Şahmar Mövsümova irad var
11:06 05-03-2014
CƏMİYYƏT
Şahmar Mövsümova irad var
Dövlət Neft Fondunun gəlirləri niyə azalıb?
Şahmar Mövsümovun sədri olduğu Dövlət Neft Fondunun gəlirləri azalır. Bildirildiyinə görə, fond ötən il 2012-ci illə müqayisədə aktivlərin idarə olunmasından 63,6 milyon manat az gəlir əldə edib.
2012-ci ildə Neft Fondu vəsaitlərin idarə edilməsindən 543,6 milyon manat qazanmışdı. Baxmayaraq ki, 2012-ci illə müqayisədə fondun aktivləri 1,6 milyard manat, qızıl ehtiyatları isə 15 ton 241 kiloqram artıb. 1 yanvar 2014-cü ildə fondun aldığı qızılın miqdarı 30 ton 175 kiloqram təşkil edir.
Bəs nədən Dövlət Neft Fondu ötən il 2012-ci illə müqayisədə aktivlərin idarə edilməsindən az qazanıb? Səbəb nədir: pis idarəçilik, yoxsa maliyyə bazarlarındakı həssaslıq?
Son 6 ildə Azərbaycan neft satışı və eyni zamanda neft gəlirlərinin idarə olunmasından ildə orta hesabla 12,67 milyard manat qazanıb. Ötən il üçün qazancın həcmi 13,6 milyard manat olub ki, onun 13,1 milyard manatını mənfəət neftinin satışından daxilolmalar, 480 milyon manatını isə fondun aktivlərinin idarə olunmasından gəlirlər təşkil edib.
Ən pisi odur ki, bir tərəfdən mənfəət neftinin satışından gəlirlər azalır, digər tərəfdən aktivlərin idarə olunmasından qazancımız. Əslində birinci bizdən asılı olmayan səbəblərdən baş verir, amma ikinci bizim idarəçiliyimizdən asılıdır.
Gəlirin azalmasına birinci səbəbi odur ki, ötən il qızıla qoyulan sərmayələrdən qazanc deyil, ziyan əldə etmişik. İl ərzində 15 ton 241 kiloqram qızıl almışıq, dünya bazarında qızılın orta qiyməti isə 2012-ci illə müqayisədə 15,4 faiz aşağı düşüb. Hazırda qiymət azalması davam edir. Qızılın 1 unsiyası 1350 dollardır. Türkiyə lirəsinə və rus rubluna qoyulan sərmayələr də həmin ölkələrdə devalvasiya səbəbindən qazanc vermədi.
Daşınmaz əmlaka qoyulan sərmayələrdən detallı məlumat yoxdur, ona görə də bu sahədən nə qədər qazanc və ya zərər əldə edilməsini qiymətləndirə bilmirik. Məsələn, Moskvada, Parisdə, Londonda, Lüksemburqda, Cersi adalarında alınan əmlakların icarəyə verilməsindən nə qədər vəsait daxil olduğu açıqlanmır, bu sahədə şəffaflıq yoxdur.
Maliyyə aktivlərinə gəlincə, onun yarısı xarici dövlətlərin qiymətli kağızlarına, yerdə qalan yarısı isə korporativ borc kağızlarına və maliyyə institutlarının qiymətli kağızlarına qoyulub ki, onlardan da cüzi qazanc alınır.
Onu da qeyd edək ki, əksər müstəqil iqtisadçı ekspertlər Dövlət Neft Fondunun fəaliyyətini qeyri-şəffaf hesab edirlər. Onlar Fondun gəlirlərinin və buradan ayrılan vəsaitlərin xərclənməsinin ictimai nəzarətdən uzaq saxlanılmasını korrupsiya şübhələrini artırdığı qənaətindədirlər. Bundan başqa ekspertlər deyirlər ki, adıçəkilən Fond, neft gəlirlərinin xərclənməsində aşağıdakı qaydalara riayət etməyib:
- Neft və qaz gəlirlərindən uzunmüddətli istifadə xərclərinin həcmi proqnozlaşdırılan zaman “daimi real xərclər” prinsipi əsas götürülməli və bu xərclər üçün illik hədlər müəyyənləşdirilməlidir. Lakin heç bir xərcdə limit nəzərə alınmır.
- Ortamüddətli xərclərin həcmi qeyri-neft kəsirinə əsasən və uzunmüddətli xərc limitləri nəzərə alınaraq müəyyən olunmalıdır (neft sektoru istisna olmaqla, ölkənin konsolidasiya olunmuş büdcəsinin gəlirləri və xərcləri arasında fərq).
- Xərclərdə ildən-ilə kəskin dəyişikliklər arzuolunmazdır və qeyri-neft kəsiri ani dəyişə bilməz. Hazırda qeyri-neft kəsiri 40% ətrafındadır ki, bu da tövsiyə olunan rəqəm deyil.
- İnvestisiya xərcləri ortamüddətli illik tərtib olunan Dövlət İnvestisiya Proqramı çərçivəsində olmalıdır. Proqram ildə bir neçə dəfə dəyişdiyindən xərclərin onunla uyğunluğunu yoxlaya bilmək üçün proqram haqqında detallı məlumat mövcud deyil.
Fond sədri Şahmar Mövsümov isə belə ittiham və iradları qəbul etmir. O hesab edir ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti tam şəffafdır və neft pulları iqtisadi cəhətdən tamamilə əsaslandırılmış şəkildə, doğru idarə olunur.
Xatırladaq ki, Dövlət Neft Fondu ölkə başçısının 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir.
Neft Fondunun yaradılması fəlsəfəsinin əsas qayəsini Azərbaycan xalqına Allah tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Neft Fondu haqqında Əsasnaməyə görə, qurumun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan vəsaitlərin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00