Ziyalılar Forumunun biabırçı sonluğu
11:38 10-04-2014
CƏMİYYƏT
Ziyalılar Forumunun biabırçı sonluğu
Qurumun üzvü müttəfiqlərini fəaliyyətsizlikdə suçladı, YAP-çı deputat isə onları ziyalı saymadığını vurğuladı
Bir müddət öncə üçüncü qüvvə missiyasını öz üzərinə götürmək istəyən Ziyalılar Forumu neçə vaxtdır ki, fəaliyyət göstərmir. Əsas təşkilatçısı Rüstəm İbrahimbəyovla Eldar Namazov olan birliyin fəaliyyətinə xitam verilmək üzrədir. Artıq forumun təsisçiləri də bunu inkar etmirlər.
Qeyd edək ki, kinorejissor Rüstəm İbrahimbəyov son müsahibəsində Ziyalılar Forumunun fəaliyyət göstərməməsinin bəzi səbəblərini açıqlayıb: “Mən Ziyalılar Forumunun bütün üzvlərinə dəfələrlə müraciət etmişəm. Demişəm ki, siz, niyə fəaliyyət göstərmirsiniz? Ziyalılar Forumunun fəaliyyəti niyə dayanıb? Göründüyü kimi, dəfələrlə desəm də, nəticə yoxdur. Yəqin Azərbaycanda vəziyyət belə tələb edir. Həm də ziyalılara hökumət və dövlət tərəfindən təzyiqlər artır. Yəni belə bir vəziyyətdə susmağı daha gərəkli hesab ediblər. Bəllidir ki, qurumun fəaliyyətinin davam etdirilməsinə imkanlar yoxdur. Hara yığılsınlar? Toplantı üçün yer lazım, yer də yoxdur. İqtidar istəmir ki, bu qurum fəaliyyət göstərsin. İnsanlar da yorulub”.
Maraqlısı odur ki, forumun iclaslarının keçirilməsi ilə bağlı qurumdaxili narazılıq da var. Belə ki, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ziyalılar Forumunun üzvü Elçin Şıxlı bununla bağı narazılığını gizlətməyib. Onun modern.az-a açıqlamasında da bu narazı mövqeyi açıq şəkildə görünür. “Ziyalılar toplanıb hansısa söhbət etmək istəyirlərsə, yer problem olmamalıdır. Gedib teatrda tamaşaya baxa-baxa da toplanmaq olar”, – deyən E.Şıxlı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla heç bir əlaqəsinin olmadığını söyləyib. O, bununla Ziyalılar Forumunun Bakıda olan təşəbbüsçülərini ittiham edib: “Fikrimcə, Ziyalılar Forumunun fəaliyyətini dayandırması Rüstəm İbrahimbəyovun burada olmaması ilə bağlıdır. Çünki forumun toplanmasına əsas təşəbbüskar o olurdu. Rüstəm müəllim burada yoxdur, Eldar Namazov yeni quracağı partiyasının işi ilə məşğuldur, Cəmil Həsənlinin başı Milli Şuranın problemlərinə qarışıb, Əkrəm Əylisli məlum səbəbdən heç bir şeylə maraqlanmır, Rafiq Əliyev isə öz elmi fəaliyyəti ilə məşğuldur”.
Məsələylə bağlı fikirlərini «Unikal”la bölüşən YAP-çı deputat Astan Şahverdiyev Ziyalılar Forumunun ciddi bir qurum olmadığını və həmin qurumun üzvlərinin iddialarının da yanlış olduğunu bildirib. Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçisi hesab edir ki, Ziyalılar Forumu hakimiyyəti onlara mane olmaqda suçlayırsa, buna bəhanədən başqa bir ad vermək olmaz: «Azərbaycan demokratik ölkədir və burada hər kəsin öz fikrini ifadə etməsi üçün şərait yaradılıb. Heç kimin qarşısını alan yoxdur. Bir neçə nəfər bir araya gəlib Ziyalılar Forumu deyilən bir qurum yaradıblar. Hərdən bir yığılıb öz fikirlərini bildirirdilər. Ölkədə demokratik mühit olmasaydı, müxalifət qüvvələri ağızlarına gələni danışa bilməzdilər. Sadəcə, bunlar demokratiya yox, anarxiya istəyirlər. Azərbaycan hakimiyyəti isə bir neçə nəfərin qanunsuz əməlinə göz yuma bilməz. Kimin sözü varsa, qanun çərçivəsində desin, amma təhqirə keçməsin. Kim normal fəaliyyət göstərirsə, ona hər cür şərait var. Ziyalılar Forumu deyilən qurum bir müddət əvvəl bir neçə dəfə toplanıb əsası olmayan fikirlər səsləndirdilər. Amma son dövrlər fəaliyyətləri ümumiyyətlə, görünmür. Buna görə kimisə günahlandırmaq lazım deyil. Özləri ortaya iş qoya bilmirlər, amma hakimiyyəti onlara maneçilik törətməkdə suçlayırlar. Ona görə də onların bu yöndəki ittihamları həqiqəti əks etdirmir”.
