Səlim Müslümov əlilliyin səbəblərini və əlillərin sayını açıqladı
“Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır”. Bunu hakim partiyanın saytına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir. Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının əsas səbəbi ölkə əhalisinin gənc olmasıdır.
“Qeyd etmək istərdim ki, əlilliyin artmasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi böyük rol oynamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 11912 nəfər əlil olmuşdur. Həmçinin Azərbaycan ərazisinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş 20% hissəsindən məcburən köçkün düşmüş əhali arasında əlillik 6,5%-ə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5%-dir. Digər tərəfdən, ayrı-ayrı xəstəliklərin, o cümlədən yoluxucu xəstəliklərin bu və ya digər səbəbdən vaxtında müalicəsinin aparılmaması bu xəstəliklərin ağırlaşaraq əlillik vəziyyətinə çevrilməsinə şərait yaradır. Çoxsaylı yol qəzaları, texnogen qəzalar və s. də qeyd olunan amillərdəndəndir. Onu da bildirim ki, hazırda Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində əlilliyin qiymətləndirilməsi meyarlarının, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi istiqamətində işlər görülür. Bununla bağlı Dünya Bankının ekspertləri ilə birgə məsləhətləşmələr aparılır”.
Nazirin sölərinə görə, Azərbaycanda əlilliyi olan şəxslərə müvafiq qanunvericilikdə nəzərdə tutulan müddət qədər əmək stajları olduqda əlilliyə görə əmək pensiyaları verilir. Əmək pensiyası hüququ olmadıqda, onlara sosial müavinətlər ödənilir. Bununla yanaşı, müvafiq kateqoriyadan olan əlillərə Prezident təqaüdləri təyin olunur. Hazırda əmək pensiyası alanların 27%-i, sosial müavinət alanların 57,2%-i, Prezident təqaüdü alanların isə 52,2% -i əlilliyi olan şəxslərdir.
2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb.
Cari ilin mart ayında əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi istiqamətində Prezidentinin imzaladığı, ümumən 32 907 nəfər əlili əhatə edən Sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılıb. Eyni zamanda, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Beləliklə, əmək pensiyası almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği 67 manatdan artırılaraq 127 manata çatdırılmaqla, yaşayış minimumunun üzərinə çıxarılıb.
Digər tərəfdən, müharibə əlillərinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulub.
Nazir bildirib ki, indiyədək 5000-ə yaxın müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Eyni zamanda, 4000-ə yaxın müharibə əlilinə avtomobillər verilib. Cari il ərzində isə bu təbəqələrdən olan vətəndaşlar üçün Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə və Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binaları istifadəyə veriləcək.
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22