Azərbaycanlıların Suriyada qoşulduğu təşkilat: “Əl-Nusra Cəbhəsi”
11:27 23-01-2014
CƏMİYYƏT
Azərbaycanlıların Suriyada qoşulduğu təşkilat: “Əl-Nusra Cəbhəsi”
Son vaxtlar Suriyada gedən vətəndaş müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı və qətlə yetirilməsi barədə demək olar ki, hər gün xəbərlər yayılır. Bu günə qədər gedən döyüşlərdə 40-dan çox azərbaycanlı qətlə yetirilib. Azərbaycandan Suriyaya yollananların demək olar ki hamısı Əsəd qüvvələrinə qarşı vuruşan və son vaxtlar sürətlə böyüyən “Əl-Nusra Cəbhəsi” adlı təşkilatın sıralarına qoşulurlar. Dünyanın bir sıra ölkələri bu hərbi qruplaşmanı terrorçu təşkilat kimi tanıyır. “Əl Nusra cəbhəsi” Suriyada da dəhşətli qətliamlarla ad çıxarıb...
“Əl Qaidə”nin
Suriya qolu
“Əl-Nusra cəbhəsi” (tam adı “Cabhat al-Nusra li-əhli-Şam”) 23 yanvar 2012-ci ildə Suriyadakı vətəndaş müharibəsi zamanı yaradılıb. “Qələbə cəbhəsi” və ya “Əl-Qaidə”nin Suriya qolu olaraq da tanınır. “Əl-Nusra”nın bəzi üzvləri bunu inkar etsə də, “Əl Qaidə” lideri Ayman əz-Zəvahiri ilə bağlılığını gizlətmirlər. “Əl-Nusra Cəhbəsi”nin lideri Əbu Muhəmməd əl Culani 2013-cü ilin aprel ayında verdiyi bəyanatda məqsəd və vəzifələrinin digər islamçı qruplara dəstək vermək olmasına baxmayaraq, “Əl-Nusra”nın müstəqil bir təşkilat olduğu bildirib. 2013-cü ilin noyabrında isə “Əl-Qaidə” lideri Ayman Zəvahiri “Əl-Nusra Cəbhəsi”ni “Əl-Qaidə”nin Suriyadakı yeganə qanuni təmsilçisi elan edib.
Təşkilatın bayrağı
Çoxmillətli tərkib
Cəbhənin üzvləri müsəlman-sünnilərdən ibarətdir. Onun sıralarında suriyalılırla yanaşı, Səudiyyə Ərəbistanı, İraq, Pakistan, Livan, Türkmənistan, Fransa, Böyük Britaniya və başqa ölkələrin sələfi idologiyaları vətəndaşları birləşir. Onların arasında xeyli sayda qafqazlı, o cümlədən azərbaycanlılar da var. Suriyada vuruşan xaricilərin əksəriyyəti ya “Azad Suriya Ordusu”na yaxud da “Əl-Nusra Cəbhəsi”nin sıralarına qoşulur.
Müəmmalı rəhbər
Təşkilatın lideri barədə yalnız o məlumdur ki, o “Əbu Muhammad əl Culani” (Qolan təpəliklərinin adı ilə bağlı olduğu güman olunur) təxəllüsü daşıyır. Culani video-foto kameralar qarşısına çox nadir hallarda keçir. Onun həyatı barədə dəqiq informasiya ondan ibarətdir ki, peşəkar döyüşçüdür və bütün süurlu həyatını döyüşlərdə keçirib. Müharibə onun üçün həyat tərzidir. Əbu Muhəmməd əl Culaninin öldürülməsi barədə indiyədək bir neçə dəfə məlumat yayılıb. Lakin heç vaxt bu informasiyaları təsdiq etmək mümkün olmayıb.
Əbu Muhəmməd əl Culani
Unikal idarəetmə quruluşu
“Əl-Nusra Cəbhəsi” Suriyadakı hərbi qruplaşmalar arasında xüsusi döyüş hazırlığı ilə seçilir. Buna isə onun unikal quruluşu imkan verir. Yarandığı dövrdən sürətlə böyüməyə başlayan “Əl- Nusra Cəbhəsi” təxminən yarım il ərzində 5 mindən çox mücahidi ətrafına toplamağı bacarıb. Qrupun taktiki idarəedilməsi aralarında yüksək səviyyədə rabitə və koordinasiya əlaqələri olan 50-100 nəfər tərəfindən həyata keçirilir. Hər bir taktiki qrupun qarşısında yeni qəbul edimiş üzvlərdən ibarət bölmələr irəliləyir. Bunların sayları min nəfərdən bir neçə min nəfərə qədər dəyişə bilər. Arxada isə vəziyyət həmişə eyni olur. Burada qrup komandirləri və onların ətrafında təcrübəli “nusralılar”dan ibarət “mənfəət” qrupları yerləşir. Bu cür təşkilatlanma “Əl-Nusra”ya geniş ərazidə koordinasiyalı əməliyyatlar aparmağa imkan verir. Burada qrup komandirlərinin döyüş hazırlığının aşağı olması çətinlik törətmir. Çünki az təcrübəli mücahid belə xırda qrupları asanlıqla idarə edə bilir. Sıralarının davamlı olaraq artması səbəbindən döyüşçü itkiləri və maddi təhcizat “Əl Nusra” üçün problem yaratmır. Həlak olmuş döyüşçülərin yerini dərhal “kənardan gəlmə”lər hesabına doldura bilirlər. Qrupların qərargahları isə həmişə sirr olaraq saxlanılır.
