Novruz  bayramının tarixi kökləri
Novruz bayramının tarixi kökləri

Əsrlərdir keçirilən bayramın bütün dəyərləri qorunub saxlanılıb

Bayram gəlməzdən əvvəl başlanan həyəcan, sonra çərşənbələr, cücərdilən səmənilər, tonqal, evlərdən gələn cürbəcür şirniyyat ətri, boyanan rəngbərəng yumurtalar illərdir ki, yazın gəlişi ilə qeyd etdiyimiz sevimli bayramımızın - Novruzun müjdəçisi, atribut və əlamətləridir. Novruz rəngarənglik, gözəllik və sevgi bayramıdır. Bu, yazı həsrət və səbirsizliklə gözləməyimizin əsas səbəbidir bəlkə.

Folklorşünaslar isə bildirirlər ki, xalqımız Novruzla bağlı zəngin ənənə və dəyərlərini, ritual və mərasimlərini, milli bayramlarını yaşadaraq yad təzahürlərdən hifz etməklə həm də milli kimliklərini, tarixi etnos kimi mövcudluqlarını qoruyublar. Milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə özündə böyük bədii-estetik, mifik, mənəvi-əxlaqi dəyərləri, ülvi və dünyəvi duyğuları, tarixi-etnoqrafik dəyərləri təcəssüm etdirir. Bu bayram xalqımızın maddi-mənəvi mədəniyyətinin çox qədimliyinə dəlalət edən sosial hadisə kimi nəzərdən keçirilməlidir.Novruz hələ qədim zamanlardan xalq tərəfindən yüksək səviyyədə qeyd olunub. Təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bayram, insanla təbiətin bütövləşməsi, harmoniyası sayılıb. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.Novruz mərasim sistemi və ilkin semantikası etibarilə baharın gəlişi ilə harmoniyada gerçəkləşən insanın yaradılışı mifi ilə bağlıdır. Bu bayram Şərq xalqları tərəfindən rəsmi bayram kimi qəbul edilməsi tarixinə qədər müxtəlif mərhələlərdən keçə-keçə uzun bir yol qət edib. Novruz mərasim kompleksində əsas olan dörd çərşənbə insanın dörd ünsürdən yaradılması haqqında dini-mifik görüşlərini simvollaşdırır və öz mahiyyəti etibarilə ilkin yaradılış dialektikasını işarələyir.İstər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən əsas ünsürdür. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Su çərşənbələrində xalq arasında bu gün də yaşadılan ayin və etiqadlar bu fikri təsdiq etməkdədir. İkinci çərşənbə - od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsini, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv varlığı daha çox odun sakral mahiyyəti ilə əlaqələndirilib.Yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini təşkil edir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Sonuncu - ilaxır çərşənbə isə torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi ünsürü olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşlərində, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı yaradılışın maddi əsası olmasından irəli gəlməklə müqəddəs mifoloji energetikaya da malikdir. Yazda torpağın oyanması mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır.Folklorşünasların sözlərinə görə, Novruz bayramı azərbaycanlıları vətənə, ata yurdlarına, milli köklərə daha sıx bağlayır. Novruz həm də yurdumuzun əzəmət bayramıdır. Novruzda min illik milli adət-ənənələrimiz, tarixi-mədəni irsimiz bir daha yad edilir və yaddaşlarda təzələnir. Novruz həm də tariximizi, soyumuzu, kökümüzü, milli mənsubiyyətimizi özündə əks etdirir.Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun elmi əməkdaşı Atəş Əhmədlinin sözlərinə görə, bu bayram cəmiyyətin də harmonik bərabərliyə gəlməsi, sosial baxımdan bərabərləşməsi cəhətdən maraq doğurur. Bayram həm cəmiyyət, həm təbiət bərabərliyi anlamına gəlir. Folklorşünasın fikrincə, Novruz və Novruza qədərki mərasimlər toplumun milli birliyini şərtləndirir. Bayramdan əvvəl dörd əsas və üç yalançı çərşənbə olmaqla yeddi çərşənbənin keçirilməsi də insanların toplaşma və birləşmə istəyidir: "Bu bayram insanlar üçün yaza çıxma, təbiətin dirilməsi anlamına gəlir. Mifoloji düşüncədə də təbiət insan kimi canlı təsəvvür olunur. Bu bayram məhz köhnə ilin bitməsi, yeni ilin gəlişi, təbiətin yenidən dirilməsi məsələsidir. Bu həm də sadə bir azərbaycanlının, türk insanının təsərrüfat həyatının dirçəlməsi, yeni həyata daxil olması, təbiətin çiçəklənməsi, yazın gəlişi, günəşin, istiliyin artması kimi izah oluna bilər. Lakin bu, qlobal səviyyədə təbiətdə olan xaotik vəziyyətin kosmosa keçməsi, nizamlanması, yəni keçid məsələsidir. Yaz bərabərliyi olan zaman nizam yaranır. Burada söhbət şimal yarımkürəsində yaşayan xalqlardan gedir".Atəş Əhmədli qeyd edir ki, bayramda həm də zəngin mətbəx mədəniyyəti və teatral mədəniyyət var: "Kosa və Keçəlin paylaşması, pay alıb verməsi cəmiyyətdə sosial harmoniyanı ifadə edir. Burada