Rektorlar təşviş içində
11:20 30-01-2014
İQTİSADİYYAT
Rektorlar təşviş içində
Qanunsuz tələbə köçürmələri ilə bağlı başladılan təhqiqat kimlərin yuxusuna haram qatıb?
Məlum olduğu kimi saxta diplomların aşkarlanması və saxta tələbə qəbulu faktları ilə bağlı hüquq mühafizə orqanları təhqiqata başlayıb. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun müxtəlif filialları vasitəsilə müxtəlif zamanlarda verilmiş saxta diplomlarla bağlı prokurorluqda təhqiqata start verilib. Bu işin isə təkcə Azərbaycan Müəllimlər İnstitutu ilə yekunlaşmayacağı hər kəsə bəllidir.
Etibarlı mənbənin “Unikal” qəzetinə verdiyi məlumata görə, həm saxta diplomlar, həm də qanunsuz tələbə köçürmələri ilə bağlı aparılan araşdırmaların miqyası kifayət qədər genişlənib. Buna səbəb isə ölkənin digər ali təhsil müəssisələri tərəfində də anoloji hallara yol verilməsidir. Mənbənin sözlərinə görə, artıq bir sıra universitetlərdə qanunsuz tələbə qəbulu ilə bağlı təkzibolunmaz faktlar aşkarlanıb və yaxın zamanlarda bu istiqamətdə araşdırmalara başlanacağı bildirilir. Bu işin içində isə olduqca böyük bir şəbəkənin olduğu bildirilir. Təhsil Nazirliyindəki gizli qruplaşmaya qədər uzanan bu şəbəkədə kimlərin yer alması isə hər kəsi maraqlandıran mövzulardandır.
Xatırladaq ki, saxta diplom qalmaqalında adı hallandırılan Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvani də verdiyi son açıqlamada bu işlə Təhsil Nazirliyindəki bəzi şəxslərin əli olduğunu açıq şəkildə ifadə etmişdi. Bundan əvvəl isə Təhsil Nazirliyinin qanunsuz tələbə köçürmələrində ittiham olunan keçmiş əməkdaşı Orxan Kərimov da olduqca ciddi faktlar açıqlayaraq bəyan etmişdi ki, onun əlində olan sənədlərə baxmaq kifayət edir ki, qanunsuz tələbə köçürməsi həyata keçirərək cinayət törədənlərin kim olduğunu biləsən. Göründüyü kimi, hər iki açıqlamadakı şübhənin istiqaməti məhz Təhsil Nazirliyidir və bu məsələ hüquq-mühafizə orqanlarının diqqətindən yayına bilməz.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəhbərliyi də müntəzəm olaraq həyəcan təbili çalaraq qeyd edib ki, Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında aşağı nəticə göstərmiş abituriyentlər bir çox halda digər ölkələrin ali məktəblərinə müxtəlif yollarla daxil olur, daha sonra isə Azərbaycanın ali məktəblərinə qanunsuz köçürmələr vasitəsilə təhsillərini davam etdirirlər. Təəssüflər olsun ki, bu tip bəyanatlardan sonra da sözügedən proses davam etməkdədir. Aparılmış araşdırmalar nəticəsində bəlli olub ki, qəbul imtahanlarında aşağı nəticə göstərərək Azərbaycanın ali məktəblərinə TQDK-nın xəttilə daxil ola bilməyən gənclər son illərdə, əsasən, MDB ölkələrinin ali məktəblərinə daxil olub və daha sonra Azərbaycanın ali məktəblərinə qanunsuz yolla köçürülüblər. Beləliklə də, son 10 ildə 10 minə yaxın tələbənin köçürüldüyü məlum olub. Bu öz yerində, amma aydın məsələdir ki, Təhsil Nazirliyindəki həmin şəbəkə rektorların iştirakı olmadan nə saxta diplom sata, nə də qanunsuz tələbə qəbulu həyata keçirə bilərdilər. Bu cinayətdə onların əsas köməkçiləri məhz rektorlar olub, bəs həmin rektorlar kimlərdir?
Məsələnin maraqlı və hələlik qaranlıq qalan tərəfi də məhz budur. İndi növbə məhz qanunsuz tələbə qəbulunda hər hansı formada iştirakçı olmuş ali təhsil müəssisələri rəhbərlərinin müəyyənləşdirilməsidir. Mənbəmizin sözlərinə görə, hazırda məhz bu prosesə start verilib və bundan xəbərdar olan bir neçə rektor indi ciddi təşviş içərisindədir. Həmin ali məktəblərin rektorlarının adları bizə bəlli olsa da bu istiqamətdə araşdırma apardığımızdan hələlik onların adlarını açıqlamağı məqsədəuyğun hesab etmirik. Bu yöndəki araşdırmalarımızın yekunu olan geniş məqaləni isə növbəti saylarımızda oxuya biləcəksiniz.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53