Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri açıqlandı
12:31 06-03-2014
CƏMİYYƏT
Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri açıqlandı
Qərb diplomatlarının münaqişəni necə həll edəcəkləri çox dumanlı və müəmmalı görünür
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz rəsmi Twitter səhifəsində yazıb: "İsveçin Bakı və İrəvanda səfirliklərinin açılması haqqında qərarından çox şad oldum".
O qeyd edib ki, Avropa və ABŞ Cənubi Qafqazda sülh və firavanlığa can atır. Həmsədr həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinin üç əsas prinsipini açıqlayıb. Bu prinsiplər güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir:
"ABŞ Rusiya və Fransa ilə birgə Dağlıq Qarabağ münaqişəsinin güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında həlli üzərində işləməyə davam edir".
Göründüyü kimi, amerikalı diplomat, necə deyərlər, “özündən Amerika kəşf eləmir” və münaqişənin nizamlanması barədə Qərb strukturlarının indiyə qədər dediklərini təkrar edir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsi, ən azından, yaxın zaman perspektivində həll edilməyəcək. Yəni bu müddətdə münaqişə ilə bağlı nə işğalçı dövlət Ermənistan hansısa bir dividend əldə edə biləcək, nə də işğala və haqsızlığa məruz qalmış Azərbaycan...
Səbəb də odur ki, Qarabağ probleminin həlli üçün irəli sürülən üç prinsip öz aralarında heç bir məntiqi və hüquqi uyğunluğa qovuşa bilmir.
Təklif edilən prinsipləri sıra ilə nəzərdən keçirdək:
1.Zor tətbiq etməmək. Ermənistan Rusiyanın aktiv dəstəyi ilə Dağlıq Qarabağı zor gücünə işğal edib və dünya tarixində görünməyib ki, işğalçı öz xoşuna işğal etdiyi ərazini boşaltsın.
2.Ərazi bütövlüyünün qorunması. Bu prinsip də gerçəkləşməyəcək. Çünki üçüncü prinsip onu tam şəkildə heçə endirir.
3.Xalqların öz müqəddəratını təyin etməsi. Bu bənddə söhbət Dağlıq Qarabağ ermənilərindən gedir və münaqişənin lap əvvəlindən onların da tələbləri bəllidir – Ermənistana birləşmək.
Belə bir durumda Qərb diplomatlarının münaqişəni necə həll edəcəkləri çox dumanlı və müəmmalı görünür.
Amma bizə belə görünə bilər ki, Qərb diplomatları dumanlı formullar irəli sürürlər. Çünki onlar sözügedən prinsiplərin birr-birinə uyuşmazlığını bilməmiş deyillər.
Bəs belə olan halda məqsəd nədir? Məqsəd çox sadədir: Qarabağ problemini konservləşdirmək və müəyyən beynəlxalq dairələrə, o cümlədən Rusiyaya sərf etdiyi zamanda həll etmək.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının “Unikal”a verdiyi açıqlamaya görə, “Qərb dövlətləri Azərbaycanla həmişə bu dildə danışıblar və onlar Azərbaycanın haqq işinin müdafiə edilməsində maraqlı deyillər. Dəfələrlə mətbuatda bildirmişəm ki, bu problem yalnız və yalnız hərbi yolla öz həllini tapa bilər. Hazırda ölkədəki bütün ictimai-siyasi qurumların və hökumətin başlıca vəzifəsi cəmiyyətdə təmərküzləşməyə nail olmaq, milli vəhdəti təmin etməkdən ibarət olmalı və cəmiyyətin müharibəyə stimullaşdırılması və səfərbər edilməsi barədə təbliğat aparmaqdır. Digər vəzifəmiz isə saxta danışıqlar prosesinin dayandırılmasına nail olmaqdır. Milli barış birlikdən keçir. Bunun üçün isə müharibə qaçılmazdır. Hər şeyimiz var: Ordu, silah, pul...”
QAT sədrinin sözlərinə görə, “Azərbaycan dövlətinin illik hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir. Belə olan halda biz nədən çəkinməliyik? Rusiyanı müəyyən yollarla kənarda saxlamaq olar, sadəcə, bu yöndə intensiv şəkildə ardıcıl diplomatik fəaliyyət sərgilənməlidir”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49