pay yığmaq təsadüfi məsələ deyil. Kosanın daxil olduğu qapıya xeyir-bərəkət gətirdiyinə inanılır. Novruzda karnaval mədəniyyətinin izlərini yaşadan komplekt var. Qlobal səviyyədə Novruz sülh, bərabərlik və barışdır. Bu gün bayramın YUNESKO səviyyəsində qəbul olunması türk xalqlarının mədəniyyətinin dünya tərəfindən qəbul olunması anlayışıdır".Folklorşünasın sözlərinə görə, sovet hakimiyyəti dövründə Novruz bayramının keçirilməsinə qoyulan qadağa məhz milli birlik anlayışının məhvinə yönəlmişdi: "Novruz cəmiyyətdə bir harmoniya yaradır. Hakimiyyət xalqla bir müstəviyə gəlir, tam bərabərlik yaranır, ortada fərq olmur. Bayramda hökumət və rəiyyət deyil, bir bərabərlik olur. Bu bərabərlik özündə həm təbiətin bərabərləşməsini, həm cəmiyyətdə bir harmoniyanın yaranmasınmı ehtiva edir. Paylaşmaq, pay alıb vermək də bu harmoniyanın gözlənilməsidir. Bu səbəbdən sovet dövründə Novruzun qadağan edilməsi bu birliyə vurulan zərbə idi, əsas strategiya o idi. İnsanlar bir yerə yığışarsa, çoxluq təşkil edər, paylaşsa - birləşər, bütövləşər, bir millət halına çevrilər. Milli adətlərin dirçəlməsi uğrunda o zaman çalışan şəxslərin aqibəti bizə bəllidir. Təbii ki, imperiya buna imkan vermirdi. İmkan verməsə də insanlar evlərinin küncündə gizlicə öz bayramlarını əziz tuturdular. Çünki bu, elə bir adət idi ki, onu unutmaq mümkün deyildi. İnsanların artıq qan yaddaşına keçmişdi. Bu bayramın birlik, bərabərlik, bütövləşmək kimi prinsipləri var. Bu prinsipləri imperiya da, bizə qarşı olanlar da yaxşı bilirdilər. Hətta İslama qədər mövcud olan bu bayrama İslam dini ölkəmizdə yayıldıqdan sonra da münasibət yaxşı olmayıb. Xalqın qədim adətləri unutdurulmağa çalışılıb. Ərəb mədəniyyəti türk mədəniyyətinin sıxışdırılmaq üçün çox işlər görüb. Bu qadağalar, basqılar dəfələrlə təkrarlanıb. Amma xalqın bu bayramını heç kim əlindən ala bilməyib. Bu, xalqın ilkin düşüncəsi, ilkin fəlsəfəsi idi. Sadə bir kəndin keçirdiyi mərasim deyildi, türk arealında böyük bir mədəni sistemi özündə ehtiva edən mərasim idi".Atəş Əhmədlinin sözlərinə görə, vaxtilə bayrama qoyulan qadağaların məqsədi birləşməyin, bir yerə yığışmağın qarşısını almaq idi.AMEA Folklor İnstitutunun azsaylı xalqların folkloru bölməsinin müdiri Ləman Süleymanova da qeyd edir ki, bu bayram bütün türk xalqlarında keçirilir: "Novruz bayramı qışdan yaza keçidi bildirir. Olduqca uzun, ağır, çətin qışdan çıxan xalq bunu bayram olaraq qarşılayır. Türk xalqlarında bu bayramın ad fərqi var. Biz Novruz, türklər Yılbaşı, qazaxlar Navrız deyirlər. Bu bayramın türk xalqlarında ərazidən asılı olaraq keçirilmə vaxtı da dəyişilir. Bu bayram milli birliyə çağırış kimi səciyyələndirilir".Sosioloq Rafiq Təmrazov isə deyir ki, Novruz təkcə azərbaycanlıların deyil, türk xalqlarının hamısının milli birlik bayramı kimi qəbul oluna bilər. Cəmiyyət, toplumlar formalaşanda onların bir olması üçün dəyərlər, milli birlik olması üçün müəyyən əlamətlər olmalıdır. Bu bayram xalqın birliyinə zəmin yaradan mərasimdir: "Azərbaycanda milli oyanışla təbiətin oyanışı bu bayramda birləşir. İnsanlar bir-biri ilə paylaşdıqca yaxınlaşır. Novruz mərasimlərində psixoloji və sosial baxımdan yaxınlıq var".
Beləliklə, yazın gəlişini, təbiətin oyanışını, əkin işlərinin başlanmasını dünya xalqlarının bir çoxu Novruz bayramı kimi qeyd edir. Novruz çərşənbələrində xalqımızın adət-ənənələri, tarixi yaşayır. Novruz həm də təmizlik, abadlıq, gözəllik, sevinc və xeyirxah işlər bayramıdır. İnsanlar məşəqqətli günlərə, sıxıntılı həyata son qoyub tükənən gücləri bərpa edir. Bu bayram insanların gözlərinə işıq, qollarına qüvvət, ayaqlarına güc verir, qəlblərini ümid və inamla doldurur.Novruz dünyanın və insanın yaradılış bayramıdır. Onun epoxaları, xalqları, dinləri, qitələri əhatə edən kulturoloji-fəlsəfi əzəmətinin, milli böyüklüyünün əsasında varlıq aləminin yaradılışı haqqında ilkin mifoloji-kosmoqonik konsepsiya durur. Novruz özünün qlobal məkan və zaman coğrafiyasında heç vaxt ilkin yaradılış fəlsəfəsindən məhrum olmayıb, dünyanın harasında, tarixin hansı dönəmində olursa-olsun, təbiətin insanın varlığını təzələyib, yenidən yaradaraq yox olmaqdan qoruyub. Novruz bayramı millətin mövcudluğu üçün hava və su kimi lazım olan milli energetikanın məkanlararası daşıyıcısı, zamanlararası ötürücüsüdür.Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın təşəbbüsü ilə BMT də 21 martı Beynəlxalq Novruz Günü elan edib. Bu da bayramın bəşəri miqyasdakı roluna yüksək önəm verildiyinə dəlalət edir.
Fuad