Yanukoviç devrilir
11:37 25-01-2014
CƏMİYYƏT
Yanukoviç devrilir
Ukraynada gərginlik pik həddə: üç vilayətin ardından nazirlik binası da ələ keçirildi!
Ukraynada prezident Viktor Yanukoviçlə müxalifət liderləri Vitali Kliçko, Arseni Yatsenyuk və Oleq Tyaqnibok arasında yanvarın 23-də keçirilmiş görüşün təfərrüatları bəlli olub. Dörd saatdan artıq çəkən danışıqlarda Viktor Yanukoviç etiraz aksiyalarına qüvvə tətbiq olunmayacağına, tutulan mitinqçilərin üç gün ərzində azadlığa buraxılacağına söz verib.
Başqa bir razılaşmaya görə, mübahisəli qanunların ləğvi məsələsi Ali Radanın 28 yanvar iclasının gündəliyinə salınacaq. Müxalifət isə aksiyaların dinc məcrada davam etməsinə boyun olub.
Ötən il noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina etdikdən sonra Kiyevdə davamlı etiraz aksiyaları keçirilir. Yanvarın 15-dən Ukrayna paytaxtının mərkəzində etiraz aksiyalarının keçirilməsini qadağan edən məhkəmə qərarı açıqlanıb. Yanvarın 21-də isə Ukraynada kütləvi tədbirlərin keçirilməsi şərtlərini ağırlaşdıran və internetdə hakimiyyət əleyhinə çağırışlara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunlar paketi dərc olunaraq qüvvəyə minib. Qanunlar Ukrayna parlamentində yanvarın 16-da qəbul olunub və müxalifətin kəskin müqaviməti ilə üzləşib.
Yanvarın 19-dan paytaxt Kiyevin küçələrində müxaliflərlə hökumət qüvvələrinin toqquşması gedir. Yanvarın 23-də Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, son dörd gündə 254 milis işçisi yaralanıb, onlardan 104-ü xəstəxanaya yerləşdirilib. Mitinqçilər arasında 72-si xəstəxanalıq olan 157 yaralının olduğu bildirilir. Bəzi məlumatlara görə, Kiyevdə müxalif fəallarla hökumət qüvvələri arasında qarşıdurmalarda 5 nəfər həlak olub.
Hazırda Ukraynada siyasi gərginlik bölgələri də əhatə edib. Rovno, Ternopol və Lvovda vilayət administrasiyasının binaları etirazçıların əlinə keçib.
Son məlumata görə, Kiyevdə mitinqçilər müxalifət liderləri ilə prezidentin 23 yanvar görüşündə əldə olunmuş razılaşmaları qəbul etmirlər. Dünən gecə aksiyaçılar Aqrar Siyasət və Ərzaq Nazirliyinin binasını tutublar.
Lvovda etirazçılar
“Berkut”un və daxili
qoşunların bazalarını mühasirəyə aldı
Dünən verilən məlumata görə, Ukraynanın Lvov şəhərində müxalifət tərəfdarları “Berkut” xüsusi təyinatlı bölmələrin və daxili qoşunların bazalarını mühasirəyə alıblar. UNİAN-ın verdiyi məlumata görə, müxalifət fəalları həmçinin ələ keçirdikləri Lvov vilayəti dövlət inzibati binasını da gün ərzində nəzarətdə saxlayırdılar.
Etirazçılar yerlərdə Xalq Şuraları formalaşanadək inzibati binadan çıxmayacaqlarını bəyan edib.
Çerkassı vilayət
şurasının binasını ələ
keçirməyə cəhd
edən 50-dən çox
adam saxlanıldı
Ukraynanın Çerkassı şəhərində vilayət şurasının binasını ələ keçirməyə cəhd edən 50-dən çox adam saxlanılıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Srağagün axşam saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Çerkassı vilayət şurasının binasını azad ediblər. Kütləvi iğtişaşlara görə 58 nəfər saxlanılıb.
ABŞ-dan Yanukoviç
rejiminə sanksiya şoku
Ukrayna prezidenti Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyasının iki deputatı - Vladimir Oleynik və Yelena Bondarenkonun ABŞ-a girişinə qadağa qoyulub. Bunu Ukraynanın mərhum jurnalisti, 2000-ci ildə qətlə yetirilmiş Georgi Qonqadzenin ABŞ-da yaşayan həyat yoldaşı Miroslava Qonqadze özünün “Facebook” səhifəsində yazıb.
“Bu, artıq rəsmi qərardır - Oleynik və Bondarenkonun Amerikaya girişi yasaqlanıb. Klyuyev (Müdafiə və Təhlükəsizlik Şurasının sədri) də sual altındadır”, deyə o, bildirib.
