Oqtay Şirəliyev Artur Rəsizadəni hədəfə gətirir
12:54 07-03-2014
CƏMİYYƏT
Oqtay Şirəliyev Artur
Rəsizadəni hədəfə gətirir
"Tibbi sığorta haqqında" qanunun işləməməsinin məsuliyyəti Nazirlər Kabinetinin üzərinə qoyuldu
""Tibbi sığorta haqqında" qanunun monitorinqi aparılacaq, bu məsələ ilə bağlı dinləmələr keçiriləcək. Qanunun icrasına 2015-ci ildən başlanıla bilər". Bu haqda parlamentin Sosial Siyasət Komitəsinin son iclasında bildirilib.
Qeyd edək ki, sözügedən komitənin iclasında "Tibbi sığorta haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliklər barədə məlumat verən komitənin yeni eksperti Tural Kazımzadə bildirib ki, adıçəkilən qanunun 13-cü maddəsinin bundan sonra "tibbi sığorta təşkilatı sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırmalıdır" redaksiyasında verilməsi təklif olunur. Eyni zamanda, təklif olunub ki, 16-cı maddənin beşinci hissəsində "qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəmə tərəfindən" sözləri "qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən, məhkəmə qaydasında" sözləri, 17-ci maddədə isə "qanunvericiliyə uyğun olaraq" sözləri
"Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz olunsun.
Komitə sədri Hadi Rəcəbli "Tibbi sığorta haqqında" qanunun qəbulundan xeyli müddət keçməsinə baxmayaraq, onun hələ də icra olunmamasından narazılğını ifadə edib və bildirib ki, bu, Nazirlər Kabinetinin səhlənkarlığı, məsələyə biganə və səhlənkarcasına yanaşması üzündən olub. Bununla belə, komitə sədri sabiq millət vəkili Əli Əhmədovun baş nazirin müavini təyin edilməsindən sonra bu məsələdə irəliyə doğru addımların atılıdığını deyib. "Çox sevindirici haldır ki, keçmiş deputat həmkarımız, partiyamızın sədr müavini və icra katibi Əli Əhmədovun baş nazirin müavini təyin edilməsindən sonra tibbi sığortanın icrası ilə bağlı məsələdə müsbət dönüş yaranıb. Bildiyiniz kimi, bir neçə gün öncə də onun sədrliyi ilə bu məsələylə bağlı yığıncaq keçirilib və bu baxımdan inanırıq ki, nəhayət, bizdə də tibbi sığortanın icrasına nail olmaq mümkün olacaq, bu yöndəki qanunumuz işləyəcək" - deyə, o, bildirib.H.Rəcəbli eyni zamanda deyib ki, yaxın gələcəkdə "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər məsələsinə bir neçə dəfə qayıdıla və növbəti dəyişikliklər edilə bilər."Onu da deyim ki, bizdə tibbi sığorta ilə bağlı bəzi məsələlər Nazirlər Kabinetinə həvalə edilib. Ancaq dünyanın əksər ölkələrində bu məsələ ilə bağlı bütün məqamlar müvafiq qanunvericilikdə öz əksini tapıb. Ona görə də yaxın gələcəkdə müvafiq qanunumuza bir neçə dəfə qayıdıla, baxıla bilər" - deyə, komitə sədri vurğulayıb. Adıçəkilən komitənin sədr müavini Musa Quliyev isə öz növbəsində qeyd edib ki, "Tibbi sığorta haqqında" qanunun monitorinqi aparılmalı, eyni zamanda, tibbi sığortanın icrası ilə bağlı aprel - may aylarında mütəxəssislərin və millət vəkillərinin iştirakı ilə dinləmələr keçirilməlidir. Onun təklifi H.Rəcəbli tərəfindən də dəstəklənib. Müzakirələrdən sonra isə qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Burada maraqlı məqam media tərəfindən davamlı şəkildə gündəmə gətirilən məsələnin - "Tibbi sığorta haqqında" qanunun uzun müddətdən bəri işləməməsinin məsuliyyətinin Artur Rəsizadənin rəhbərlik etdiyi Nazirlər Kabinetinin üzərinə qoyulmasıdır. Məsələ burasındadır ki, indiyədək ekspertlər və KİV-lər həmin qanunun qeyri-işlək olmasında səhiyyə naziri Oqtay Şirəliyevi qınayır və Səhiyyə Nazirliyinin bu qanunu işlək vəziyyətə gətirmədiyinə görə sərt ittiham edirdilər.
İndi isə belə məlum olur ki, əslində buna görə məsuliyyəti Nazirlər Kabineti daşıyırmış.Hesab etmək olar ki, Şirəliyev bu məsələdə onun özünün ittiham hədəfinə çevrilməsindən bezib və məsələni konkret qoymaq qərarına gəlib. Belədə isə parlamentin müvafiq komitəsi "Tibbi sığorta haqqında" qanunun icra olunmamasının əsas günahkarını elan edib: Nazirlər Kabineti!
Qeyd edək ki, adıçəkilən komitənin sədr müavini Musa Quliyev səhiyyə naziri Oqtay Şirəliyevlə isti münasibətlərə malikdir.İndi maraqlı olan məlum qanunla bağlı ittiham hədəfinin dəyişməsindən - yəni məsuliyyət sahibi kimi Şirəliyevin nazirliyi deyil, Artur Rəsizadənin hökumət kabineti göstərildikdən sonra vəziyyət dəyişəcəkmi? "Tibbi sığorta haqqında" qanun işləməyə başlayacaq, yoxsa bu deyilənlər sadəcə, hədəf yayındırmaqdan ibarət olacaq?
Bu suallara ən düzgün cavabı yəqin ki, qarşıdakı zaman verəcək. Odur ki, gözləyək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52