəkləyən və silahlandıran qüvvələrə də səslənib: "Əgər siz doğrudan da Suriyadakı humanitar durumdan narahatsınız, onda imkan verin iş görək, terrorçulara hərbi dəstəyi dayandırın, sanksiyaları aradan qaldırın. Sonra gəlin siyasətlə məşğul olaq, onda Suriyada hər şey yaxşı olacaq".
Suriya XİN başçısı konkret ölkələrin adlarını çəkməsə də, qeyd edib ki, onların məqsədi terrorçuluğun ixracı vasitəsilə Suriyanı dağıtmaqdır.
V. Muallim həmçinin qərb ölkələrinin KİV-lərini Bəşər Əsəd hökumətinin hərbi cinayətləri barədə yalan məlumat yaymaqda ittiham edib.
Konfransda Suriya müxalifətini təmsil edən Suriya Milli Koalisiyasının rəhbəri Əhməd Carba isə bəyan edib ki, müxalifət qüvvələri "Cenevrə-2" konfransının uğurla yekunlaşması üçün əlindən gələni edəcək. "Suriya müxalifəti daxilində növbədənkənar seçkilərin keçirilməsinin zərurəti haqda danışanda, bu, reallıqdır. Biz görüşün uğurlu keçməsi üçün səylərimizi əsirgəməyəcəyik", - deyə o vurğulayıb.
Con Kerri: "Suriya
münaqişəsinin tərəfləri səylərini birləşdirməlidir"
Suriya münaqişəsinin tərəfləri sülhü təmin edəcək qətnamə hazırlanması üçün səylərini birləşdirməlidir. Bunu ABŞ dövlət katibi Con Kerri Cenevrə-2 sülh konfransının açılışında bildirib.
Onun sözlərinə görə, konfransda qərarların qəbuluna təsir edə biləcək bütün oyunçular iştirak edir: "Ümid edirəm ki, sülhü təmin edə biləcək qətnaməni hazırlaya bilərik".
Həsən Ruhani:
"İran Suriya
konfransından
ümidli deyil"
"İran Suriya böhranının həlli məqsədilə yanvarın 23-də İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransdan ümidli deyil". Bunu İran prezidenti Həsən Ruhani bildirib.
Onun sözlərinə görə, Suriya xalqına yardım göstərməyin və terrorizmlə mübarizə aparmağın tərəfdarı olan İran bu ölkədə sülh və sabitliyin bərqərar olmasını istəyir: "Cenevrə konfransı Suriyada yalnız sülh və sabitliyi təmin etmək məqsədi güdsə, müvəffəqiyyətli ola bilər. Ancaq terrorçulara dəstək verən bəzi ölkələrin konfransa qatılması səbəbindən tədbirin terrorizmlə mübarizədə müvəffəqiyyətli olacağına ümid bağlamamaq lazımdır".
H.Ruhani həmçinin deyib ki, prezident seçkilərindən sonra İrana qarşı düşüncələr dəyişib: "Bu baxımdan İran Dünya İqtisadi Forumuna prezident səviyyəsində dəvət edilib. Eyni zamanda bu forumda İran iqtisadiyyatının dünya ilə əlaqələrini və vizyonunu açıqlayacağıq. İranın iqtisadi, siyasi və regional düşüncələrini izah etmək üçün Davos forumu yaxşı fürsətdir".
"Türkiyə ordusu
Suriyaya girəcək"
Suriyaya gedərkən Adanada saxlanılan Milli Kəşfiyyat (MİT) tırları yenidən bölgəni diqqət mərkəzinə gətirib. Türkiyənin Yeni Şafak" qəzetinin yazarı Əbdülqədir Selvi sensasiya yaradacaq iddia edib: "2011-ci il aprel ayında MİT, Baş Qərargah, Xarici İşlər Nazirliyi Suriya mövzusunda birlikdə işləyiblər. Qaçqın axınının qarşısını almaq üçün Suriyada bölgələr ayrılıb. Bu bölgələrə kömək edilməsi nəzərdə tutulub. Qərar çərçivəsində 2011-ci ildən indiyə qədər Suriyaya yüzlərlə TIR gedib. Yardıma 200 milyon dollar xərclənib. İndi məsələ budur ki, 17 dekabra qədər 100-lərlə TIR keçəndə problem çıxmırdı. 17 dekabrdan sonra niyə problem çıxdı?
Əgər Türkiyə Suriyada özünə yaxın qruplarla bir tədbir görməzsə, iki il sonra Türkiyə ordusu Suriyaya girəcək".
Suriyaya dair "Cenevrə-2" konfransından da bir nəticə çıxmasa, bunun məsuliyyəti konfransa qatılanların üzərində olacaq. Bunu isə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Belçikaya səfəri zamanı Avropa Parlamentinin sədri Martin Şultsla görüşündən sonra birgə mətbuat konfransında deyib: "Bu Cenevrə-2 konfransından bir nəticə gözləyirik. Buradan çıxacaq nəticənin əhəmiyyətli olacağını hesab edirəm. Əgər buradan bir nəticə çıxmasa, inanıram ki, bu, Cenevrə-2 konfransına qatılanların məsuliyyəti olacaq. Bu, BMT kimi bir nöqtə ola bilər. BMT-nin Təhlükəsizlik Şurasının atmalı olduğu addımlar ola bilər. Bu məsələdə Türkiyə olaraq, atmalı olduğumuz addımlar istiqamətində təşəbbüslər göstəririk".
Ərdoğan Suriyada vətəndaş müharibəsi başlayandan bəri 700 mindən çox suriyalı qaçqının Türkiyədə yerləşdirildiyini, Avropa Birliyi ölkələrində isə 60 min suriyalının məskunlaşdığını bildirib. Onun sözlərinə görə, Türkiyə təkbaşına suriyalı qaçqınlara 2 milyard dollardan çox vəsait xərcləyib, BMT-dən isə müvafiq xərclər üçün Türkiyəyə yalnız 130 milyon dollar yardım edilib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24