Krımda vətəndaş müharibəsi başladı
16:50 15-03-2014
CƏMİYYƏT
Krımda vətəndaş müharibəsi başladı
Avropa İnsan Haqları Məhkəməsi Ukraynanın Kremlə qarşı iddiasını icraata götürdü
Krımda vəziyyət ağırlaşıb. Krımözünümüdafiə dəstələri Ukrayna hərbiçilərinə qarşı odlu silahdan istifadə etməyə başlayıblar. Qarşıdurmalar zamanı bir fransız jurnalist də həbs olunub. Lakin Krım özünümüdafiə dəstəsi bir neçə saatdan sonra onu azad edib.
Canal + təmsilçisi telejurnalist Devid Qifro Krım özünümüdafiə dəstələri tərəfindən həbs olunduğu bildirilir. Sərhədsiz reportyorlar təşkilatı Krımda olan KİV nümayəndələrinə xəbərdarlıq göndərərək, onları diqqətli olmağa çağırıblar: "Siz hədəfdəsiniz, ehtiyatlı olun!"
Jurnalistin Simferopolda yerləşən hərbi bazalardan birindən azad edilməsi zamanı Ukrayna hərbiçiləri ilə Krım özünümüdafiə dəstələri arasında atışma baş verib. Krım təmsilçilərinin odlu silahdan istifadə etdikləri bildirilir. Ölən və yaralıların olduğu bildirilsə də bu barədə heç bir rəsmi məlumat verə olmayıb. Bəzi KİV-lər baş verənlərin bölgədə vəziyyətin daha da gərginləşməsinin göstəricisi və hətta vətəndaş müharibəsinin başlanğıcı olduğunu qeyd edirlər.
Ukraynanın Donetsk şəhərindəki Lenin meydanındakı toqquşmalarda isə 1 nəfər ölüb, 10 adam yaralanıb.
Donetskdə Ukraynanın ərazi bütövlüyünə dəstək mitinqi keçirilib. Lakin separatçılar təxribata əl atıblar və dava düşüb. Rusiya tərəfdarlarının əllərində taxtalar olub. Milis toqquşmanın qarşısını çətinliklə alıb və Rusiya əleyhdarlarını meydandan mühafizə altında çıxarıb.
Bu arada məlum olub ki, Avropa İnsan Haqları Məhkəməsi Ukraynanın Rusiyaya qarşı qaldırdığı iddianı icraata götürüb və öz reqlamentinin 39-cu maddəsinə əsasən bu ölkəyə qarşı müvəqqəti tədbirlər tətbiq edib. Bu tədbirlərə əsasən Avropa İnsan Haqları Konvensiyasının pozulmasına yol verməmək üçün Rusiya Ukrayna ərazisində Ukrayna vətəndaşlarına qarşı istənilən hərbi fəaliyyətlərdən və güc tətbiqindən çəkinməlidir. Bu barədə Ukraynanın ədliyyə naziri Pavel Petrenko açıqlama verib.
Nazir bu faktın Ukraynanın beynəlxalq məhkəmə instansiyalarında kiçik qələbəsi olduğunu söyləyib: "İndi təkcə dünya siyasəti deyil, beynəlxalq məhkəmə qurumları da Ukrayna ərazisində Rusiya tərəfindən təməl insan haqlarının pozulduğunu təsdiqləyirlər. Bu cür qərarlar çox önəmlidir, çünki Ukraynaya qarşı hərbi təcavüz əmri verən rəhbərlər nə vaxtsa öz vəzifələrindən gedəcəklər, lakin beynəlxalq qanunvericiliyə əsasən belə qərarlar zaman məhdudiyyəti olmadan həmin şəxsləri məsuliyyətə cəlb etməyə zəmin yaradır. AİHM maksimal qısa bir müddətdə qərar qəbul edib. Biz nahar vaxtı müraciət etdik, artıq axşam məhkəmə öz saytında bu qərarı açıqladı. Bizimlə birlikdə fövqəladə dar bir zaman çərçivəsində bu müraciətin hazırlanmasında iştirak edən vəkillər və beynəlxalq hüquqşünaslar qrupuna təşəkkür edirəm".
Rusiya və NATO hərbi komandanları
Ukraynadakı vəziyyəti müzakirə etdi
Rusiya və NATO hərbi komandanları Ukraynada yaranmış vəziyyəti müzakirə ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir.
Telefon danışığı zamanı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Rusiya müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Hərbi Komitəsinin sədri general Knud Bartels Rusiya-NATO münasibətlərinin hazırkı vəziyyətini və Ukraynadakı böhranı müzakirə ediblər.
Böyük Britaniyadan Kremlə şok hədə
"Krımda referendumun ləğv olunmayacağı və Moskvanın Kiyevlə danışıqlara başlamayacağı təqdirdə, Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək". "İTAR-TASS"ın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya XİN rəhbəri Uilyam Heyq bildirib.
"Gərginliyin aradan qaldırılmasına yönəlmiş cavab addımlarından biri də bu referendumun ləğv olunması və beynəlxalq danışıqların başlanmasıdır", deyə Böyük Britaniya XİN rəhbəri bildirib.
