Putin Ukraynanın şərqi üçün "düyməni basdı"
14:19 08-04-2014
CƏMİYYƏT
Putin Ukraynanın şərqi üçün "düyməni basdı"
Kremlin rəhbəri yeni işğalçılıq planını həyata keçirməyə başladı
Rusiyameylli fəallar Ukraynanın şərqində yerləşən Donetsk, Xarkov və Luqansk şəhərlərində hökumət əleyhinə aksiya keçirir. Bir sıra hökumət binalarını ələ keçirən aksiyaçılar bölgədə referendemun keçirilməsini tələb edir.
Luqansk şəhərində nümayişçilər Ukrayna Təhlükəsizlik Xidmətinin binasını nəzarət altına alıb.
Aksiya iştirakçıkarı UTX-də olan silah-sursatların saxlanıldığı otağı ələ keçirib. Son məlumatlara görə, bina ələ keçirilərkən 9 nəfər xəsarət alıb. Onlardan biri 16 yaşlı qız, digərinin isə 21 yaşlı əsgər olduğu deyilir. Şəhərin mərkəzində 3 minədək adam toplaşıb. Rusiyameylli fəallar aksiyalar zamanı saxlanılanların siyahısını hazırlayıb və onların dərhal buraxılmasını tələb edir.
Bu arada Ukrayna Baş Dövlət Yol Polisi İdarəsi Luqansk şəhərinə bütün nəqliyyat vasitələrinin girişini qadağan edib. Ukrayna daxili işlər nazirliyi şəhərdə əməliyyat-istintaq tədbirləri həyata keçirir.
Ukrayna güc strukturlarının rəhbərləri şərq
vilayətlərinə yola düşdü
Ukrayna güc strukturlarının rəhbərləri yeni separatçılıq dalğasının baş qaldırdığı şərq vilayətlərinə yola düşüblər. Bu barədə özünün "Facebook" səhifəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Viktoriya Syumar yazıb.
Güc strukturlarının fəaliyyətinə cavabdeh olan baş nazirin müavini Vitali Yarema Donetsk, daxili işlər naziri Arsen Avakov Xarkov, Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy isə Luqansk vilayətinə yollanıblar. "Onlar separatizmə qarşı addımlar atmaq üçün bütün səlahiyyətlərə malikdirlər", - deyə V. Syumar söyləyib.
Kiyevdə prezidentin çağırışı ilə təhlükəsizlik iclası
Ukraynanın şərq bölgələrindəki qarışıqlıqla bağlı ölkənin müvəqqəti prezidenti Aleksandr Turçinov Litvaya səfərini təxirə salıb, təcili təhlükəsizlik iclası keçirməyə qərar verib.
Ölkənin bütün təhlükəsizlik rəhbərləri iclas üçün Kiyevə çağırılıb. Görüş haqqında əlavə məlumat hələ ki, yoxdur.
Yanukoviç Ukraynaya qayıtdı
Krım Respublikasının Baş naziri Serqey Aksyonov Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Donetskdə olduğunu bildirib. Ukrayna saytlarının məlumatına görə, bu barədə Aksyonov bu barədə özünün Tvitter hesabında yazıb.
"Yanukoviç Donetskdədir. Təsdiqlənməyini gözləyirik", - deyə Aksenov yazıb.
Vaşinqtondan sensasion
Putin iddiası
"Amerika rəhbərliyi Moskvanın Krımı ilhaq etməsinə Rusiyanın qonşuluğunda yerləşən NATO üzvlərini dəstəkləməklə reaksiya verdi və düz etdi. Ancaq zəruridir ki, Vaşinqton Gürcüstan və Azərbaycandan keçən Cənubi Qafqaz dəhlizinə də diqqəti artırsın". Bu çağırışla Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitunun (Central Asia-Caucasus Institute) direktoru, Stokholmdakı Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi Svante Kornell "The Wall Street Journal" qəzetində dərc edilmiş məqaləsində çıxış edib.
Svante Kornell "Putinin Avrasiya ambisiyalarının cilovlanması" başlıqlı məqaləsində yazır ki, Ukraynanın və Cənubi Qafqaz ölkələrinin taleyi bir-biri ilə sıx bağlıdır: hər iki region Vladimir Putinin Belarusdan Tacikistana qədər uzanan "Avrasiya imperiyası" xəyalları baxımından böyük əhəmiyyət kəsb edir. "Amerika-Rusiya münasibətləri Ukraynaya görə korlanır, lakin bunun neqativ təsirləri Ukrayna ilə məhdudlaşmır. Putin Cənubi Qafqaz dəhlizinin strateji əhəmiyyətini Qərbin planlarının bir çox müəlliflərindən daha artıq başa düşür. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin də təsdiq etdiyi kimi 2008-ci ildə Gürcüstana hərbi müdaxilə də NATO-nun Cənubi Qafqaza doğru genişlənməsini dayandırmaq idi" - deyə S.Kornell yazır.
Amerikalı ekspert daha sonra bildirir: "Moskva artıq Ermənistan üzərində nəzarətini möhkəmləndirib. Və Gürcüstanda, Azərbaycanda Putin müxalif siyasətçilər, ictimai təşkilatlar və milli azlıqlar arasından rusiyameylliləri maliyyələşdirir. Ermənistandakı əhəmiyyətli hərbi iştirakından istifadə edərək Moskva istənilən vaxt iki ölkə arasında Dağlıq Qarabağa görə yaşanan amansız ziddiyyətlərdən istifadə edərək Ermənistanın Azərbaycanla münaqişəsini qızışdıra bilər. Gürcüstan isə Rusiya və onun Ermənistandakı hərbi bazası arasında yerləşir. Bu ilin yayında Gürcüstanın Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalayacağı nəzərə alınsa, Rusiyanın təzyiqlərinin güclənəcəyini gözləmək lazımdır. Bəs Moskva Gürcüstan üzərindən Ermənistandakı bazalarına dəhliz tələb etsə, nə etmək lazımdır?".
