Sabir Rüstəmxanlı AXCP ilə Müsavatı müxalifətin problemi adlandırdı
14:23 08-04-2014
CƏMİYYƏT
Sabir Rüstəmxanlı AXCP ilə Müsavatı müxalifətin problemi adlandırdı
Millət vəkili müxalifəti qeyri-səmimilikdə ittiham etdi
Millət vəkili Sabir Rüstəmxanlının son zamanlar radikal müxalifətə transfer ediləcəyi söylənilirdi. Bunun səbəbi kimi isə qardaşı Şahbaz Xuduoğlunun rastlaşdığı problem göstərilirdi. Belə ki, Şahbaz Xuduoğlunun rəhbəri olduğu "Qanun" nəşriyyatında yoxlamalar həyata keçirildi və külli miqdarda cərimələr tətbiq edildi.
Hətta buna görə nəşriyyatın bağlanacağıda bəyan edildi. Müşahidəçilər bildirir ki, hakimiyyətin bu addımından əsəbləşən millət vəkili qardaşına görə artıq AXCP və Müsavatla danışıqlara başlayıb və çox böyük ehtimal ki, Milli Şuraya üzv olacaq. Bunu da qeyd edək ki, Sabir Rüstəmxanlının sədri olduğu partiyanın bir neçə aktiv üzvü indi də Milli Şurada təmsil olunur. Nəhayət səslənən fikirlərə Sabir Rüstəmxanlının özü münasibət bildirib və demək olar ki, müxalifəti çox sərt şəkildə tənqid edib. Sabir Rüstəmxanlı Milli Şura haqqında danışaraq bildirib ki, onlar partiya olaraq orada iştirak etmirlər, ancaq partiyanın müəyyən üzvləri iştirak edir. Onlar da İctimai Palatadan ora gediblər. Biz müxalifət partiyası olaraq müxalifət düşərgəsində gedən proseslərdən kənarda deyilik, hər hansı şəkildə orada iştirak edirik. Mən Milli Məclisdəyəm və orada ola-ola Milli Şuraya gedə bilməzdim:-" Milli Şura guya Milli Məclisə alternativ kimi nəzərdə tutulurdu. Mən Milli Şurada tam süstlük görürəm. Digər tərəfdən, Milli Şuraya toplaşmış adamların bu birliyə sona qədər sadiq qalacağına inanmırdım. Onların bir azdan bir-birinə qarşı yenidən ittihamlara qalxacağını da bilirdim. Ümumiyyətlə, o tərkiblə, o heyətlə hətta qalib gəlsə belə, yalnız o adamların iştirakı ilə ciddi bir hakimiyyət formalaşdırıb Azərbaycanın bu sıxıntılardan qurtula biləcəyinə inanmırdım. Bu gün 1988-90-cı illərə nisbətən mənəvi-psixoloji cəhətdən zəifləmiş, bir-birinə münasibətdə bir çox körpüləri yandırmış adamların zahiri görüntü yaradaraq, guya yenidən hakimiyyətə gələcəkləri və gələndən sonra ölkədə ciddi dəyişikliklər edəcəyinə inanmırdım. Ona görə də mən inanmadığım yerə heç vaxt getmərəm. Mən bütün əvvəldən yaranan birliklərin hamısını görmüşəm, təşəbbüskarı olmuşam, illər uzunu əsəblərimiz gedib, bir-birimizə yaxınlaşmağa çalışmışıq, amma sonradan görmüşəm ki, bu gün üz-üzə oturursan, sabah arxanda yüz cür böhtanlar deyilir. Yəni, müxalifətdə qarşılıqlı etimad mühiti yoxdur. Müxalifət düşərgəsi əvvəllər çox geniş idi. Orada hansı maraqdır bu böyük birliyi getdikcə parçalayan? Əsas müxalifət, nə bilim, radikal müxalifət... Bu, əslində öz oturduğun budağı kəsməkdir. Bunlar əslində millətin etimadından özünü məhrum etməkdir. Burada bir məqsəd var, dünya görsün ki, Azərbaycanın "ana" müxalifəti mənəm. Bu xırda şöhrətpərəstik və bu gün mənim sübut edə bilməyəcəyim başqa maraqlar var idi. O da yaşamaq mübarizəsidir. Yaşamaq üçün müxalifətçiliyin müəyyən qaynaqları var, məsələ odur ki, o qaynaqlara kim təkbaşına sahiblənmək istəyir. Buna görə adam illər uzunu yanaşı gəldiyi dostunu itirməz, xalqın ümidlərini qırmaz. Bunların hamısını biz görmüşük. Ona görə də təcrübədən dəfələrlə keçirdiyimiz və hər dəfə də peşmançılığını yaşadığımız birlik yolu məni çəkmir. Yəni, kimsə aldana bilər, mənim isə bu yaşda aldanmaq vaxtım deyil axı...".
Sabir Rüstəmxanlı bunu da bildirib ki, Azərbaycan müxalifətinin iki problemi var. Biri Müsavatdır, biri də Xalq Cəbhəsi. Xalq Cəbhəsi, o boyda hərəkat neçə yerə parçalandı, halbuki onu qorumaq olardı. Ümumiyyətlə, bu partiyalaşmanı biz bir müddət yubada bilərdik. Mən özüm də bu proseslərin içində olmuşam, amma sözümü həmişə mümkün qədər demişəm. Xalq Cəbhəsi təbii şəkildə o vaxt sovetlərə qarşı qalxan kütlənin etiraz dalğasında yetişmiş hərəkat idi. Bütün millət də bu hərəkatın üzvü idi. Müsavat da yenə o tarixi xatirənin üzərində qurulmuş böyük partiyadır. Onların heç biri bu gün onlara başçılıq edən şəxslərin zəhməti ilə yaranmış partiya deyil. Onlar xatirə ilə, xalqın iradəsi ilə yaranmış qurumlardır. Buna görə də onların bir yerdə olmamaları və həmişə aralarındakı konfliktlər bütövlükdə xalqın iradəsinə və bizim tarixi xatirəmizə vurulan zərbədir. Fikrimcə, onların bu problemi olmasa, müxalifətin mənzərəsi ayrı cür olardı.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05