Ədəbiyyatda məhək daşı Səməd Vurğun olan şair
11:39 25-01-2014
CƏMİYYƏT
Ədəbiyyatda məhək daşı Səməd Vurğun olan şair
Ehtiram İlhamın 45 yaşı tamam oldu
Yanvarın 23-də istedadlı şair, ləyaqətli vətəndaş Ehtiram İlhamın 45 yaşı tamam olub.
1988-ci ildə başlayan Meydan Hərəkatı 80-ci illərdə ədəbiyyata gələn bir çox gənclər kimi, onun da həyatından təsirsiz ötüşməyib. Məmməd İsmayılın "Gənclik" ədəbi birliyindən başlayan yol onu meydanlara, mitinqlərə, siyasi mübarizəyə çəkib gətirib.
Uzun illər aktiv ictimai-siyasi proseslərin içərisində olması ədəbi yaradıcılığına təsirsiz ötüşməsə, onun daha geniş miqyasda şair kimi populyarlığına mane olsa da, Ehtiram İlhamın bir qazancı var: yaşamı ilə yaradıcılığının, Sözü ilə Əməlinin, Qələmi ilə Vətəndaşlığının bir-birini tamamlaması, bir-birinə uyuşması!
İki şeir kitabı var və qəribədir ki, onların hər ikisindən imtina edib. Səbəbini belə izah edir: "Birinci şeir kitabıma Məmməd İsmayıl, ikinci kitabıma Akif Səməd ön söz yazıb. İndi 45 yaşım var və yeni kitab haqqında düşünürəm. O kitabdakı şeirlərin əksəriyyəti "Meydan" havasıyla yazılıb və indi çox şeirlərimi bəyənmirəm. Ədəbiyyatda mənim məhək daşım Səməd Vurğun olub".
Bir müsahibəsində onu da deyir ki: "Özünü yaradıcı insan hesab edən hər kəsin öz ədəbi taleyi olur. Ədəbi taleyi hər bir insan öz şəxsi taleyi kimi, özü qazanır. Xüsusilə poeziya, könül məsələsidir, ürək məsələsidir. Mən başa düşə bilmirəm ki, insan hər gün necə şeir yaza bilər. Gündəlik yazılar, nəsr yaradıcılığı bura aid deyil. Mən hər zaman içimdən gələni yazmışam. Dostlarımız çox ciddi ədəbiyyatla məşğuldur, fəaliyyətlərini davam etdirir. Mənim üçün ədəbiyyat məni yuxudan oyadıb yazdıran bir məsələdir. Küçədə gedərkən siqaret qutusuna yazdıqlarımdır mənim ədəbiyyatım. Mən bu məqamları özüm də bilmirəm. Bir tələbə yoldaşım vardı, həftənin günlərini bölmüşdü. Bir gün məhəbbət şeirləri yazırdı, bir gün poema yazırdı. Məncə şeirə bu cür yanaşmaq səhvdir. Nəsr ağır işdir, hər gün yazılmalıdır. Şairlik insanın həyat tərzidir".
Ehtiram İlham fəxr edə bilər ki, o şairliyi həyat tərzi kimi yaşayır, ruhunda daşıyır, iddiadan uzaq, şöhrətdən kənar.
45 yaşının tamam olması münasibəti ilə Ehtiram İlhamı təbrik edir, ona uzun ömür, can sağlığı, yaradıcılığında uğurlar, bir də arzuladığı Azərbaycanda yaşlanmağı diləyirik.
***
Dost təbrikləri!
Vasif Süleyman, şair:
Ehtiram İlham -45. Mən bir az da artıq deyərdim. Çünki o bütün yaşam və yaradıcılıq tərzi ilə bizi kimi uşaq ömrü keçirməyib. Elə bütün ömrünü ağır oturub batman gəlib. Onun bütün yaşantıları ürəyinin hökmüdür. Özü demiş:
Bir sevgi qəlbimdə dilə gəlibdi,
Yanğısı dindirib sözü, ilhamı.
Bax, bu vərəqlərə köçürülübdür,
Mənim ürəyimin kardioqramı.