Uilyam Heyqin sözlərinə görə, martın 16-da Krımda keçiriləcək referendum qanunsuz və qeyri legitimdir. "Əgər bu məsələlərlə bağlı yaxın günlərdə irəliləyiş müşahidə olunmazsa, Avropanın bu böhrana cavab tədbirlərinin yeni mərhələsi başlanacaq. Bu tədbirlər səfərlərə qadağa və Rusiyadan olan müəyyən şəxslərin aktivlərinin dondurulmasını nəzərdə tutur", deyə nazir bildirib.
"Bu məsələ martın 17-də Brüsseldə mənim iştirak edəcəyim AB ölkələrinin XİN rəhbərlərinin toplantısında müzakirə olunacaq", deyə Uilyam Heyq vurğulayıb.
Sabiq müdafiə nazirinin oğlu Krımda oğurlandı
Avtomaydanın üç fəalı ötən axşam Krımda yoxa çıxıb. Bunu Ukraynanın xalq deputatı, eks müdafiə naziri Anatoliy Qritçenko öz Facebook səhifəsində yazıb.
Deputat statusunda bunları yazıb: "Kiyevdən olan üç avtomaydançı Krımda yoxa çıxıblar! Dünən saat 23.00-dan onlarla əlaqə kəsilib. Bizə yalnız bu məlumatları ötürməyə imkanları oldu: Simferopolda Aviasiya küçəsində onların maşınını 3 JİP qovub, atəş açıblar... Cümə axşamı səhər Sevastopoldan çıxanda onları Xonda Accord SN2419AA avtomobili ilə izləyiblər."
Onun bildirdiyinə görə söhbət onun böyük oğlu - Avtomaydanın koordinatoru Aleksey Qrıtçenko, onun dostları Sergey Suprun və Natalya Lukyançenkodan gedir.
Deputat qeyd edir ki, avtomaydançılar digər fəallarla və məclisin nümayəndələri ilə birlikdə son həftəni Krımda olublar. Onlar krım tatar xalqından ərzaq, tibbi ləvazimatları, elektrik generatorları və ukraynalı əsgərlərin yaşaması üçün vacib olan başqa əşyalar alaraq yarımadadakı hərbi hissələrə daşıyıblar.
Qritçenko həmçinin bildirib ki, mobil telefonun monitorinq sistemi itkin düşmüş avtomaydançıların hərbi komissarlığın yerləşdiyi Simferopoldakı Kiyev küçəsi 152 ünvanında olduğunu göstərir. Lakin hərbi komisarlığın gözətçiləri avtomaydançılardan heç kimi orada olmadığını iddia edirlər.
Deputatın xahişi ilə yerli milis axtarış ərizəsini qəbul etsə də, hələ bir nəticə yoxdur.
Krım əhalisi nə istəyir?
Krımda martın 16-da keçiriləcək referenduma son hazırlıqlar gedir. Krımın gələcəyini müəyyənləşdirəcək referendum ərəfəsində paytaxt Simferopolda bir canlanma hiss edilir.
Şəhərin bəzi bölgələrində səsvermə ilə əlaqədar plakatlar asılıb. Plakatların əksəriyyətinin asılmasını Rusiya tərəfdarı olan Krım Parlamenti təşkil edib. Ümumilikdə, Simferopolda təbliğat-təşviqat kampaniyası güclü olmasa da, nəzərə çarpır.
Krım əhalisi isə referendumda nəyə səs verəcəklərinə hələ dəqiq qərar verməyiblər. Bəzi sakinlər Krımın da Kiyevə bənzəməsindən qorxduqlarını, lakin Krımın Ukraynanın tərkibində qalmalı olduğunu bildirirlər.
Digərləri isə Rusiyanın Ukraynadan daha güclü dövlət olduğunu əsas gətirərək, Krımın Rusiyaya birləşdirilməsini istəyir. Rəyi soruşulanların bir qismi isə fikirlərinin qarışıq olduğunu bildirərək, referendumda səs verməyəcəklərini bildiriblər.
Proqnoz: "A planı
Ukraynanı bütünlüklə
ələ keçirmək, B planı
isə Qazaxıstanı..."
Rusiyanın bu günə kimi sərgilədiyi davranışlar deməyə əsas verir ki, o Krımdan çəkilmək niyyətində deyil. Dünya ictimaiyyətini də düşündürən əsas sual budur: Rusiya Krımdan çəkiləcəkmi? Cavabı axtarılan digər suallar da var: Qərbin ehtimal olunan sanksiyaları vəziyyəti dəyişdirəcəkmi, Krım tatarlarının vəziyyəti necə olacaq, Ukraynanın bölünmə təhlükəsi varmı?
ABŞ mediasına müsahibəsində bu və digər sualların cavabını Vaşinqtondakı Alman Marşall Fondunun Avrasiya üzrə mütəxəssisi, keçmiş səfir Temuri Yakobaşvili verib.
