Putin Krımı Rusiyanın vilayətinə çevirdi
12:57 07-03-2014
CƏMİYYƏT
Putin Krımı Rusiyanın vilayətinə çevirdi
Krım parlamentinin Rusiyaya birləşmək barədə qərarı beynəlxalq hüquq normalarına uyğundurmu?
Dünya birliyinin bütün təhdidlərinə və kəskin ruhlu müraciətlərinə baxmayaraq, prezident Putinin başçılıq etdiyi Rusiya Ukraynaya qarşı təcavüzkar siyasətini ardıcıl şəkildə həyata keçirdir. Və onun siyasətində yeni heç nə yoxdur, keçmiş SSRİ DTK-sının arsenalından götürülmüş adi bir ssenari var: hər bir respublikada milli münasibətlər zəminində münaqişələr yaradıb bundan faydalanmaq cəhdləri. Və etiraf edilməlidir ki, Rusiya hələ ki bu müstəvidə kifayət qədər göstəricilər sərgiləyə bilib: Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya...
Bu siyahıya daha bir bölgə əlavə edildi: Ukraynanın Krım vilayəti. Belıliklə, keçmiş SSRİ məkanında ərazi münaqişələri siyahısına daha birinin də əlavə olunduğunu söyləmək olar. Azərbaycanın Dağlıq Qarabağ problemi, Gürcüstanda Abxaziya və Osetiya ərazi münaqişələri, Moldovanın Dnestryanı konflikti keçmiş SSRİ və onun xələfi Rusiyanın təxribatıdır. Bunlarla yanaşı, Krım Muxtar Respublikası da yeni ərazi qarşıdurmalarına səbəb ola bilər. Belə ki, Krım parlamenti Rusiyanın tərkibinə birləşmək üçün qərar qəbul edib və martın 16-da bununla bağlı referendum keçiriləcək. Kremlin nəzarətində olan ərazi münaqişələrinin çoxalması Rusiya üçün nələr vəd edir?
Politoloq Vəfa Quluzadənin sözlərinə görə, bu konfliktlər əvvəl-axır Rusiyanın özünün əleyhinə çevriləcək.
Bəs Rusiyanın bu addımı Ukrayna və elə Rusiyanın özü üçün hansı nəticələrə gətirib çıxarda bilər?
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Krım parlamentinin Rusiyaya birləşmək barədə qərarı Ukrayna-Rusiya qarşıdurmasını siyasi müstəvidən hərbi müstəviyə keçirdəcək. Bu fakt ondan xəbər verir ki, Rusiya sivil dünyanın sərgilədiyi beynəlxalq hüquq normalarını ayaqlar altına atır və XIX əsrin qanunları ilə hərəkət edir. Əslində beynəlxalq hüquq siyasi-iqtisadi-hərbi gücün sivilləşdirilmiş formasıdır və Rusiya da bu boşluqdan məharətlə istifadə edir".
Partiya sədrinin sözlərinə görə, "Keçmiş SSRİ məkanındakı bütün münaqişələrin müəllifi Rusiyadır. Krım hadisələrinə gəlincə isə, güman etmirəm ki, bu konflikt Hayastan-Azərbaycan münaqişəsi səviyyəsinə qalxa bilər. Çünki Qərb dövlətləri və Birləşmiş Ştatlar mümkün olan bütün dinc vasitələrdən istifadə edəcəklər ki, Ukraynanın ərazi bütövlüyünü qoruyub saxlasınlar".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Unikal"a açıqlamasında bildirdi ki, "Rusiyanın Krımla bağlı atdığı addım gözlənilən idi və beləliklə, GUAM məkanında vəziyyət tam şəkildə eyniləşdi: Moldovada Dnestryanı respublika, Ukraynada Krım, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Azərbaycanda isə Dağlıq Qarabağ. Təbii ki, Ukraynada Maydan hərəkatı başlayandan bəri Rusiya proseslərin nə ilə nəticələnəcəyini çox yaxşı bilirdi və Ukraynanın Avropa Birliyinə və NATO-ya inteqrasiyasının qarşısını almaq üçün mümükün olan bütün üsullara əl atacaq. Amma Rusiya NATO-nu öz sərhədlərinə yaxın buraxmamaq cəhdlərində, görünür, odla oynadığını yaddan çıxardır. Bu təhlükəli od isə Rusiyanı qaçılmaz şəkildə gözləyən iqtisadi böhrandır".
Əli Əlieyvin sözlərinə görə, "Krım böhranı başlayandan bu günə qədər Rusiya rublun dəyərdən düşməsi sayəsində 80 milyard ABŞ dollarına qədər itkiyə məruz qalıb və Krım parlamentinin məlum qərarından sonra bölgədə durumun ağırlaşacağı səbəbindən bu rəqəm yaxın günlərdə xeyli yüksələcək. Qərbin Rusiyaya nisbətdə seçdiyi üsul da elə bundan ibarətdir. Yəni ona qarşı iqtisadi tədbirlər tətbiq etməklə geri çəkilməyə məcbur etmək. Krım probleminin hərbi variantda həlli perspektivsiz işdir. Zatən Rusiya da elə bu variantın baş tutmasına cəhd edir. Lakin daha çevik tərpənən Qərb siyasətçiləri incə üsula əl atıblar və yaxın aylarda Rusiyanı bürüyən ağır iqtisadi böhranın şahidi olacağıq".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:53
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33