Ukraynadakı gərginliyin ikinci revanşı
12:04 09-04-2014
CƏMİYYƏT
Ukraynadakı gərginliyin ikinci revanşı
Rusiyanın nişangahı Azərbaycana qarşı yönəltməsi təhlükəsi yaranıb
Xəbər verildiyi kimi, aprelin 6-dan Ukraynanın şərqində vəziyyət gərginləşib. Rusiya tərəfdarı olan silahlı fəallar Xarkov, Luqansk və Donetskdəki administrasiya binalarını ələ keçiriblər. Ukraynanın mərkəzi hakimiyyəti prosesə müdaxilə etsə də, vəziyyət kritik olaraq qalır.
BMT-nin baş katibi Pan Gi Mun Ukraynada baş verən hadisələrlə bağlı narahatlığını bildirib. Baş katib Şərqi Ukraynada baş verən hadisələrlə bağlı bütün məsuliyyət daşıyan tərəfləri gərginliyi aradan qaldırmaq üçün addımlar atmağa, xalqı vəziyyəti sabitləşdirmək məqsədilə öz fikirlərini dinc şəkildə ifadə etməyə çağırıb. Hazırda Ukraynada, BMT-nin insan hüquqlarını müdafiə edən missiyası fəaliyyət göstərir. Missiya beynəlxalq heyətdən ibarətdir. Hazırda milli ekspertlər cəlb olunur. Missiyanın sahə ofisləri isə Odessa, Lvov, Donetsk və Xarkovda fəaliyyət göstərir. Missiyanın rəhbəri BMT-nin insan hüquqları sahəsində təcrübəli əməkdaşı Armen Aratyunyan təyin olunub.
Məsələylə bağlı politoloq Elxan Mehdiyev “Unikal”a açıqlamasında deyib ki, Rusiyanın ssenarisi ondan ibarətdir ki,Ukraynaya daha çox təsir eləsin və seçkiləri pozsun: “Rusiya istəyir ki,Ukraynanın konstitusion quruluşu seçkilərdən öncə formalaşsın. Ona görədə belə bir yol seçiblər ki, rusların daha çox yaşadığı yerlərdə üsyan qaldırsınlar, yerli dövlət qurumlarının binalarını tutsunlar və orda defakto avtonomiyalar elan etsinlər. Onlar bununla mərkəzi Ukrayna hökumətini fakt qarşısında qoymağa çalışırlar ki, Rusiyanın istədiyini gerçəkləşdirsin, Ukraynanın etnik tərkibli bir federasion dövlətə çevrilməsinə razı olsun. Hazırkı proseslər də Rusiyanın bu ssenarisinin gerçəkləşməsinə kömək edir. Son günlər baş verənləri nəzərdən keçirəndə Rusiyanın öz məqsədlərinə çatmaq üçün yüksələn xətt üzrə irəlilədiyini demək olar”.
Onu da qeyd etmək lazımdır ki, Ukraynada baş verənlərin fonunda Cənubi Qafqaz regionu dünyanın diqqət mərkəzinə çevrilib. Belə ki, dünya mətbuatı Rusiya prezidenti Vladimir Putinin həyata keçirmək istədiyi Belarusdan Tacikistana kimi “Avrasiya” imperiyası haqda məqalələr dərc edib.Valdimir Putinin “Avrasiya” imperiyası yaratmaqla bağlı cəhdlərini şərh edən ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnstitutunun direktoru Svante Kornel bildirib ki, Vaşinqton hökuməti Krım respublikasının Rusiyaya birləşdirilməsinə etiraz etməklə düzgün addım atıb: “Çünki Ukrayna NATO üzvüdür. İndi isə ABŞ təcili Cənubi Qafqaz dəhlizinin təhlükəsizliyi üçün hərəkətə keçməlidir. Ukraynanın taleyi ilə Cənubi Qafqaz regionu bir-biri ilə sıx bağlıdır. Belə ki, Ukrayna və Cənubi Qafqaz Vladimir Putinin “Avrasiya” imperiyası ilə bağlı arzusunu həyata keçirmək üçün önəmli regionlardır. Putin Belarusdan Tacikistana kimi imperiya yaratmaq niyyətindədir”. Politoloqun fikrincə, Rusiya həmçinin NATO-ya qarşı mübarizə aparır: “2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxiləni NATO-nun təsir qüvvəsinin genişləndirilməsinin qarşısını almaq üçün həyata keçirmişdi”. Rəsmi Moskvanın Ermənistan üzərində nəzarəti möhkəmləndirdiyini deyən politoloq növbədə Gürcüstan və Azərbaycanın olduğunu hesab edir. Onun sözlərinə görə Putin bu planını həyata keçirmək üçün hər iki ölkədəki rusiya meyilli müxalifəti maliyyələşdirir. “Rusiya Ermənistanda olan hərbi bazalarından istifadə edərək Dağlıq Qarabağ münaqişəsini yenidən gündəmə gətirə bilər. Gürcüstan isə Rusiya ilə Ermənistanda yerləşən rus hərbi bazaları arasında yerləşir. Bu, çox təhlükəlidir. Azərbaycan NATO-ya üzv olmağa tələsmir, lakin Vaşinqton sözügedən məsələ ilə bağlı danışıqlara başlamalıdır. ABŞ prezidenti Barak Obama Gürcüstanı NATO-ya üzv etmək üçün tələsməlidir”, - deyə Svante Kornel əlavə edib.
Elxan Mehdiyev isə Amerikalı diplomatla razılaşmır. Onun fikrincə, hələlik Rusiyanın belə bir niyyəti yoxdur: “Mənə elə gəlir ki, hazırkı mərhələdə Rusiyanın Azərbaycanı hədəfə alması imkanları real deyil. Çünki Kremlin hazırda prioriteti Ukraynadır. Amma qarşıdakı dönəmdə elə bir tarixi vəziyyət yaranarsa, Rusiya Azərbaycanda gedən proseslərdən razı qalmazsa, o zaman Azərbaycanda da ehtiyat metodlar işə salına bilər. Ancaq indiki dönəmdə Rusiyanın belə bir müdaxiləsi real deyil”.
ADP sədri Sərdar Cəlaloğlu da “Unikal”a açıqlamasında Rusiyanın keçmiş SSRİ respublikalarına yönəlik siyasətində baş verən son radikal dəyişiklikləri pisləyib: “Son vaxtlar Rusiyanın yenidən imperiya ambisiyalarını ortaya qoyması keçmiş müstəmləkəsi olmuş müstəqil dövlətlərin suvernliyini təhdid etməsi, SSRİ-nin bərpası və ya buna alternativ olaraq Avrasiya İttifaqını yaratması ilə bağlı təşəbbüsləri əslinə baxsan çar Rusiyası və SSRİ-nin varisi kimi çıxış edən Rusiyanın işğal altında saxladığı bu dövlətlərin xalqlarına qarşı aparılmış diskriminasiya, genosid deportasiya və milli asimliyasiya siyasətinə görə məsuliyyətə cəlb edilməməsi olub”.
Onun fikrincə, bu gün müstəqilliyi təhdid altında olan bütün dövlətlər çar Rusiyası və sovet dönəmində rus hakimiyyətinin işğal altında saxladığı xalqlara qarşı apardığı çinayətkar siyasətə görə beynəlxalq məhkəməyə müraciət etməlidirlər.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49