Qeyd edək ki, V. Oleynik və Y. Bondarenko yanvarın 16-da Ali Radada kütləvi qarşıdurma şəraitində əl qaldırmaq yolu ilə qəbul olunmuş mürtəce qanun dəyişikliklərinin müəllifləridir.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın Kiyevdəki səfirliyi ötən ilin noyabrında və dekabrında Müstəqillik meydanındakı nümayişçilərə qarşı güc tətbiqində əli olan bəzi məmurların ABŞ vizalarını ləğv edib. Bu şəxslərin adları açıqlanmayıb.
Avropa Birliyi isə hakimiyyət və müxalifət arasındakı dialoqa dəstək məqsədilə xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissar Ketrin Eşton və genişlənmə, Avropa qonşuluq siyasəti üzrə komissar Ştefan Füleni Kiyevə göndərmək qərarına gəlib. Ş. Füle yanvarın 24-25-də, K. Eşton isə gələn həftə Ukraynada səfərdə olacaq.
Yeni prezident
Kliçko olacaq?
Ötən ilin sonunda başlayan və bu günlərdə ən qızğın dövrünü yaşayan “Maydan” hərəkatı Yanukoviçin devrilməsi ilə müşayiət oluna bilər. Bu barədə Qərbin bəzi ekspertləri təxminlər irəli sürürlər.
Onların fikrincə, artıq proseslər məcrasından çıxıb və hazırki hakimiyyətin yıxılması ilə sonlanacaq. Ukraynada post-Yanukoviç dönəminə ən ciddi namizəd isə hazırda istər ölkədə, istərsə də ondan kənarda nüfuzu hədsiz yüksək olan Vitali Kliçko göstərilir. Uzun illər boks rinqlərində Ukrayna xalqının qüruru olan Vitali Kliçko bu dəfə siyasi arenada parlamağa başlayıb. Hazırda “Maydan” hərəkatının faktiki lideri olan Kliçkonun siyasətə qarışması Ukraynadakı “Narıncı inqilab” zamanı başlayıb. 2004-cü il prezident seçkilərində Kliçko qardaşları açıq şəkildə Viktor Yuşşenkonun namizədliyini dəstəkləyirdi.
Bunun məntiqi nəticəsi olaraq, 2005-ci ildə o prezident Yuşşenkonun məsləhətçisi təyin olunur. Prezidentin məsləhətçisi olan keçmiş boksçu həm də Kiyev meri seçilmək arzusuna düşür. 2006-cı ildə keçirilən mer seçkilərində Kliçko 23,7 % səs toplamaqla, Leonid Çernovetskiyə uduzur. 2008-ci ilə keçirilən növbədənkənar seçkilərdə Vitali Kliçko yenidən namizədliyini irəli sürdü. Ancaq bu dəfə nəticə daha aşağı oldu: 205 316 nəfər seçici və 17,97 % səs.
Həmin il həmçinin, Kiyev şəhər Şurasına seçkilər baş tutur. Kliçko bu dəfə də uğursuzluğa düçar olur. Onun Ukrayna Xalq hərəkatı, “Avropa paytaxtı” və Ukrayna sosial-demokrat partiyalarından ibarət bloku seçkilərdə yalnız 10,6 faiz səslə kifayətlənir. Bu nəticədən sonra, siyasi blokdan istefalar başlayır. Ukraynanın nüfuzlu simalarından olan L.Partsxaladze, D.Andriyevskiy, P.Deminskiy, A.Mirqorodskiy və İ. Plaçkov da Kliçkonun blokundan gedənlərin arasında idi. Kliçko özü də siyasi fəaliyyətinə fasilə verərək, 4 ildən sonra yenidən rinqə çıxdı.
2010-cu ilin 24 aprelində Vitali Kliçkonun rəhbərlik etdiyi “Yeni ölkə”(“Nova Krayna”) partiyasının adı dəyişdirilərək, UDAR (Ukrainskiy Demokratiçeskiy Alğəns za Reformı) olur. Cəmi 2 il sonra keçirilən parlament seçkilərində bu partiya 42 mandat qazanmağı bacarır. Kliçkonun özü isə Ali Radanın dövlət quruculuğu və yerli özünüidarəetmə komitələrinin üzvü, həmçinin UDAR fraksiyanın rəhbəri olur. Kliçko və onun partiyası Ali Radada bir sıra aktual məsələləri qaldıraraq, əsas müxalif qüvvəyə çevrilməyə çalışır. UDAR fraksiyasə Kiyevdə yaşayış binalarının qanunsuz özəlləşdirilməsinə qarşı çıxır. Kliçko parlamentdəki çıxışlarında dövlət məmurlarının bu satışlardan qanunsuz gəlir əldə etməkdə günahlandırırdı. Onun siyasi platformasında uşaqlar xüsusi yer tutur. Partiya ölkədə uşaq baxçalarının bağlanmasına və satışa çıxarılmasına kəskin etirazını nümayiş etdirir.
