Valeh Ələsgərov qalmaqallı təklifinə aydınlıq gətirdi
11:55 09-04-2014
CƏMİYYƏT
Valeh Ələsgərov qalmaqallı təklifinə aydınlıq gətirdi
“Mən camaatı təzək yandırmağa çağırmamışam, deputat həmkarıma demişəm ki, təklif verəndə əsaslandırın...”
Vitse-spiker Valeh Ələsgərov parlamentin ötən iclasında deputat Zahid Orucun ölkənin ucqar kəndlərində qazlaşdırmanın ləng getməsi ilə bağlı məsələ qaldırmasına cavab olaraq ucqar kəndlərdə peyindən əldə edilən bioqazdan istifadənin daha sərfəli ola biləcəyinə dair dediyi fikirlərə aydınlıq gətirib.
Valeh Ələsgərov bildirib ki, onun dedikləri düzgün çatdırılmayıb və mətbuatda yalnış təqdim olunub.
Xatırladaq ki, V.Ələsgərov Z.Oruca irad tutaraq deyib ki, təklif irəli sürəndə bunun iqtisadi baxımdan nə dərəcədə əsaslı olduğunu da ortaya qoymaq lazımdır. Vitse-spiker ucqar kəndlərin qazlaşdırılmasının bir çox hallarda mümkün olmadığını, belə yerlərdə bioqazdan istifadənin daha əlverişli ola biləcəyini deyib.
“Kəndlərdə peyin nə qədərdir, özünüz bunu məndən yaxşı bilirsiniz” - deyə V.Ələsgərov bildirib.
Lakin V.Ələsgərov deyir ki, onun deputata cavabının saytımızda “təzəkdən istifadə təklifi” kimi yozulmasına etiraz edir: “Mən əhalini təzək yandırmağa çağırmamışam. Sadəcə olaraq, öz çıxışımda deputat həmkarlarıma təklif etdim ki, hər hansı bir təkliflə çıxış edəndə hesablama aparsın. Ya deputat özü hesablama aparsın, ya da bu işləri bilən peşəkarla birgə oturub hesablasın. Görək daha əlverişli variant nədir, sonra onu təklif edək. Kəndlər var ki, kiçik kənddir, uzaq məsafədədir, ora qaz xətti çəkmək iqtisadi cəhətdən əlverişli olmaz. Mən bu məsələni müzakirə etmirdim, qaz kəmərindən söhbət getdiyindən təklif edirdim ki, əvvəl iqtisadi tərəflərin hesablayaq, sonra təklif edək. Çünki deputat dövlət adamıdır, təklif verəndə gərək ölçüb-biçsin, əsaslandırsın. Təkcə publikanın, seçicilərin xoşuna gəlmək xatirinə təklif verməsin. Yanacaq əldə etməyin dünyada tətbiq olunan başqa yolları da var, məsələn, bioqazdan istifadə. Çətin bir iş deyil. Dünyanın ən inkişaf etmiş ölkələri, o cümlədən ABŞ alternativ enerji mənbələrindən biri kimi bioqazdan istifadəni genişləndirir.
Prezident Barak Obama bu yaxınlarda bioqazdan istifadənin genişləndirilməsinə dair sərəncam verib. Mən demədim ki, mütləq belə olsun. Dedim gəlin hesablayaq, görək hansı daha əlverişlidir, ondan istifadə edək. Qaz kəmərinin çəkilişi iqtisadi cəhətdən sərfəlidirsə, qaz kəməri çəkək, sərfəli deyilsə, başqa mənbələrdən istifadə edək”.
V.Ələsgərov bildirib ki, onun dedikləri əslində ictimaiyyətə də ünvanlanmamışdı, sadəcə deputata verilən məsləhət idi. Vitse-spiker hesab edir ki, ümumiyyətlə, parlament müzakirələrində, dövlət büdcəsi müzakirə olunanda, sosial-iqtisadi məsələlərlə bağlı qanunlar gündəliyə çıxarılanda deputatlar təklif irəli sürərkən bunu iqtisadi baxımdan əsaslandırsalar, daha yaxşı olardı.
“Mənim demək istədiyim o idi ki, iqtisadi baxımdan əsaslandırılmış, peşəkar şəkildə işlənib hazırlanmış təkliflər verilsin. Hətta sosial əhəmiyyətli layihələri təklif edəndə də bunun iqtisadi tərəfi hesablanır və deyilir ki, məsələnin başqa yolu yoxdur. Bu da var, bunu da qəbul edirəm. Mən bu fikirləri publika üçün deməmişəm, həmkarlarım üçün demişəm. Mən həmkarlarıma müraciət etmişəm, publikaya yox. Büdcə müzakirələri olanda neçə dəfə demişəm ki, ay cənab deputat qardaşım, təklif verəndə bunu əsaslandır görək neçəyə başa gələcək. İkincisi də vəsaitin mənbəyini göstər. Layihəni, təklifi verən gərək onun hansı mənbələr hesabına həyata keçiriləcəyini də hesablasın. Təkcə qazlaşdırmada yox, başqa sahələrdə də belə olmalıdır” - deyə V.Ələsgərov bildirib.
Fuad
Digər Xəbərlər
2024-12-27 15:56:04
2024-12-27 15:53:00
2024-12-27 15:45:44
2024-12-27 14:54:59
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10