İsmət Abbasov KTN-dəki gəlir sahələrini itirir
15:23 01-02-2014
İQTİSADİYYAT
İsmət Abbasov KTN-dəki gəlir sahələrini itirir
Heydər Əsədov baş nazirin müavininə savaş açdı
Məlum olduğu kimi, Nazirlər Kabinetinin yeni tərkibi formalaşarkən bəzi nazirlər vəzifəsini itirdi və ya onların vəzifələrində dəyişiklik edildi. Belə nazirlərdən biri də İsmət Abbasov oldu. Keçmiş kənd təsərrüfatı naziri tutduğu vəzifədən azad edilərək baş nazirin müavini postuna gətirildi. Onun baş nazirin müavini kimi yeni postunda da aqrar sektor üzrə məsul olması belə düşünməyə əsas verirdi ki, İsmət Abbasov buradan uzaqlaşmasına baxmayaraq KTN-dəki hakimiyyətini də sürdürməkdə davam edəcək. Ancaq ötən müddət ərzində baş verənlər bu proqnozları tamamilə alt-üst etdi.
Belə ki, Hesablama Palatasının sədrliyindən kənd təsərrüfatı naziri postuna transfer olunan Heydər Əsədov onun bu planlarını nəinki pozdu, hətta indi İsmət Abbasov üçün əsl başağrısına çevrilib. “Unikal” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, Heydər Əsədov bir-birinin ardından keçmiş nazir, hazırda baş nazirin müavini vəzifəsini daşıyan İsmət Abbasovun bütün gəlir nöqtələrini ələ keçirib. Hesablama Palatasındakı imkanlarını hələ də qoruyan və bu imkanlarından KTN-də İsmət Abbasova aid olan gəlir rıçaqlarının müəyyənləşdirilməsi və ələ keçirilməsi yönündə ustalıqla yararlanan Heydər Əsədovun fəaliyyəti nəticəsində vəziyyət düşünüldüyünün əksi istiqamətində dəyişməkdədir. Mənbəmiz iddia edir ki, Heydər Əsədov yeni postuna təyinatdan dərhal sonra keçmiş nazirin açıq və gizli gəlir mənbələrini ləğv etmək işinə girişib. Belə ki, araşdırmalar zamanı bəlli olub ki, İsmət Abbasov KTN-nin layihələrindən irəli gələn işləri bir qayda olaraq özünə yaxın şirkətlərə həvalə edirmiş və bu yolla küllü miqdarda vəsait qazanırmış. İddia olunur ki, “Aqrolizinq” ASC, Dövlət Baytarlıq İdarəsi, “Fitosanitar” İdarəsi, “Aqrokredit” və digər bu kimi xidmətlər də İsmət Abbasovun bu kimi layihələrində əsas rol alan qurumlar olublar.
Heydər Əsədov isə həmin qurum və şirkət rəhbərlərinə açıq şəkildə bildirib ki, daha əvvəlki qaydada işləmək mümkün deyil və şərtlər dəyişib. Dəyişən şərtlər isə ilk növbədə İsmət Abbasovun KTN-dəki gəlir sahələrinin sıradan çıxarılması ilə müşahidə olunub. Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, Heydər Əsədov keçmiş KTN rəhbəri İsmət Abbasovun layihələri konkret olaraq hansı şirkətlər vasitəsilə həyata keçirildiyini araşdırdıqdan sonra həmin qurumlarla əməkdaşlığı birtərəfli qaydada dayandırıb. Baş nazirin müavini İsmət Abbasov bütün bunlara mane olmağa cəhdlər göstərsə də, onun səyləri nəticəsiz qalıb. İsmət Abbasovun KTN sistemindəki əsas dayaqlarından biri hesab olunan Aqrolizinq ASC-nin sədri Əli Bayramov da tamamilə “zərərsizləşdirilib”. İsmət Abbasova bağlı olan ASC rəhbəri ilk vaxtlar yeni nazirin islahatlarına qarşı çıxmağa çalışsa da, sonda bütün bunların faydasız olduğunu görərək Heydər Əsədovla razılaşmaqdan başqa çarəsinin qalmadığını qətiləşdirdi. Bununla da Heydər Əsədov İsmət Abbasovun KTN-dəki adamlarını özünə tərəf çəkməyi və onun bütün gəlir sahələrini özünün nəzarəti altına salmağı bacarıb.
Əldə etdiyimiz məlumatda daha sonra vurğulanır ki, Heydər Əsədov ötən ilin dekabr ayında KTN xətti ilə həyata keçirilən layihələri icra edəcək qurumların müəyyənləşdirilməsi zamanı İsmət Abbasova həlledici zərbəni vura bilib. Belə ki, İsmət Abbasovun zamanından bağlanmış bütün müqavilələr ləğv edilərək yenilənib. Bu zaman isə İsmət Abbasovun iqtisadi partnyorları hesab edilən şirkət və qurumlar oyundankənar vəziyyətə salınıb.
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53