ABŞ-ın keçmiş prezidentinin sirləri faş olur
ABŞ-ın keçmiş prezidentinin sirləri faş olur
Klintonun gizli sənədləri
ictimaiyyətə təqdim ediləcək

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Bill Klintonun prezidentlik dövrünə aid gizli sənədləri ictimailəşdiriləcək. Bu barədə ABŞ-ın Milli Arxiv idarəsi məlumat yayıb.
Həmin sənədlərdə Klinton administrasiyasının fəaliyyəti dövründəki məsələlər əks olunacaq. Həmçinin keçmiş prezident Klintonla məsləhətçiləri arasında federal təyinatlarla bağlı məxfi danışıqlar da üzə çıxarılacaq.
İctimaiyyətə təqdim olunan sənədlərdə ölkənin keçmiş birinci xanımı Hillari Klintonla bağlı məlumatların da olması gözlənilir. H. Klinton 2016-cı il seçkilərində prezidentliyə namizədlərdən biridir. Həmin sənədlər seçkilərdə Klintonun mövqeyinə təsir edə bilər.
Milli Arxiv idarəsi ilkin olaraq Klinton administrasiyası ilə bağlı sənədlərin 5 min səhifəsini çap edib ictimaiyyətə təqdim edəcək. Ümumilikdə isə bu sənədlər 33 min səhifədə cəmlənib. Sənədlərin qalan hissəsinin isə bir neçə həftəyə çap olunması gözlənilir.
Qanuna görə prezident hakimiyyətdən getdikdən 12 il sonra prezidentlik dövründə olan gizli sənədlər ictimaiyyətə təqdim olunur. Ancaq, 2013-cü ilin yanvarından bu məhdudiyyət aradan qaldırılıb.
Milli Arxiv idarəsi qeyd edib ki, Obama və Klinton prezidentlik dövrü sənədlərinin ictimaiyyətə təqdim olunması ilə bağlı sənəd imzalayıb.

Nigeriyada terrorçuların hücumu nəticəsində 30-dan çox insan öldü

Nigeriyanın şimal-şərqində terrorçuların hücumu nəticəsində 30-dan çox insan ölüb.
"RİA Novosti"nin verdiyi xəbərə görə, silahlılar üç qrupa bölünərək üç müxtəlif yerə hücum ediblər. Hücum edənlərin "Boko Haram" radikal dini qruplaşmanın üzvü olduğu ehtimal olunur.
Qeyd edək ki, bu qruplaşmanın üzvləri fevralın 25-də federal dövlət kollecinə hücum edərək şagirdləri atəşə tutub. Nəticədə 43 şagird həlak olub.

Tailandda dəhşətli sərnişin
avtobusu qəzası: 14 ölü, 40 yaralı

Tailandın şərqindəki Praçinburi əyalətində sərnişin avtobusu dəhşətli qəzaya uğrayıb, nəticədə 14 nəfər ölüb, 40 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
"İTAR-TASS"ın verdiyi xəbərə görə, tələbə və müəllimləri Pataya kurort zonasına aparan avtobus yolda yük maşını ilə toqquşub. Sərnişinlər istirahətə ölkənin şimal-şərqində yerləşən Nakxonratçasima əyalətindən yollanırmışlar.
Qeyd edək ki, yanvarın 29-da Tailandın şimalındakı Çianqmay əyalətində çinli turistlərin olduğu avtobus avropalı turistlərlə dolu mikroavtobusla toqquşmuşdu, nəticədə 30 nəfər ölmüşdü.