Ölkə bankları hədəfə götürülüb?
12:32 06-03-2014
CƏMİYYƏT
Ölkə bankları hədəfə götürülüb?
Ölkə banklarının bəzilərinin məsul şəxslərinə qarşı xüsusi əməliyyatlar keçirilib
Son aylarda ölkə bankları ilə bağlı maraqlı xəbərlər yayılmağa başlayıb. Texnikabankın və Royalbankın məlum aqibətindən sonar növbə Bank of Bakuya çatıb. Artıq bankın əməkdaşlarından həbs edilənlər var və yayılmış məlumatlardan aydın olur ki, ölkə banklarının bəzilərinin məsul şəxslərinə qarşı xüsusi əməliyyatlar keçirilib.
Müşahidəçilərin fikrincə, çox ehtimal ki, həbs olunanlardan banklardakı şübhəli əməliyyatlar barədə məlumat toplanılır və ölkədən çıxarılan və daxil olan pulların mənbəyi araşdırılır.
Oxucunun yadına salaq ki, 2012-ci ildə RoyalBankın lisenziyasının geri alınması ərəfəsində də oxşar proseslər başlanmışdı. Öncə RoyalBankda yoxlamalara başlanıldı, ardınca işçiləri həbs olundu və nəhayət, iyulun 13-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə bankların ilk onluğuna daxil olan RoyalBank ASC-nin lisenziyası ləğv edildi. Bankın bağlanması 58 milyon manatlıq əmanətin 41 milyon manatı və yaxud 71 faizi batdı.
Beləliklə, ölkənin bank sektorunda nələr baş verir?
İqtisadçı ekspert Samir Əliyevin "Unikal"a bildirdiyinə görə, "Banklarla bağlı müvafiq strukturların apardığı əməliyyatlar reallıqdan irəli gəlir. Bu da ondan xəbər verir ki, özəl banklar düzgün kredit siyasəti aparmır və bu baxımdan müştəri cəlb etmək siyasətində ciddi aldatmalara yol verirlər. Bunun da nəticəsi səhv kredit siyasətinin formalaşması olur. Sonda isə geri qayıtmayan kreditlər problemi meydana çıxır. Bütün dünyada istehlak kreditləri əhalinin bütün təbəqəsinin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bu ölkələrdə istehlak kreditləşməsi proseduru zaman-zaman təkmilləşdirilib. Biznes kreditlərindən fərqli olaraq istehlak kreditləri gəlir əldə etmək üçün yox, insanların istehlak mallarına olan tələbatını ödəmək məqsədi daşıyır. Bu baxımdan istehlak kreditləri götürən müştərilərin hüquqları ayrıca qanunla qorunur. Bu qanun bir qayda olaraq "İstehlak kreditləri haqqında" qanun adlanır. Azərbaycanda mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətlərini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan kənarda qalıb. İstehlakçıların hüquqlarını qoruyan yeganə hüquqi akt - "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun tələbləri bank müştərilərinə şamil edilmir".
Ekspertin sözlərinə görə, "Banklar kreditin ağır şərtləri barədə məlumatları gizlətməklə əhaliyə natamam məlumatlar verirlər və bununla da əhalini cəlb edirlər. Məsələn, banklardan biri reklamlarının birində bayramla əlaqədar faizsiz kredit kampaniyasını apardığını elan etdi. Müraciət etdikdə aydın oldu ki, həmin kampaniya çərçivəsində 6 ay müddətinə verilən və faizsiz hesab olunan kreditə görə müştəri 12 faiz həddində komisyon haqq ödəməlidir. Bu isə, təxminən, illik 24 faizlə təklif edilən kreditə bərabərdir. Halbuki ölkədə kreditlər üzrə komisyon haqq 5 faizdən çox deyil. Ancaq reklam çarxlarında bu barədə məlumat verilmir. Digər bank ilkin müştəri üçün ancaq xarici valyutada kredit verdiyini bildirir. Üçüncü bank kreditini vaxtından əvvəl qaytarmaq istəyən müştəriyə cərimə tətbiq edir və s. Belə misalların sayını artırmaq da olar. Reallıq odur ki, müştərilərin hüquqları addımbaşı pozulur".
İqtisadçı ekspert Vüqar Bayramovun "Unikal"a bildirdiyinə görə, özəl bank sektorunda yaranmış vəziyyət birinci növbədə kredit siyasətinin ölkənin iqtisadi reallığına adekvat olmaması ilə bağlıdır: "Azərbaycan, Ukrayna və Belarus MDB-də ən yüksək faizlə kredit təklif edən ölkələrdir: Azərbaycanda bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də, bank faizlərində azalma yox idi. Kommersiya banklarının təklif etdikləri kredit faizləri 16-30 faiz intervalında dəyişirdi: baxmayaraq ki, depozitlər üzrə orta faiz dərəcəsi isə son bir ildə 16 faizdən 8 faizə düşmüşdü. Amma Milli Bankın son məhdudlaşdırıcı tədbirlərinin kökündə kredit faizlərinin əsas faktor olmadığı müşahidə edilmir. Sözügedən bank əslində son addımları ilə bu sektorda yeni bir şəkil cızmağa çalışır".
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44