Azad Rəhimovla Əbülfəs Qarayevin ortaq arzusu
12:08 31-01-2014
İQTİSADİYYAT
Azad Rəhimovla Əbülfəs Qarayevin ortaq arzusu
Onlar SOCAR-ın sponsoru olduğu tədbirlərdə əsas rola malik olmaq istəyirlər
Məlum olduğu kimi, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) xarici ölkələrdə bir sıra iri layihələr həyata keçirir. Burada zavod tikintisindən tutmuş, daşınmaz əmlakın alınmasına qədər olan investisiya layihələrindən söhbət gedir.
Məsələ təkcə bununla bitmir. SOCAR iri investisiya layihələrlə yanaşı, beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübə qazanmağa başlayıb. Belə ki, 2016-cı il Futbol üzrə Avropa Çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsoru olacaq. Bu, 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 Qadınlararası Dünya Çempionatından sonra SOCAR-in növbəti beynəlxalq idman yarışına sponsorluq etməsidir. Bundan əlavə, "Eurovision" musiqi yarışmasının, habelə əcnəbi müğənnilərin Bakıya səfərlərinə də maliyyə ayırıb.
Göründüyü kimi, investisiya layihələrini reallaşdırmaq üçün dövlət hesabına borca girən ARDNŞ, digər tərəfdən idman və mədəniyyət tədbirlərinə sponsorluq etməklə yüklənir. Şirkət həm də Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin funksiyasını həyata keçirir. Özünün
investisiya xərclərini kredit hesabına həyata keçirən SOCAR-ın əlavə sponsorluqlar hesabına yüklənməsinə nə ehtiyac var?
İqtisadçıların hesablamalarına görə, ortamüddətli perspektivdə ARDNŞ-in özünün bu borcları ödəməsi üçün kifayət qədər imkanları var. Lakin gələcəkdə neft gəlirlərindən asılılıq azalmayacağı halda götürülən kreditlər və neft gəlirlərinin "sponsorluqlara" xərclənməsi ölkənin iqtisadi rifahı üçün müəyyən təhlükələr yarada bilər.
Əlbəttə, bu başqa bir yazının mövzusudur. Biz isə məhz o məqamın üzərində dayanmaq istəyirik ki, ARDNŞ-in müxtəlif idman və mədəniyyət tədbirlərinə sponsorluq etməsi hətta hökumətin öz kulislərində də müəyyən giley-güzarla qarşılanıb. Söhbət belə tədbirlərin bir çoxunun təşkilatçılığı və maliyyələşməsi zamanı istər Gənclər və İdman Nazirliyinin, istərsə də Mədəniyyət və Turizm Nazirliyinin adının ön plana çıxmamasından gedir. Bu isə adıçəkilən nazirliklərin rəhbərləri - həm Azad Rəhimov, həm də Əbülfəs Qarayev tərəfindən heç də xoş qarşılanmır.
Onların ortaq fikri ondan ibarətdir ki, SOCAR-ın sponsorluğu sadəcə, hər hansı tədbirin maliyyələşdirilməsi ilə bitməli, burada əsas, həlledici funksiyaları (təbii ki, təşkilatçılıq baxımından!) adıçəkilən nazirliklər oynamalıdır. Yəni əslində ARDNŞ müəyyən bir idman və ya mədəniyyət tədbirinin keçirilməsi üçün maliyyəni həmin nazirliklərə ayırmalı, bundan sonrasını isə həmin nazirliklər özləri həyata keçirməlidirlər.
Məlumatlara görə, bununla bağlı bir neçə dəfə qeyri-rəsmi formada həm Gənclər və İdman Nazirliyindən, həm də Mədəniyyət və Turizm Nazirliyindən Dövlət Neft Şirkətinin rəhbərliyinə ismarıclar göndərilsə də, qarşı tərəf həmin istəyə isti baxmayıb və qəbul etməyib. Bu da SOCAR rəhbərliyi ilə Azad Rəhimov və Əbülfəs Qarayev arasındakı soyuqluqdan qaynaqlanır.
Ekspertlər isə diqqəti ona çəkirlər ki, SOCAR-ın təsdiq olunmuş əsasnaməsinə görə, dövlətə məxsus kommersiya qurumudur. Bu cür qurumlarla dövlət arasında müəyyən müqavilələr bağlanmalıdır. Həmin müqaviləyə əsasən, dövlət əmlakından istifadə edilməsi üçün şirkətlə hökumət arasında münasibətlər müəyyənləşməlidir. Xaricdə belə şirkətlərin təmsilçiliyində hökumətlə yanaşı, menecerlər, ictimai nümayəndələr də iştirak edir. Amma SOCAR həyata keçirdiyi investisiya layihələri barədə nə parlamentə, nə də ictimaiyyətə hesabat verir. Türkiyədə, Gürcüstanda və Avropa dövlətlərində bir sıra layihələr həyata keçirsə də, gəlirləri barədə hesabatlılıq yoxdur. Sadəcə olaraq, hökumətin müəyyən funksiyalarını üzərinə götürməklə bu münasibətlərin formalaşmasına gətirib çıxarır. Əvvəllər geniş miqyaslı sosial layihələr yerinə yetirirdi- məktəblər,xəstəxanalar, bağça tikintisi ilə məşğul olurdu. Beynəlxalq standartlara keçid adı altında bu sosial obyektləri balansından çıxardı. İndi isə ayrı-ayrı idman və mədəniyyət tədbirlərini maliyyələşdirməyə başlayıb. Bunun hansı səbəbdən irəli gəlməsi barədə cəmiyyətə məlumat verilmir. Nə üçün digər mənbələr hesabına maliyyələşməli olan tədbirlərə ARDNŞ sponsorluq edir? Beynəlxalq idman və mədəniyyət tədbirlərinin, müğənnilərin Bakıya gətirilməsinin təşkilinə nə qədər vəsait sərf olunur? Bu xərclər Dövlət Neft Şirkətinin sərəncamında qalan mənfəət hesabına olur, yoxsa vergi tutulan mənfəətin azaldılmasının hesabına həyata keçirilir? Bu suallar cəmiyyət üçün qapalı olaraq qalır…
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13