Ürəyinin kardioqramının qadasın alım. Çox gözəl kardioqramın var. Nə cür desən xəstəlik daşıyır: Bu milləti həmişə ucada görmək "xəstəliyi", SÖZü Yaradanın ilk əsəri bilmək "xəstəliyi", Yaxşıları qorumaq "xəstəliyi" və s.
Mübarəksən, dərdiş!
Əyyub Qiyas, yazıçı:
Ehtiram İlhamın 45 yaşına!
Bu qədər adam içində
Ən doğma bəndə qardaşım...
Ruhum sənin hüzurunda
Daim güvəndə, qardaşım...
Çox sınaqlar gəlib başa,
Çox arzular çıxıb boşa...
Səndən əvvəl 45 yaşa
Çatmışam mən də, qardaşım.
Su kimi safdı ürəyin,
Açıq kitabdı ürəyin...
Bilməm nə tapdı ürəyin,
Nə tapdı məndə, qardaşım?!
Həmid Ormanlı:
Ehtiramı tanıyanlar təsdiq edərlər: Danışanda, danışmağa hazırlaşanda içindən uğultulu bir səs gəlir. Ehtiramın içinin səsidir. Ehtiramın içinin uğultulu səsi..! Şıkkıltılı, tıkkıltılı, cingiltili yox, haa, məhz uğultulu. Dərindən gələn böyük səs anlamında uğultu deyirəm. Bəli, Ehtirmın işi (missiyası) kimi içi də böyükdür. Ço-ox böyük..! Ehtiramın içinin səsi mənə kəndimizdəki səsi qulağımdan getməyən enerji generatorunu xatırladır. Ehtiramın içinin "generatoru"nun səsi gəldimi bil ki, Səni ovudacaq, ölümünə duyğulandıracaq , Sənə güc verəcək təzə bir söz deyəcək. Elə bir söz ki, o sözə hamımızın ehtiyacımız var. O, sözlərin məndə yaratdığı duyğular məni çox yetişdirib, mənə çox şeylər qandırb. Cıqqıja da irəli gedirəm, guya təkcə mənəmi? Əsla. Çoxlarına. Bütün bunlara görə sağ ol Ehtiram. Özün bilirsən ki öyrənmək Səni-məni kimi adamlara, könül sahiblərinə çox xoşdur . Nə yaxşı ki, baxtıma çıxan bir öyrətmənim də sən olmusan.
...Tanrı köməyində dursun, dərdiş. Tək diləyim odur ki, Uca Yaradan yaradanın yaradılana verdiyi payda Səni və Sənin kimi ağır-abır, istedad və könül yiyələrini unutmasın. O biri dünyamızsa, hesabla lap yaxşı olmalıdır (inşallah). Yəqin ki, mürşüdüm Akif Səməd o dünyada səliqə-səhman yaradıb bizi gözləyir. Bax, o böyük, dadlı buluşmaya hazır olmalıyıq.
Ulu Tanrı o dünyaya, sevdiklərimizin yanına üzü ağ, alnı açıq getməkdə yar və yardımçımız olsun. Hələlik bu qədər. Yazmaq istədiyim çox şeylər olsa da, sözü uzatmaqdan qorxdum.