S.Kornellin qənaətinə görə, əgər Azərbaycan və Gürcüstan Putinin pressinqləri qarşısında geri çəkilsə, Moskva Əfqanıstan tranzitinə nəzarəti ələ keçirmiş olacaq. Onun sözlərinə görə, bu ssenari Vaşinqtonun Mərkəzi Asiyaya çıxışının itirilməsi deməkdir. "Deməli, Xəzərin enerji resurslarının Avropa İttifaqının enerji təminatını diversifikasiya etməyə imkan verəcəyinə dair bütün ümidlər də boşa çıxmış olacaq" - deyə ekspert yazır.
Svante Kornell hesab edir ki, prezident Barak Obama Gürcüstanın NATO-ya qəbulunu dəstəkləmək barədə rəsmi bəyanat vermək üzərində düşünməlidir. "Azərbaycan NATO-ya daxil olmaq barədə xahiş etmir. Bununla belə Vaşinqton Bakının NATO ölkələri ilə tərəfdaşlığının dərinləşdirilməsinə dair məsləhətləşmələr aparmalıdır. Bu ölkələrin birində Amerika hərbi bazasının yerləşdirilməsi Moskvaya dəqiq siqnal göndərmiş olardı. Cənubi Qafqaz rus imperializminin yeni dalğası qarşısında güclü bastiona çevrilə bilər, bir şərtlə ki, ABŞ üzünü yenidən regionun çevirsin" - deyə S.Kornell yazıb.
"Putini Hitlerin
aqibəti gözləyir"
Bu arada politoloq Vəfa Quluzadə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin Rusiyanın bu ölkənin digər ərazilərini işğal etməsinə yönəlik xəbərdarlığına münasibət bildirib. Vəfa Quluzadənin sözlərinə görə, Vladimir Putin ABŞ və Qərbin Rusiyanın Krımı işğal etməsinə göz yummasını arzu edir. Politoloq hesab edir ki, Kreml başçısının arzularında həmçinin bunun müqabilində Qərblə Rusiya arasında əməkdaşlığın davam etdirilməsi də var.
Rusiyanın bununla öz siyasi maraqlarına legitimlik qazandırmaq və davam etdirmək niyyətində olduğunu deyən V.Quluzadənin sözlərinə görə, Qərb isə Krımın işğalı faktı ilə barışmaq niyyətində deyil: "Rusiyanın Ukrayna sərhədlərinə qoşun yığması Qərbə təzyiqdir. Rusiya bunun Ukraynanı bütövlükdə işğal etmək gücündə olduğunu nümayiş etdirmək istəyir. Rusiya isə bu cür gedişlərlə Ukraynanın bütövlükdə işğalı üçün zəmin hazırlayır. Yanukoviç və Putin bütün imkanlarını ortaya qoyub Ukraynanın Şərq və Cənubunda vəziyyəti stabillikdən çıxarmaq istəyirlər. Bu regionlarda yaşayan ruslar arasında əvvəlcədən yerləşdirilmiş qruplaşmalar müəyyən maddi qarşılıq müqabilində aktivləşdirilirlər. Həmin qrupla Ukraynadan ayrılmaq, Rusiya ilə birləşməyi tələb edirlər. Rusiya təxribat qrupları ilə Ukrayna və Qərbi açıq şəkildə hədələyir. Belə gedişlər isə Donetsk və digər regionlarda qarşıdurma hallarını artırır. Rusiya isə geri çəkilmək fikrində deyil. Qərb Rusiyaya qarşı sanksiyalarının icrasına başlasa, Kreml Ukraynada vəziyyəti daha da gərginləşdirəcək. Ukraynada bu müstəvidə olduqca həssas vəziyyət yaranıb. Qərb də məsələnin Rusiyanın lehinə həll edilməsini istəmir və təkidlə rusların geri çəkilməsinə çalışır. Bu isə Qərbin Rusiyanı məhv etmək planının başlanması deməkdir. Putin bunu çox gözəl bilir. Putini isə Hitlerin aqibəti gözləyir. Çünki Qərb Kremlin geosiyasi layihələrinin məhv edilməsi planının reallaşdırılmasında istəkli kimi görünür. Ukraynanın işğal edilməsi Rusiya Federasiyasımın dağılmasına səbəb olacaq".
Vəfa Quluzadə bildirdi ki, Ukraynadakı həssas vəziyyət Qərblə Rusiya arasında silahlı müharibənin başlanmasına zəmin yarada bilər. Politoloq qeyd edib ki, region dövləti Çexiya da təhlükəsizliyinin təmini üçün NATO qüvvələrinin bu ölkədə yerləşdirilməsini istəyir: "Rusiya işğalçılıq siyasətindən geri çəkilməsə, NATO regionda möhkəmlənməklə Şərq və Cənubdan Ukraynaya qoşun yeridəcək. Şimali Atlantik Alyansının məsələyə qarışması vəziyyəti daha da gərginləşdirir. Rusiya axıradək Qərblə düşmənçilik siyasətinə sadiq qaldı. Ona görə də Qərbin Rusiyaya yönəlik alternativ variantı qalmayıb. Qərb gərək Putin Rusiyasını məhv etsin. Müttəfiqlər Rusiyanı dayandırmaq üçün bütün imkanlardan istifadə edəcəklər".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-27 15:56:04
2024-12-27 15:53:00
2024-12-27 15:45:44
2024-12-27 14:54:59
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10