Müxalifət Mehman Əliyevin timsalında bir daha ifşa olundu
11:30 25-01-2014
İQTİSADİYYAT
Müxalifət Mehman Əliyevin timsalında bir daha ifşa olundu
Gizli telefon danışığının audioyazısı ölkəni silkələdi;
Azərbaycanda inqilab hazırlığı adı altında ermənilərlə işbirliyi
Dünən bütün ölkəni şoka salan daha bir olay yaşandı. “Turan” İnformasiya Agentliyinin rəhbəri, Milli Şura üzvü Mehman Əliyevin ermənilər tərəfindən maliyyələşdiyi bildirilən fond təmsilçisiylə telefon danışığının audioyazının yayılması bir çox həqiqətləri yenidən təsdiqlədi. Bir daha sübut olundu ki, adına müxalifət deyən bəlli qüvvələr hakimiyyətə gəlmək üçün hətta ermənilərlə belə əməkdaşlığa getməyə hazırdır.
Qeyd edək ki, yayılmış audioyazıda özünü Yevgeni kimi təqdim edən ABŞ fondunun təmsilçisinin ermənilərlə sıx əlaqədə olduğu və erməni diasporunun təsiri altında olduğu bildirilir. Audioyazıda söhbət özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xəqani Hüseynov arasında gedir. Həm Mehman Əliyev, həm də Xəqani Hüseynov faktı təsdiq edərək, audioyazıdakı səslərin onlara məxsusluğunu etiraf ediblər.
Yevgeni danışığı boyunca Azərbaycanda inqilab və hakimiyyət dəyişikliyi üçün maliyyənin ayrılmasından, bunun qrant layihəsi adı altında həyata keçirilməsinin vacibliyindən bəhs edir. Mehman Əliyev isə acizanə şəkildə ondan soruşur ki, “bütün bunları etmək üçün bizdən nə tələb olunur?”.
“Unikal” qəzeti olaraq oxucularımız tərəfindən maraqla qarşılanacağını nəzərə alaraq həmin qalmaqallı audioyazının stenoqramını olduğu kimi dərc edirik:
Yevgeni: Mən indicə Vilnüsdan qayıtmışam. Orada “Freedom House” təşkilatının Mərkəzi və Şərqi Avropa üzrə direktoru ilə görüşmüşəm. Maraq çox ciddidir, belə deyək, Azərbaycan Respublikası üzrə yardım olacağına dair təminat var. Cənubi Azərbaycan üzrə isə hələ düşünürlər, güman ki, müsbət cavab olacaq. Azərbaycan Respublikası ilə bağlı yardım uzunmüddətli olacaq. Onlar növbəti prezident seçkilərinədək işləmək niyyətindədirlər, yəni proqram 5 il üçün nəzərdə tutulur. Yanvarın 6-da Vilnüsdə “Freedom House” rəhbərliyinin iclası keçiriləcək. Orada yaxın bir il üçün proqram müzakirə olunacaq. Xaqani tərəfindən hazırlanan və onun iştirakı ilə Azərbaycan üzrə proqram 90 faiz təsdiq olunacaq. Əgər belədirsə, onda yanvarın sonunadək layihələri və konkret təklifləri hazırlamaq lazım olacaq. Yəni onlar tez işləyir. Əgər ayın 6-da onlar qərar qəbul edirsə, ayın 30-da artıq proqramın büdcəsini təsdiq etmək istəyirlər. Onlar insanların zərbə altına qoyulmaması, həbs edilməməsi üçün layihələrin bir hissəsini təhsil proqramı adı altında həyata keçirmək istəyirlər. Bizdə - Ukrayna ərazisində müxtəlif təlim seminarları, treninqlər, məktəblər təşkil etmək nəzərdə tutulur. Çünki bura giriş vizasızdır, dəhliz, logistikanı təşkil etmək asandır. Bu səfərlər elə təşkil olunacaq ki, guya insanlar işlərinin dalınca, dincəlməyə və digər məqsədlərlə gəlirlər. Burada isə artıq məktəbə toplaşacağıq, seminarlar təşkil edəcəyik.
Mehman Əliyev: Başa düşdüm, ancaq yenə söhbət etmək lazımdır.
Yevgeni: Bəli. Daha hansı layihələrin təklif olunacağını detallı şəkildə müzakirə etmək lazım olacaq. Hələlik siyasi baxımdan mənzərə haqda danışa bilərəm. Onlar Azərbaycanla bağlı ehtiyatlıdırlar. Məsələn, əgər Ukraynada Yanukoviç rejimini devirmək istəyənlərə kömək etməkdə qətidirlərsə, mənzərə sadədirsə, Azərbaycandakı durumu onlar daha mürəkkəb görürlər. Çünki burada 3 tərəf var: hazırkı rejim, demokratik müxalifət və radikal islamçılar. Onlar rejimi yıxmaqdan qorxurlar ki, birdən İranın nəzarət etdiyi radikal islamçılar üzə çıxa bilər. Onlar çox qorxur, çünki onlar artıq Suriyada, Misirdə yanıblar. Orada demokratik inqilabı dəstəkləyiblər, bundan isə faktiki radikal islamçılar yararlanıblar. Ona görə də onlar Azərbaycanda belə bir variantdan qorxurlar və asta, tələsmədən məhz Qərbmeylli, demokratik müxalifətlə işləməyə hazırdırlar. Məqsədləri o deyil ki, rejimi vakuuma salsınlar, elə alınmasın ki, Əliyevin yıxılmasına kömək etsinlər, radikal islama alternativ yoxdur. Onlar bu variantdan çox qorxurlar. Öz arqumentlərinizi düşünün ki, Azərbaycanda bu cür təhlükənin minimal olduğunu necə sübut edəcəksiniz. Çünki bu, proqramın təsdiqi zamanı veriləcək ilk suallar olacaq.
Mehman Əliyev: Başa düşdüm, yaxşı. İlk növbədə indi bizdən nə tələb olunur?
Yevgeni: Bilavasitə kömək edə biləcək təşkilatlar, özünü “yandırmaqdan” qorxmayan fiziki şəxslər, hesablar. Bu, təhsil, insan haqlarının müdafiəsi kimi “vegetarian” proqramlar olacaq. Lakin aydındır ki, bütün bunlar təqib olunacaq. Fikirləşin ki, sizdə hansı qurumlar bu cür yardımı leqal qəbul edə biləcək.
Mehman Əliyev: Yardım hansı şəkildə nəzərdə tutulur?
Yevgeni: Bu, qrant layihələri formasında olacaq.
Sonra Mehman Əliyevdən soruşulur ki, bu məsələləri telefonda müzakirə etmək onun üçün rahatdırmı? M. Əliyev isə bildirir ki, rahat deyil. Onlar söhbəti İnternet vasitəsi ilə növbəti gün davam etdirmək haqda razılaşırlar.
Hesab edirik ki, baş vermiş hadisənin geniş şərhə belə ehtiyac yoxdur. Hər şey göz önündədir və bütün bunlar ölkə müxalifətinin Mehman Əliyevin timsalında yenidən ifşasından başqa heç nə deyil. Azərbaycan xalqı isə həmin xəyanətkar qüvvələri çoxdan tanıyır, bu fakt onlara yeni heç nə deməsə də, yaddaşların təzələnməsi baxımdan olduqca vacibdir. Axı həm Mehman Əliyev, həm də müxalifətin digər təmsilçiləri özlərini xalqa mələk cildində təqdim etməyi çox xoşlayırlar...
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17