***
Türk dəliqanlısı
Ehtiram şəxsi keyfiyyətləri şeirlərini, şeirləri şəxsi keyfiyyətlərini tamamlayan, özü və sözü bütöv bir qələm adamıdır. Məndən fərqli olaraq o, ixtisasca filoloqdur və insafən ədəbiyyatımızı, onun özəlliklərini elm olaraq yüksək səviyyədə mənimsəmiş bir müəllim işləməyən müəllimdir. İxtisasca filoloq olan şairlərin hərdən zəif şeirlər müəllifi qismində çıxış etmələri məni rahatsız eləyən bir məsələdir. Həmişə düşünmüşəm ki, axı onlar illərlə ədbiyyatdan dərs alıblar, nəyin yaxşı, nəyin pis olmağını mənim kimilərə nisbətdə daha yaxşı bilməlidilər. Xoşbəxtlikdən Ehtiramın üzərə çıxardığı şeirlər haqqında belə-belə şeylər düşünmək zorunda qalmamışam. O, özünə görə istedad sahibidir və bu istedadının son nəticəsi olan şeirlərini təvazökarlığı, etirafları və iddiası qarışıq səmimiyyətlə ortaya qoya bilir. Ehtiramın şeirlərini oxuyarkən, bu şeirlərin arxasında qəlbi milliyyətçiliklə, vətənçiliklə, həqiqətpərəstliklə döyünən bir türk dəliqanlısının dayandığını həmişə duymuşam. İnanmışam ki, bu şeirlər şeir yazmaq xətrinə yox, yazılmaması mümkün olmadığına görə yazılıb. Hesab edirəm ki, əsl şeir əvvəlcə ürəkdən qələmə, sonra qələmdən kağıza yol gəlməlidi. Amma hər ürəkdən hər qələmə, hər qələmdən hər kağıza gələnə də şeir demək olmur. Şeir bəsləyən ürək mübarək duyğularla döyünməli, şeir yazan qələmin mürəkkəbi halallıqla qazanılmalı, şeir yazılan kağızın urvatı uca tutulmalıdı.
Mən Ehtiramı təkcə özünün qələmindən çıxanlarda deyil, eyni zamanda ümumiyyətlə poeziyaya münasibətində poeziyanı şərtləndirən bu ciddi dəyərlərin qovşağında görmüşəm həmişə. Müəllifinin kimliyindən asılı olmayaraq(şəxsiyyətinə önəm vermədiyi şairlər qarışıq) onun əsl şeirlə rastlaşanda necə duyğulandığının, o şeiri birnəfəsə necə əzbər söyləməsinin şahidi olmuşam dəfələrlə. Bu mübarək keyfiyyətləri özündə cəm eləməsi mənə elə gəlir Ehtiram haqqında hər şeyi deyir.
İbrahim İlyaslı,
şair
***
Ehtiram İlham
Atam balası
(Oğlum Atilaya)
Ürəyim atdanır adı gələndə,
Başımda dolaşır neçə yol gündə.
Necə mən sevirəm, elə sev sən də.
Hər yerdən əzizdir, atam balası.
Başdan aşar dövləti də, varı da,
İlqarı da düzdür, etibarı da,
Dağ havası kimi - adamları da,
Durudur, təmizdi, atam balası.
Əvvəli beşikdi, sonu qəbirdi,
Sevilməli yerdi, sevməli yerdi.
Özü səccadədi, qiblədi, pirdi,
Ocaqdakı közdü, atam balası.
Haqdan nazil olan səsdi, avazdı,
Tanrılar əlinə yaraşan sazdı,
Ona can verməyə bir ömür azdı,
Azdı, yaman azdı, atam balası.
Ehtiram "can" deyər gözüyumulu,
Çatlayar dodağı, ballanar dili,
Ulu türk ulusu, əski türk eli,
Cılxa bir oğuzdu, atam balası,
Burası Tovuzdu, atam balası.
Əzabkeş qadın
Məni istəmirəm bağışlayasan,
Sənə zülüm verdim, əzabkeş qadın.
...Özgələri biçdi mən əkdiyimi,
Əməlim qaradır üzümlə birgə
Dağ da çəkəmməzdi mən çəkdiyimi
Sənə də çəkdirdim özümlə birgə -
Məni istəmirəm bağışlayasan.
Çığıra-çığıra qalmışam daha
Ortada dolaşan bir dəli kimi
Qurban ürəyinə, batma günaha
Bütün suçlarımın bədəli kimi
Məni istəmirəm bağışlayasan.
Hər şeydə özümü unutdum deyin
Az qala yadımdan çıxmışdı adım
Əzab yuvasıymış sənin ürəyin,
Sənə zülüm verdim əzabkeş qadın,
Məni istəmirəm bağışlayasan!
Sənə çəkdirdiyim ölüncə bəsdir,
Ölərsəm dərd daşı batsan da yaşa
Bunu son sözüm bil, həvəsdi-bəsdi
Göydə Allahımız bağışlasa da,
Məni istəmirəm bağışlayasan.
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24