Ermənistan siyasi sifarişlər həyata keçirir
11:23 24-01-2014
CƏMİYYƏT
Ermənistan siyasi sifarişlər həyata keçirir
“Ortada bir xristian təssübkeşliyi var”
Son günlər gözlənilmədən cəbhə bölgəsində durum yenidən gərginləşib. Belə ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində iki gün ərzində atəşkəs rejimini 50 dəfə pozublar. Erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində (Xocavənd rayonunun şərqindən) qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində həyata keçirilən cavab tədbirləri ilə düşmənin cəhdinin qarşısı ilkin mərhələdə qətiyyətlə alınıb və onlar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar.
Eyni zamanda erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Şıxlar, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri intensiv olaraq atəşə tutulub.Maraqlıdır, gözlənilmədən atəşkəsin total şəkildə pozulması nə ilə bağlıdır. Bəzi mütəxəssislər hesab edir ki, Ermənistan tərəfi Müdafiə Nazirliyində baş verən son kadr dəyişikliklərindən sonra Azərbaycan ordusunun mövcud durumunu bilmək üçün bu cür diversiya xarakterli addımlar atıblar. Bunu da qeyd edək ki, həqiqətən də son bir neçə ay ərzində Müdafiə Nazirliyi sistemində kifayət qədər ciddi kadr dəyişikliyi aparılıb və ordu rəhbərliyinə yeni kadrlar gətirilib. Bu kadrların bir qismi Daxili Qoşunlardan, bir qismi isə ehtiyatda olan zabitlərdən təşkil olunub.Bu islahatlara isə yanaşma fərqli oldu. Bəzi ekspertlər hesab edir ki, bu dəyişikliklər ümumilikdə ordudakı problemləri həll edə bilməyəcək. Bunu da qeyd edək ki, həqqətən də əsgər ölümü problemi aradan qalxmayıb və 2 ay ərzində 5 əsgər dünyasını dəyişib. Buna baxmayaraq bəzi ekspertlərdə hesab edir ki, bu islahatların nəticəsi yaxın aylarda bəhrəsni verəcək. Görünür, bu məsələ bizləri düşündürdüyü kimi düşmən tərəfinin də marağına səbəb olub və buna görə belə təxribatçı addımlar atılır. Amma hərbi ekspert Üzeyir Cəfərov tamam fərqli düşüncədədir. O, baş verənləri ciddi siyasi proses kimi dəyərləndirir:-“ Bu böyük siyasi oyunun tərkib hissəsidir. Son zamanlar bildiyiniz kimi ATƏT-in Minsk qrupunun fəaliyyətindən heç kəs razı deyildi və bu təşkilat heç nəyə nail ola bilmirdi. Məhz buna görə Rusiya, ABŞ kimi dövlətlərin tapşırığı ilə Ermənistan atəşkəsi pozmaqla ATƏT-in Minsk qrupunu yenə aktivləşdirir. Təsəvvür edin, bu günlərdə atəşkəsin pozulması nəticəsində bir erməni əsgəri ölən kimi ABŞ-in ATƏT-in Minsk qrupundakı həmsədri bundan təəssüfləndiyini bildirir və hadisələrə müdaxilə edir. Amma azərbaycanlı əsgərin ölümündən təəssüflənən yoxdur. Bu isə əslində bir xristian təəssübkeşliyidir və Ermənistanda buna görə onların sifarişlərini həyata keçirir. Hesab edirəm ki, bu atəşkəs pozmaları hətta yaxın vaxtlarda lokal münaqişələrlə də əvəzlənəcək. Çünki artıq bu böyük güclərə lazımdır”. Bunu da qeyd edək ki, həqiqətəndə atəşkəs pozuntuları adətən ATƏT-in Minsk qrupunun həmsədrlərinin ya regiona gəlişi zamanı, ya da Azərbaycan Ermənistan rəhbərliyinin görüşləri zamanı baş verir. Hazırda da iki ölkə prezidentlərinin görüşü gözlənilir və yenə də atəşkəs pozulub. Ekspertlər hesab edir ki, buna görə Azərbaycan tərəfi məsələni daha sərt şəkildə gündəmə gətirməli və ATƏT-in Minsk qrupundan hesabat tələb olunmalıdır. Müşahidəçilər hesab edir ki, mövcud durumu nəzərə alsaq qərb Ermənistan vasitəsi ilə Azərbaycana bu şəkildə təzyiqlərini davam etdirəcək və məqsəd Ermənistanın psixoloji üstünlüyünü təmin etmək olacaq. Bu isə qərbə ona görə lazımdır ki, bir tərəfdən Azərbaycanı Dağlıq Qarabağ məsələsində güzəştə getməyə məcbur etsinlər, digər tərəfdən isə daha çox enerji resurslarına sahiblənsinlər. Həmçinin qeyd edək ki, bu proseslərdə yalnız Türkiyə açıq şəkildə Azərbaycana dəstək verirdisə, artıq bu dəstəyi də itirmək üzrəyik. Belə ki, Türkiyənin özündə siyasi proseslər kifayət qədər gərginləşib və
onların faktiki təsir etmə imkanları yoxdur. Bu isə qarşı tərəflərin aktivləşməyinə yol açır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24