Braziliya əhli nəyə etiraz edir?
10:34 11-02-2014
İDMAN
Braziliya əhli nəyə etiraz edir?
Dünya çempionatı 1978-ci ildən sonra ilk dəfə Cənubi Amerikada keçiriləcək, amma…
Braziliya bizdə futbol, serial və karnaval ölkəsi kimi tanınır. Amma 200 milyon nəfərdən çox əhalinin yaşadığı məmləkətdə həyat heç də hamı üçün karnaval kimi deyil.
Futbol üzrə XX dünya çempionatı bu il iyunun 12-dən iyulun 13-nə kimi Braziliyada keçiriləcək. Di gəl, braziliyalılar mundialın ölkələrində təşkil olunmasına etiraz edirlər. Etiraz aksiyaları hələ ötən il keçirilən Konfederasiyalar kuboku zamanı olmuşdu. Ölkənin müxtəlif şəhərlərində milyondan çox insan küçələrə axışaraq narazılığını ifadə etmişdi. 2014-cü il başlar-başlamaz həmin etirazlar yenidən təkrarlandı.
İlk baxışdan qəribə görünə bilər. Axı Braziliyada böyükdən kiçiyə hamının futbol oynadığını, azarkeşlik etdiyini eşitmişik. Hətta Wikipedia-da konkret rəqəm də var: əhalinin 74%-i bu və ya digər dərəcədə futbol həvəskarıdır. Bu da FİFA-nın 2006-cı ildəki rəsmi rəqəmi: ölkədə təxminən 13,2 milyon futbolçu var. Elə Braziliyanın milli komandası da hamıdan çox - 5 dəfə dünya çempionu olub.
Bəs futbolun bu qədər sevildiyi ölkədə mundialın keçirilməsinə niyə qarşı çıxırlar? Cavabı Wikipedia-nın Braziliya səhifəsindəki bir cümlədən anlamaq mümkündür: 2008-ci ildə əhalinin 25,9%-i yoxsulluq həddində yaşayırdı. Yəni təxminən 50 milyon nəfər. Həm də bu hələ rəsmi rəqəmdir, məlumdur ki, rəsmi rəqəmlər çox vaxt reallığı tam əks etdirmir.
Təkcə yoxsulluqmu? Braziliya barədə araşdırma apardıqda başqa problemlər də üzə çıxır: infrastrukturun kifayət qədər inkişaf etməməsi, ictimai xidmətlərin, səhiyyənin keyfiyyətinin aşağı səviyyədə olması, korrupsiya, sosial konfliktlər, hökumət bürokratiyası və s. və i.
Bu üzdən kasıb braziliyalılar dövlət büdcəsindən milyardlarla pulun stadionların inşası və yenidən qurulmasına, eyni zamanda digər təşkilatı işlər üçün xərclənməsinə etiraz edirlər. Məsələn, San Paulonun küçələrinə çıxanların əlində "Rədd ol, FİFA" sözləri yazılmış transparantlar olub. Amma təşkilatçılar da futbol arenalarının sponsorların vəsaiti hesabına tikildiyini, infrastrukturun yenilənməsinin isə dünya çempionatından sonra da ölkənin işinə yarıyacağını bildirərək özlərini təmizə çıxarırlar.
Etirazlar vaxtı nümayişçilərdən biri Braziliya hökumətini belə tənqid etmişdi: "Dünya çempionatına hazırlaşmaq üçün onların yeddi ili vardı, amma bir iş görməyiblər. Stadionlar hazır deyil. Aeroportların vəziyyətinə bir baxın!"
Həqiqətən də stadionların bəzisi hələ tam hazır deyil. Yenə rəsmi rəqəmlərə müraciət edək: ümumilikdə Braziliyada 12 arenanın tikintisi və yenidən qurulması üçün artıq 4 milyard dollar xərclənib və bu da ilkin sərmayə planının iki qat artması deməkdir. Hətta məsələ o qədər ciddidir ki, Kuritiba şəhərindəki "Arena da Baixada"nın mundialın stadionları siyahısından çıxarılması və başqası ilə əvəzlənməsi də istisna olunmur. FİFA həmin arenadan başqa San Paulo, Kuyaba, Porto Aleqre və Manusdakı stadionlardan da "xoş xəbər" gözləyir. Hazır arenaların sayı isə 7-dir. Elə FİFA-nın birinci şəxsi Yozef Blatter də Braziliyanın dünya çempionatına hazırlığını prezidentliyi dövründə "ən zəif hazırlıq" kimi dəyərləndirib.
Dünya çempionatı 1978-ci ildən sonra ilk dəfə Cənubi Amerikada keçiriləcək. Həmçinin mundial ardıcıl ikinci dəfə Avropadan kənarda təşkil olunacaq ki, bu da ilk belə haldır. Braziliya isə Meksika, İtaliya, Fransa və Almaniyadan sonra dünya çempionatına ikinci dəfə ev sahibliyi edəcək beşinci ölkə olacaq. Bundan əvvəl mundial Pelenin vətənində 1950-ci ildə baş tutub. Amma o vaxt braziliyalılar başqa baxımdan fərqləniblər: "Marakana"da keçirilən final oyununu 200 min nəfər canlı izləyib ki, bu da futbol tarixində rekord göstəricidir.
Etirazlara baxmayaraq ümumilikdə Konfederasiyalar kuboku-2013 zamanı ciddi problemlər yaşanmamışdı. Dünya çempionatı vaxtı da hansısa fors-major hadisənin baş verəcəyi inandırıcı deyil. Amma bir fakt dəqiqdir ki, bütün dünya braziliyalıların yaşayışlarından narazı olduqlarını bildi. Bu da futbol sayəsində baş verdi.
Braziliyalıları isə dünya çempionatından sonra 2016-cı il Rio de Janeyro olimpiadası və paytaxt Braziliada təşkil olunacaq 2019-cu il Yay Universiadası gözləyir...
Rasim Mövsümzadə
Digər Xəbərlər
2024-12-24 01:06:07
2024-12-23 21:57:59
2024-12-23 21:13:12
2024-12-23 18:53:48
2024-12-23 18:22:06
2024-12-23 17:54:00
2024-12-23 17:26:19
2024-12-23 15:42:00
2024-12-23 15:07:04
2024-12-23 14:15:06
2024-12-23 10:30:44
2024-12-23 10:16:00
2024-12-23 00:22:39
2024-12-22 23:32:10
2024-12-22 22:43:42
2024-12-22 21:52:37
2024-12-22 20:36:22
2024-12-22 19:18:39
2024-12-22 16:05:27
2024-12-22 15:29:48