Azərbaycanda 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilib
11:29 23-01-2014
CƏMİYYƏT
Azərbaycanda 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilib
Ramil Usubov əməliyyat müşavirəsi keçirib
Yanvarın 21-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2013-cü ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər naziri ötən il cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş yüksək göstəricilərdən bəhs edib.
Nazir bu işdə Baş İdarənin də önəmli rolu olduğunu qeyd edib, qazanılmış uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə olan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyini bildirib. Hesabat dövründə görülmüş işlər və əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə məruzə ilə baş idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov çıxış edib. O, deyib ki, ötən dövrdə cinayətkar qrupların formalaşma mərhələsində aşkarlanmasına, qanunsuz saxlanılan və gəzdirilən silah, sursat və partlayıcı maddələrin aşkarlanmasına, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəyə xüsusi diqqət yetirilib. Həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 129 cinayət faktı müəyyən edilib, açılması təmin olunmuş 12 fakt üzrə materiallar istintaq aidiyyəti üzrə göndərilib. Ötən il respublika üzrə 96 nəfərdən ibarət 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilib. Onlar tərəfindən bütövlükdə 131, o cümlədən 53 dələduzluq, 10 qaçaqmalçılıq, 2 mənimsəmə, narkotiklərin satışı və saxlanılması ilə əlaqədar 21, silahların qanunsuz dövriyyəsi ilə bağlı 8 cinayət törədilib. Dəstə üzvlərindən 44,4 kiloqrama yaxın narkotik maddə və 2 partlayıcı qurğu götürülüb. Qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə ilə bağlı 21 fakt aşkar edilərək 23 nəfər məsuliyyətə cəlb olunub. İqtisadi fəaliyyət və dövlət idarəçiliyi sahəsində ictimai münasibətlərə zərər vuran saxta pul və qiymətli kağızlar hazırlama və satma, rəsmi sənədləri saxtalaşdırma cinayətləri ilə mübarizə tədbirləri də davamlı olub. 12 cinayət faktı üzrə 78 minə yaxın saxta Azərbaycan manatı aşkar edilib, 3 diplom və xeyli sayda başqa saxta sənədlərin satışının və istifadəsinin qarşısı alınıb.
İstehlakçıları aldatma, keyfiyyətsiz məhsul istehsal etmə və satma, eləcə də əmtəə nişanlarından qanunsuz istifadə etmə cinayətlərinin aşkarlanması üzrə fəaliyyət çərçivəsində satışa çıxarılmış 300 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları götürülərək məhv edilib. Bundan əlavə, qanunazidd olaraq qumar oyunları təşkil edən 13 sahibkarlıq obyektinin fəaliyyəti dayandırılmış və cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunub. Baş İdarəyə daxil olan əməliyyat məlumatları mütəmadi araşdırılaraq lazımi tədbirlər görülüb və müvafiq məlumatlar əsasında 102 cinayətin açılması təmin edilib.
Məruzəçi ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da etiraf etmiş, onların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildirib. Əməliyyat müşavirəsinə yekun vuran general-polkovnik Ramil Usubov şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətini ümumən yüksək qiymətləndirib, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün konkret tapşırıq və tövsiyələrini verib.
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24