Ordudakı durum düzəlmir
11:45 28-01-2014
CƏMİYYƏT
Ordudakı durum düzəlmir
Orduda intiharların və özünəqəsdlərin sayı artır
"Prezident seçkilərindən sonra hakimiyyətin yuxarı eşalonunda baş verən dəyişikliklərdən cəmiyyətin ən çox razı qaldığı keçmiş müdafiə naziri Səfər Əbiyevin vəzifəsindən götürlməsi oldu" desək, zənnimizcə, mübaliğəyə yol vermərik.
Çünki onun rəhbərliyi dönəmində orduda intiharlar, korrupsiya halları, əsgərlərin döyülməsi və təhqir edilməsi daha da çoxalmışdı. Və cəmiyyət hesab edirdi ki, yeni müdafiə naziri Zakir Həsənovun bu posta gəlişi bu kimi biabırçılıqlara son qoyacaq. Lakin belə olmadı. Son günlər ərzində ordu hissələrində dalbadal baş vermiş intiharlar, özünəqəsdlər bundan xəbər verir ki, sistemin daxilində ciddi problemlər var və birinci şəxsin dəyişdirilməsi problemi həll etməyəcək.
Yayılmış məlumata görə, ölkədə daha bir əsgər özünü güllələyib. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağrılmış əsgəri Həbib Bəxtiyar oğlu İsmayılov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
Müstəqil hərbi ekspert Üzeyir Cəfərov "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Ordudakı bütün bəlalar oradan irəli gəlir ki, yeni müdafiə naziri Zakir Həsənovun iş metodu əvvəlki nazirin iş metodundan qətiyyən fərqlənmir. Cəbhədə əsgərlərimiz, zabitlərimiz şəhid olur, Zakir Həsənov isə Brejnyev kimi medal paylamaqla məşğuldur".
Ekspertin sözlərinə görə, "Zakir Həsənov müdafiə naziri kimi fəaliyyətə başlayandan sonra bu qurumu "qohumlar nazirliyi"nə çevirməyə başlayıb. Hazırda nazirlikdə Zakir Həsənov-Nəcməddin Sadıqov-Vahid Əliyev alyansı yaranıb və bu nazirlik ordudakı və cəbhədəki vəziyyəti ölkə rəhbərliyindən gizlətməklə məşğuldur. Lakin bu fənd işləməyəcək. Biz ordudakı biabırçı durumla bağlı ölkə rəhbərliyinə müraciət hazırlayırıq və bu sənəddə bütün faktları aşkarlayacağıq".
Millət vəkili Aydın Mirzəzadənin "Unikal"a söylədiyinə görə, "Ordu spesifik rejimdə işləyən bir qurum olduğuna görə burada istisna faktların qeydə alınması təbii və qanunauyğundur. Çünki ordu heyəti yaranmış situasiyaya görə daim silahla və hərbi texnika ilə davranmalıdır. Təəssüf ki, bu cür təmaslar bəzən faciə ilə nəticələnir. Dünyanın bütün ordularında bu cür faciəli hadisələr qeydə alınır. Bu baxımdan Azərbaycan ordusu da istisna deyil. Bir faktı da nəzərə alaq ki, ordumuz hazırda müharibə vəziyyətindədir. Xüsusən də son günlərdə Ermənistanın təmas xəttində törətdiyi təxribat üzündən cəbhədə vəziyyət xeyli gərginləşib".
Millət vəkilinin sözlərinə görə, "Azərbaycan ordusunda bütün əsgərlərimiz üçün bərabər şərait yaradılıb. Əsgərlərin qidalanmağı, zabitlərin onlarla davranışı yüksək səviyyədədir. Əsgərlər vaxtlı-vaxtında məzuniyyətə buraxılır. Yəni ordumuzda ideal şərait yaradılıb. Bununla belə, bir daha qeyd etməliyəm ki, bədbəxt hadisələrdən heç bir ordu sığortalanmayıb".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24