İqbal Ağazadə ilə Sərdar Cəlaloğu müttəfiqliyi davam etdirəcəklər
14:22 08-04-2014
CƏMİYYƏT
İqbal Ağazadə ilə Sərdar Cəlaloğu müttəfiqliyi davam etdirəcəklər
Sərdar Cəlaloğlu:“Mənə elə gəlir ki, indiyə qədər Azərbaycan müxalifətinin yaratdığı birliklərin içərisində ən uzun ömürlüsü «Qarabağ» blokudur”
Məlum oğluduğu kimi, bu ilin payızında bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycanda bələdiyyələrin statusunun aşağı olması siyasi qüvvələrin bu seçkilərə marağını azaldıb.
Məsələn, qonşu Türkiyədə bələdiyyə seçkiləri ölkə müstəvisində müzakirə olunsa da, baş nazir və partiya liderləri səviyyəsində mübarizə getsə də, Azərbaycanda heç rayon təşkilatları səviyyəsində belə seçki mübarizəsi olmur. Bunu müxalifət partiyaları da etiraf edirlər. Düzdür, müxalifətin bələdiyyə seçkilərində aktivlik göstərməsi mümkün deyil. Çünki ən böyük dayağa malik olan AXCP ilə Müsavat belə ölkə bələdiyyəsinin 20-25 faizinə namizəd verə bilmir. Bu səbəbdən də seçki ili olmasına baxmayaraq, müxalif düşərgədə hərəkətlənmə yoxdur. Amma bəzi partiyalar, birliklər müəyyən hazırlıqlara başlayıblar. Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyasının bir araya gəldiyi "Qarabağ" bloku müəyyən qədər aktivlik nümayiş etdirirlər. Blokun hədəfləri bələdiyyə seçkilərindən daha çox 2015-ci il parlament seçkilərinə hesablanıb. "Unikal"a daxil olan məlumata görə, "Qarabağ" bloku 2015-ci il parlament seçkilərində seçki bloku kimi prosesə qoşulmaq niyyətindədir. Hətta bununla bağlı ADP sədri Sərdar Cəlaloğlu ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında razılığın olduğu da söylənilir.
Məsələylə bağlı "Unikal"a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu "Qarabağ" bloku müstəvisində müttəfiqliyin davam etdiriləcəyini təsdiqləyib. Onun sözlərinə görə, "Mənə elə gəlir ki, indiyə qədər Azərbaycan müxalifətinin yaratdığı birliklərin içərisində ən uzun ömürlüsü "Qarabağ" blokudur. Bir də vacib məqamlardan biri də odur ki,bu birlik tam konstruktivdir. Hətta bizim öz aramızda müəyyən maraqlarımız toqquşanda, fikir ayrılığı yarananda onu intriqalara, düşmənçiliyə çevirmirik. Gördünüz ki, 2013-cü il prezident seçkilərində bir blokda təmsil olunsaq da, ayrı-ayrı seçkiyə getdik, amma bu, bizim sonradan bir yerdə olmağımıza mane olmadı. Bu gün də çox yaxın münasibətlərə malikik və gələcəyə doğru birgə gedirik. İstəyirik ki, müxalifət düşərgəsində yeni mədəni birlik modeli nümunəsini ortaya qoyaq. Bu nümunənin məğzi də ondan ibarətdir ki, insanlar hər hansı müstəvidə fikir ayrılığına düşürsə, mədəni şəkildə müzakirə aparmalıdır, bu fikir ayrılıqları birliklərin dağılmasına gətirib çıxarmamalıdır".
"Qarabağ" blokunun 2015-ci il parlament seçkilərinə qədər qoruyub saxlaya biləcəklərinə gəlincə, S.Cəlaloğlu "Hər halda, hazırda münasibətlərimiz çox yaxşıdır. Vaxtaşırı toplantılarımızı keçiririk, müzakirələr aparırıq, ölkədə baş verən proseslərlə bağlı öz mövqeyimizi bildiririk. Parlament seçkilərinə gəlincə, onu deyə bilərəm ki,bu barədə indidən danışmaq hələ tezdir. Təbii ki, seçkilərdə birgə iştirak daha səmərəlidir. Amma hələ parlament seçkilərinə xeyli vaxt var. Yəqin ki, zamanı gələndə müzakirə aparıb qərarımızı verəcəyik", - deyə fikrini tamamlayıb.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40