Şeyx məmurlara barmaq silkələdi
12:29 29-01-2014
İQTİSADİYYAT
Şeyx məmurlara barmaq silkələdi
Allahşükür Paşazadə imam və axundlardan hər həftə yazılı hesabat tələb edəcəyini bəyan etdi
Məlum olduğu kimi son vaxtlar ölkəmizdə qeyri-ənənəvi dini cərəyanların nəzərəçarpacaq dərəcədə güclənməsi müşahidə olunur. Azərbaycanda milli-dini tolerantlığın ən yüksək səviyyədə olması hətta nüfuzlu beynəlxalq qurumların hesabatlarında belə dəfələrlə etiraf olunub. Doğurdan da bu gün ölkəmizdə ən müxtəlif dini cərəyanlar və icmalar sərbəst şəkildə fəaliyyət göstərir. Amma həmin icma və cərəyanların heç də hamısının ölkə qanunlarına müvafiq fəaliyyət göstərdiyini iddia etmək mümkün deyil.
Son günlər bəlli dini təriqətin təsiri altında döyüşmək üçün Suriyaya yollanan azərbaycanlı gənclərin ölüm xəbərlərinin intensivləşməsi isə bu sahədə ciddi nəzarətin həyata keçirilməsinin vacibliyini ortaya qoyur. Elə gün olmaz ki, Suriyada hansısa soydaşımızın öldürülməsi xəbərini ürək ağrısı ilə oxumayaq. Onların içərisində hətta azyaşlıların belə olması isə problemin nə qədər ciddi olduğunu ortaya qoyur. Məsələn, bu günlərdə 14 yaşlı azərbaycanlının Suriyada öldürülməsi faktı da bunun bariz nümunəsi sayıla bilər.
Vəziyyətin artıq az qala idarəolunmaz həddə çatması isə dövlətin müvafiq orqanlarını xüsusilə də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin prosesə müdaxilə etməsini şərtləndirirdi. Məhz bu baxımdan ötən gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin düzənlədiyi tədbir ölkədə böyük maraqla izlənildi. O, son vaxtlar Suriya və başqa ölkələrə şəhadət arxasınca gedənlərlə bağlı Azərbaycandakı məscidlərdə imamlar və axundlar qarşısında tələb qoyub. Şeyxülislam bildirib ki, ölkədə şəhadətlə bağlı yanlış təsəvvürlər formalaşıb, bu məsələdə məscidlərdə moizə oxuyan axund və imamların da üzərinə böyük məsuliyyət düşür:
“Bizim əsl şəhadət yerimiz olan Qarabağ qalıb kənarda, insanlarımız başqalarının çağırışlarına uyub başqa yerlərə gedirlər. Hara baxır bizim imam və axundlar? Mən bu gündən onlardan hər həftə yazılı hesabat tələb edəcəyəm! Axund və imamlarımız moziələrində əsl şəhadəti, şəhidliyi izah edərək insanlarımızı bu yollardan çəkindirməlidirlər. Onlar mənə yazılı hesabat verəcəklər!”
Daha sonra isə Şeyx sensasiya sayılacaq daha bir açıqlamaya imza atıb. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bu məsələdə bəzi məmurların da günahkar olduğunu bildirib. O, məmurlara xitab edərək onları dövlətə qarşı iş aparmaqda ittiham edib: "Burda ziyalı, məmur təbəqəsində də günah var. Bəzi məmurlar Azərbaycanda işləyib maaş alırlar. Onların övladları isə hansısa məzhəbə qoşulub dövlətə qarşı iş aparırlar”.
Qeyd edək ki, Allahşükür Paşazadə "bəzi məmurlar” işarəsini vursa da, konkret ad çəkməyib. Amma aydın məsələdir ki, Şeyx belə bir bəyanatı səsləndirərkən faktı olmadan danışa bilməzdi. Hər halda onun cəmiyyətdə və dövlət idarəçiliyində tutduğu əhəmiyyətli mövqeynin nəzərə alınması bunu mümkünsüz edir. Deməli, Şeyxin əlində hansı məmurların və məmur övladlarının hansı dini cərəyanlara himayədarlıq etmələrinə dair tutarlı və təkzibolunmaz faktlar var. Onun konkret ad çəkməməsi isə şübhələri bir qədər də artırmış oldu. Onsuz da ölkə mətbuatında bir sıra məmurların və məmur övladlarının qeyri-ənənəvi dini sektalara himayədarlıq etmələrinə dair çoxsaylı məlumatlar dərc olunub. Biz bunu xatırlatmaqla heç də həmin informasiyaların hamısının dəqiq olduğu fikrini yaratmaq istəməzdik, amma bu dəfə eyni ittihamla Şeyxin çıxış etməsi məsələnin ciddiliyindən xəbər verir.
Hesab edirik ki, Şeyxin məlum bəyanatı həm də müvafiq dövlət orqanlarına bir siqnal olmalıdır. Hər halda dövlətə qarşı çıxan məmur və məmur balalarının kimliyinin açıqlanması hər birimizin marağında olmalıdır. Biz isə qəzet olaraq bu mövzunu daim diqqətdə saxlamağa çalışacağıq...
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53