YAP-çı deputat onu da bildirib ki, həmin qurumun adı Ziyalılar Forumu olsa da, ordakıların əksəriyyətinin ziyalı adına iddia etməsi qəbuledilməzdir. «Rüstəm İbrahimbəyovun bir neçə cızmaqarası var, amma Eldar Namazovun ziyalı olduğunu birinci dəfədir eşidirəm. Axı, Eldar Namazov nə vaxtdan ziyalı olub? Hər diplomu olan ziyalı deyil. Ziyalılıq insanın daxilində olmalıdır, sonradan adamdan ziyalı düzəltmək olmaz. Eldar Namazov vaxtiylə hakimiyyətdə təmsil olunub. Məsləhətim odur ki,getsin, o vaxtkı çıxışlarını gözünün qabağına gətirsin, ondan sonra nəticə çıxarsın. Eldar Namazov vəzifədə olanda Azərbaycan yaxşı dövlət idi, hakimiyyət də çox gözəl işləyirdi. Amma necə olur ki, bu adam vəzifədən çıxan kimi hər şeyi qara görməyə başladı. Elə insanlar var ki, onların düşüncə tərzi mədələrindən keçir. Hər şeyə qastrintoloq prizmasından baxırlar. Bax, Ziyalılar Forumundakılar da hər şeyə şəxsi maraqlarının təminatı prizmasından baxırlar”, - deyə A.Şahverdiyev bildirib.
Millət vəkili onu da nəzərə çatdırıb ki, ziyalı olmaq üçün öncə milli və dövlət maraqları üstün tutulmalıdır. Onun fikrincə, bu cür ziyalılar forumda olmadıqları üçün onların fəaliyyətlərini səmimi saymaq olmaz: «Mənim üçün iki cür ziyalı var, yaradıcı, bir də elmi ziyalı. Sevindirici haldır ki, elm sahəsi ilə bağlı məşhur ziyalılarımız var, hamısı da yüksək qiymətləndirilməlidir. Ancaq yaradıcılıq sahəsində problemlər var. Mən, bu yaxınlarda bir açıqlama vermişdim və bildirmişdim ki, Azərbaycanda şair və yazıçı oxucudan çoxdur. Bu fikirlərim də bir ikisinin xətrinə dəydi. Yenə də o fikirdə qalıram. Bu gün əsl ziyalıların hamısı Azərbaycan hakimiyyətini dəstəkləyənlərdir. Bunun üçün əsaslar da var. Ölkənin iqtisadi inkişafı göz qabağındadır. Azərbaycan bu gün maqnit qüvvəsi kimi bütün dünyanı özünə cəlb edir. Bu yaxınlarda Serbmyada idim, orda Azərbaycanla bağlı yüksək fikirdədirlər. Ona görə də bu gün Ziyalılar Forumu, yaxud digər müxalifət təşkilatlarının nə deməyindən asılı olmayaraq, cəmiyyət hər şeyi görür”.
Qeyd edək ki, İbrahimbəyovun da, Eldar Namazovun da son illərdəki fəaliyyəti bir daha sübut etdi ki, bu adamlar yalnız öz şəxsi maraqlarını güdüblər. Bu insanların dediklərini, danışdıqlarını təhlil edəndə onların məqsədlərinin, niyyətlərinin haradan qaynaqlandığı və nəyə hesablandığı tam aşkara çıxır. Xalqın yaxşı tanıdığı və vaxtında qiymət verdiyi bu və digər dağıdıcı müxalifət nümayəndələrinin hansısa milli maraqlardan danışması sadəcə gülüş doğurur. Dəfələrlə yazılıb və sübuta yetirilib ki, onları düşündürən yeganə məqsəd maddi və şəxsi maraqlarıdır. Elə, “Ziyalılar Forumu” adlandırılan və şəxsi maraqlar klubuna çevrilən qurumun axır aqibəti də bu cür olmalı idi. Şəxsi maraqlarını təmin edə bilmədikləri üçün hərəsi bir küncə çəkilməklə işlərini bitmiş hesab edir.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08