Bəzi icra başçılarının “şirkətləşmə sevdası”
16:49 15-03-2014
CƏMİYYƏT
Bəzi icra başçılarının “şirkətləşmə sevdası”
Bölgələrdə bir nəfərin adına çoxsayda firmaların yaradılması nədən xəbər verir?
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarının təhlili göstərir ki, ölkədə qeydiyyatdan keçən yeni şirkətlərin tam əksəriyyəti bir qrup şəxs tərəfindən təsis olunur. Bunu son ayların müşahidəsi göstərir.
Bir müddət əvvəl məlum olub ki, təkcə 2013-cü ilin noyabr ayının 18-dən bu ilin yanvar ayının 9-dək olan dövr ərzində ölkədə 1502 şirkət yaradılıb. Onların təqribən yarısı, yəni 700-ü 20 nəfərin “məhsuludur”. Bir qayda olaraq bu şirkətlərin nizamnamə kapitalı 5-10 manat arasında dəyişir. Kommersiya hüquqi şəxslərin reyestrinə daxil edilən bu kasad məlumatlar təsdiq edir ki, gün ərzində bu şəxslərin adına ölkənin müxtəlif regionlarında bir neçə şirkət yaradılır. Yəni eyni şəxs, məsələn, Əbülfəz İnşalla oğlu Məmmədov həm Bakıda, həm də respublakanın daha üç bölgəsində (Zaqatala, Sabirabad və Gədəbəy) saysız-hesabsız şirkətlər yaradır. Hesablamalara görə, təkcə bu şəxs yuxarıda qeyd olunan tarixlərdə 63 şirkəti dövlət qeydiyyatına aldırmağa müvəffəq olub. Başqa sözlə desək, yuxarıda qeyd olunan tarixlərdəki 34 iş gün ərzində həmin şəxs hər gün orta hesabla 2 şirkət “istehsal edib”.
18 noyabr - 9 yanvar tarixlərində daha çox şirkət yaratmaq yarışmasında isə birincilik Ağarəhim Qəribşah oğlu Məmmədova məxsusdur - 76 şirkət. “Turan” agentliyi bu şəxsin daha əvvəlki dövrdə də çoxsaylı şirkətlər yaratdığını və onların direktoru vəzifəsini daşıdığını yazmışdı.
Şirkət yaratmaqda ad çıxarmış şəxslər sırasında Teymur Mömin oğlu Əliyev (69 şirkət), Fərqan Etibar oğlu Cəfərli (74), Elvin Cəmil oğlu Əsgərov (67), Mehman Canmirzə oğlu Mirzəliyev (35), Allahyar Adışil oğlu Mirzəyev (31), Şamil Ramazan oğlu Qandayev (36), Aqil Dadaş oğlu Dadaşov (18), Səyyad Mirhəsən oğlu Hüseynov (14) da var. Ölkənin müxtəlif bölgələrində çoxsaylı şirkətlər yaratmaqla onlar bir növ “regional inkişafa dəstək verirlər”.
Bəs bunun səbəbi nədir? Müşahidələr göstərir ki, əyalətlərdə “şirkətləşmə” bir qayda olaraq yerli icra başçılarının xüsusi manevrlərindən biridir. Bu cür firmalar yaratmaqla onlar rəhbərlik etdikləri rayonlarda dövlət investisiya layihələrinin icrası üçün ayrılan vəsaitləri istədikləri kimi xərcləmək imkanı əldə edirlər. Onlar özlərinə yaxın çoxsayda firmalar yaratmaqla abadlıq, təmir və tikinti işləri üçün büdcə vəsaitlərini heç bir tender olmadan, tamamilə qeyri-şəffaf şəraitdə həmin firmalar vasitəsilə “havaya sovururlar”.
Artıq bu cür faktların çox qabarıq ortaya çıxması problemin kifayət qədər ciddi olduğuna dəlalət edir. İstisna deyil ki, hökumət kulislərində də bu problemlə bağlı məlumatlıdırlar və yaxın zamanlarda biz haqqında danışılan tendensiyanın qarşısının alınması üçün konkret addımların atılmasının şahidi ola bilərik.
Heç kimə sirr deyil ki, indi Azərbaycanda elə icra hakimiyyəti rəhbərləri var ki, onların sərvətləri hətta iri oliqarx-məmurların varidatından geri qalmır. Bunun səbəbi isə məhz belə icra başçılarının çoxsaylı korrupsiya kombinasiyalarına malik olmasındadır ki, bir şəxsin adına müxtəlif firmalar yaradaraq, bütün büdcə sifarişlərini onlara yönəltməklə sözün həqiqi mənasında “qaz vurub, qazan doldururlar”.
Artıq bu problemin bütün çılpaqlığı ilə ortaya çıxması isə belə neqativ hallara qarşı mübarizə tədbirlərinin gücləndirilməsini zəruri edir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55