Səddam zabitlərinin
hərbi taktikası
Bu cür mükəmməl quruluşu yaratmaq və onun ümumi idarəedilməsi sözsüz ki, güclü hərbi səriştə tələb edir. Qruplara rəhbərliyin keçmiş sünni İraq ordusunun zabitləri və Səddam Hüseynin qvardiyasında xidmət etmiş orta rütbəli hərbçilər tərəfindən həyata keçirilməsinə dair yoxlanılmış məlumatlar var. Döyüşdə əmrlərin verilməsi və çətin qərarların qəbul edilməsi ilə məhz onlar məşğul olur. Bunun sayəsində də təşlikatın fəaliyyəti uğurlu nəticələr verir.
Ələviləri öldürmək
vəzifəsi
Yaradığı ilk dövrdən “Əl-Nusra Cəbhəsi” Suriyadakı silahlı döyüşçülərin aqressiv hissəsinin reputasiyasını qazanır və ən sürətlə böyüyən təşkilata çevrilir. Suriyadakı münaqişənin başlanmasından 2013-cü ilin iyun ayına qədər baş vermiş 70 kamikadze hücumunun 57-sinin məsuliyyətini təşkilat öz üzərinə götürüb. Həmçinin “Əl-Nusra Cəbhəsi” Suriyada bir sıra iri terror aktlarının həyata keçirilməsində də ittiham olunur. Bunların arasına Suriya Daxili İşlər Nazirliyinin binasında törədilmiş partlayış və Suriyadakı xristian yepiskopunun oğurlanması da daxildir. Bundan başqa, “Əl-Nusra Cəbhəsi”nin adı bir çox hərbi cinayətlərdə, o cümlədən hökumət qoşunlarından əsir düşmüş əsgərlərin və Ələvi təriqətlərindən olan mülki əhalinin qırğınlarında hallanır. Təşkilat ölkənin Məqsudiyyə, Məkasir Hasan və Cerele Cebay bölgələrində yaşayan Ələviləri qətlə yetirməklə görəvləndirildiklərini iddia edir. Bu təriqətə itaət edən qadın və uşaqlar da daxil olmaqla, hər kəsi öldürürlər. “Əl-Nusra Cəbhəsi”nin rəhb əri “Ələvilər Allahın düşmənidir və onları öldürmək caizdir” şəkilində fətva veriblər.
“Azad Suriya Ordusu”
ilə münaqişə
İlk vaxtlarda təşkilat Suriya hökumətinə qarşı mübarizədə “Azad Suriya Ordusu” ilə əməkdaşlıq edirdi. Hələb uğrunda gedən döyüşlərdə “Əl-Nusra Cəbhəsi”nin üzvləri “Azad Suriya Ordusu” tərəfində mübarizə aparırdı. Hətta Suriya Müxalifəti və İnqlabi Qüvvələrin Milli Koalisiyasının lideri Əhməd Muaz əl-Xatib ABŞ hökumətini “Əl-Nusra Cəbhəsi”ni terrorçu təşkilatlar siyahısına daxil etmək barədə qərarına yenidən baxmağa çağırmışdı. “Azad Suriya Ordusu” ilə münaqişə daha çox ideoloji səbəbdən ortaya çıxdı. Məlum olduğu kimi, “Azad Suriya Ordusu” (ASO) Əsəd rejiminin devrilməsini istəyən qüvvələri birləşdirən dünyəvi təşkilat olaraq yaranıb. “Cabhat-ən-Nusra” isə “Dövlətul-islamiyyyə fil-İraq əş-Şam” qüvvələrinin törəmə təşkilatı olaraq formalaşıb və onların məqsədi Suriyada İslam dövləti yaratmaqdan ibarətdir. Təşkilatın liderləri Suriyadakı müharibə başa çatdıqdan sonra, İsrailə hücum etməyi də planlaşdırır.
Ruslan Herayev
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24