Sanksiyaların faydalılığına gəlincə, keçmiş səfir hesab edir ki, yalnız ABŞ-ın sanksiyaları ilə irəliləməni təmin etmək mümkün deyil. O, Avropa İttifaqı və Kanadanının da yer aldığı Qərb güclərindən ibarət bir gücün ortaq mövqe nümayiş etdirməsinin vacib olduğunu deyir. "Gerçəyi qəbul etmək lazımdır. Sanksiyalar yalnız bu halda təsirli olar. Sanksiyalar koordinasiya olunmalıdır. Yalnız adı açıqlanmayan bir neçə şəxsə qarşı viza qadağası ilə nəyəsə ümid etmək olmaz", - T.Yakobaşvili deyib.
Krımdakı gərginlikdən ən çox narahat olanlar isə heç şübhəsiz ki, Krım tatarlarıdır. T.Yakobaşviliyə görə, Krım tatarlarının narahat olması üçün əsaslar kifayət qədərdir: "Krım tatarlarının ruslarla bağlı xatirələri heç vaxt yaxşı olmayıb. Onlar Rusiya imperiyası tərəfindən təcrid ediliblər, Sovet İttifaqı dövründə sürgün olunublar. Sovet rəhbərliyi onlarla ikinci dərəcəli vətəndaş kimi davranırdı. İndi isə ruslar burunlarının dibinə qədər gəliblər. Krım tatarlarının narahat olmaları üçün hər cür səbəb mövcuddur. Krım tatarları Rusiyada yaşayan digər azlıqlara olan münasibətdən xəbərdardır. Çeçenlərin, inquşların və digər müsəlman xalqlara hansı münasibətin göstərildiyini bilirlər".
Keçmiş səfir Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun "Problem yaranarsa, Krım tatarlarının köməyinə gələn ilk ölkə Türkiyə olacaq" sözlərini də şərh edib. T.Yakobaşvili hesab edir ki, bu, diplomatik bir yanaşmadır. "Burada həyata olan təhlükədən danışmırıq. İnsanların qarşılaşa biləcəyi həyat keyfiyyətindən bəhs edirik. Əlbəttə, burada həyat davam edəcək, amma bu necə bir həyat olacaq? Əsas məsələ budur. Krım tatarları fundamental insan hüquqlarını qoruya biləcəklərmi? Hər cür ittihamlar və qarayaxma kampaniyasına qarşı qoruna biləcəklərmi? Rusiyada media deməyə dilim gəlmədiyi təbliğat maşınlarında tatar əhalisi arasında radikal islamçıların, "Əl-Qaidə" üzvlərinin olduğu barədə xəbərlər dərc olunur. Bunlar təbii ki, uydurmadır. Türkiyənin ata biləcəyi ən gözəl addım Avropa İttifaqı, ABŞ və NATO ilə birgə hərəkət edərək NATO-ya məxsus döyüş gəmilərinin İstanbul boğazından keçməsinə yardım etməkdir. Bundan başqa humanitar yardım mövzusunda da atılacaq addımlar var. Çünki, Krımdakı vəziyyət yaxın vaxtlarda siyasi böhrandan humanitar böhrana çevrilə bilər", - keçmiş səfir Krım tatarlarının çətin bir vəziyyətdə olduğunu bildirir.
Alman Marşall Fondunun Avrasiya üzrə mütəxəssisi bugünkü böhranın əsas səbəbinin Qərbin Vladimir Putini kifayət qədər ciddi qəbul etməməsi olduğunu deyir: "Rusiya çox maraqlı bir ölkədir. Çünki onun lideri Rusiya Federasiyasına inanmır. Putin Rusiyaya aşiq deyil. O, daha böyük bir ölkəyə inanır. Buna istər "Yeni Sovet İttifaqı", istər "Liberal Avrasiya İmperatorluğu", istərsə də başqa bir ad qoyun. Amma burada əsas problem odur ki, Putin niyyətini əsla gizləmir. Hətta yüksək səslə ifadə edərək bunu edəcəyini söyləsə də, kimsə onu ciddi qəbul etmir. Məhz buna görə də Qərbdə bir qarışıqlıq var. Çünki əgər ciddi qəbul edilsəydi, Qərbin əlində hazır cavab tədbirlərinin olduğu bir paket olardı".
"Bundan sonra nə olacaq" sualına isə T.Yakobaşvilinin cavabı isə xeyli ümidsizdir: "Rusların A və B planı var. A planı Ukraynanı bütünlüklə ələ keçirməkdir. Bu mümkün olmasa, B planı işə düşəcək. B planının məqsədi isə Moldova və Gürcüstanda olduğu kimi heç olmasa ərazinin 20 faizini almaqdır. Bundan sonra nə ola bilər? Hər halda Qazaxıstanın rus əhalinin sıx olduğu şimal bölgəsi gündəmə gələ bilər. Yəni, bu sonu heç də yaxşı olmayan bir hekayədir. Əgər cavabı lazımı şəkildə verilməzsə, Rusiyanın daha çoxunu ələ keçirmək arzusu həmişə qalacaq".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49