2013-cü ilin 19 aprelində isə UDAR fraksiyası Ali Radada növqəti qalmaqalla yadda qalır. Kliçkonun tərəfdarları Baş Nazir Nikolay Azarovu istefaya göndərməyə cəhd edir. Lakin Vitali Kliçko bu vaxt Almaniyada idi. O, Varştayn şəhərindəki pivə zavodunda oturub, “Mersedes Benz” in yeni markalarının təqdimatını izləyirdi.
Siyasətdə
“yumruq gücü”
Məlum olduğu kimi, Ukrayna Ali Radasında millət vəkilləri yumruq davalarına çıxmağı xoşlayır. Boks əfsanəsi isə çox vaxt bu davaları kənardan izləməklə kifayələnməli olur. Yalnız bir dəfə Kliçkonun fraksiyası Kiyev şəhər Şurasında iclasın qanunsuz hesab olunması tələbi ilə tribunanı zəbt edir. Kliçko özü tribunada durmuşdu. Blokadanı yarmaq istəyən L.Çernovetskinin blokuna kömək üçün “Regionlar” partiyasından olan millət vəkilləri də gəlir. Onların arasında bosketbol üzrə dünya və olimpiya çempionu Aleksandr Volkov və güləş üzrə dəfələrlə dünya və olimpiya çempionu adını qazanmış Elbrus Tadeyev da vardı. Lakin onların heç biri Vitali Kliçkonu tribunadan itələyə cəsarət etmir.
2010-cu ildə Kiyev meri uğrunda seçkilər ərəfəsində hazırkı prezident Viktor Yanukoviçin komandası Kliçkoya əməkdaşlıq təklif edir. “Regionlar” partiyası seçkilərdə onun namizədliyini dəstəkləmək istəyirdi. Kliçkonun bu təklifə cavabı isə qəti olur: “Mən paytaxtın meri seçilmək istəyirəm, təyin olunmaq yox”
Siyasi ambisiya
Mer seçilə bilməyən Vitali Kliçko 14 avqust 2013-cü ildə Ümumdünya Boks Şurasının rəhbəri Xose Süleymanla görüşündə bildirdi ki, qarşıda gələn seçkilərdə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. Lakin, o vaxt siyasi ekspertlər 2015-ci ildə keçiriləcək seçkilərdə onun şansını elə də yüksək qiymətləndirmirdi. Ölkədə keçirilən sorğularda seçicilərin yalnız 15-20%-i prezident seçkilərində Kliçkoya səs verəcəklərini açıqlamışdı. Ötən ilin noyabrında başlayan “Maydan” hərəkatı isə Kliçkoya gözlənilməz fürsət yaratdı. Avrointeqrasiya tərəfdarlarının başladığı etiraz aksiyası məşhur boksçunu əsas müxalifət liderinə çevrilməsi ilə nəticələndi. Qərbpərəst mövqeyinə görə, Kliçko bir sıra Avropa ölkələri tərəfindən də prezidentliyə ən layiqli namizəd hesab olunur.
Qərbin sevimli
siyasətçisi
“Maydan” hərəkatı başlayan gündən xalqın dəstəyini qazanan xarici siyasətçilərində əsas tərəf müqabilinə çevrilməsi aydın sezilir. Hərəkatın ilk günlərində, 2013-cü noyabrında Kliçko Fransanın Xarici İşlər Naziri Laron Fabiusla məsləhətləşmək üçün 2 dəfə Parisə dəvət olundu. Ukrayna xalqı ilə həmrəy olduğunu göstərmək üçün bu ölkəyə gələn Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və Moldovanın keçmiş Baş naziri Vladimr Filatın da məhz Kliçko ilə görüşməsi, onunla birlikdə Müstəqillik Meydanına gəlməsi artıq keçmiş boksçunun siyasi liderliyinin əksəriyyət tərəfindən qəbul olunduğunu göstərir. Bundan başqa, Almaniya kansleri Angela Merkelin yaxın ətrafının da Kliçko ilə bir neçə görüşü olub.
Bütün bunlar onu deməyə əsas verir ki, məşhur boksçu artıq Avropada təkcə müxalifətin lideri kimi yox, Ukraynanın gələcək rəhbəri kimi də qəbul olunub.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24