Məşhur beynəlxalq reytinq şirkətindən "Hafka"ya ağır zərbə
11:40 10-04-2014
CƏMİYYƏT
Məşhur beynəlxalq reytinq şirkətindən "Hafka"ya ağır zərbə
Hafiz Məmmədova məxsus "Baghlan Group FZCO" ciddi çöküşə başladı
"Hafka" ləqəbli iş adamı Hafiz Məmmədova dünyanın aparıcı reytinq şirkətindən qanqaraldıcı xəbər gəlib. Bu xəbərdən belə görünür ki, Məmmədovun şirkətlər qrupu ciddi maliyyə sıxıntısı ilə baş-başadır və proses hətta müflisləşmə səviyyəsinədək gedib çıxa bilər.
Xəbərdə deyilir ki, "Standard&Poors" (S&P) beynəlxalq reytinq şirkəti "Baghlan Group FZCO"-nun uzunmüddətli kredit reytinqini aşağı salıb. S&P-nin yaydığı məlumatda göstərilir ki, şirkətin reytinqi "V"-dən "SD"-dək ("seçilən defolt") salınıb.
"SD" reytinqi "Baghlan Group FZCO" tərəfindən müddəti 27 dekabr 2013-cü ildə bitən 19 mln. ABŞ dolları həcmində kupon üzrə ödənişin həyata keçirilmədiyi faktını əks etdirir. Bu kupon S&P reytinqinə malik olmayan 150 mln. dollar məbləğində borcda iştirakın sertifikatlarına aiddir. S&P bu barədə yaxın zamanlarda informasiya əldə edib. Bundan başqa, sonradan "Baghlan FZCO" 8 mln. dollar məbləğində kuponu qismən ödəyib. S&P meyarlarına görə, bu, reytinqin seçilən defolta qədər azaldılmasından qurtarmaq üçün kifayət deyil", - deyə S&P-nin məlumatında qeyd olunur.
S&P həmçinin likvidlik haqqında vaxtında və adekvat informasiya təqdim etmədiyi üçün "Baghlan Group FZCO"-nun reytinqini geri çağırıb.
Xatırladaq ki, maliyyə terminologiyasına görə, defolt - borc alanın nəzərdə tutulan müddətdə öz borcunu ödəyə bilməməsi haqqında xəbərdarlıq etməsidir. Buradan çıxış etdikdə də məşhur beynəlxalq reytinq şirkətindən gələn məlumatın məzmununun Hafiz Məmmədovun şirkətlər qrupunun çətin vəziyyətdə olduğu anlamına gəldiyini anlamaq çətin deyil.
Maraqlı olan məqam isə ondan ibarətdir ki, "Baghlan Group FZCO"-dan məsələyə münasibət bildirmək istəmədiklərini deyiblər. Amma bunun səbəbinə aydınlıq gətirməyiblər.
"Unikal"ın araşdırmaları nəticəsində məlum olub ki, hələ ötən ilin yayında əsas sahibi Hafiz Məmmədov olan yerli çoxprofilli Baghlan Group FZCO şirkəti kredit reytinqi alıb. Həmin vaxt Standard & Poors beynəlxalq reytinq şirkəti qeyd edib ki, ona "B" uzunmüddətli kredit reytinqi verilib, reytinqin dəyişmə proqnozu "sabitdir".
Ekspertlər adıçəkilən şirkətlər qrupunun sahibkarlıq riskləri profilini "zəif", maliyyə riski profilini isə "aqressiv" olaraq qiymətləndiriblər.
2012-ci ildə isə "Hafka"nın holdinqinin düzəldilmiş EBITDA göstəricisi (vergilər, amortizasiya və digər faizlərdən əvvəl gəlir) 144 mln. manat (təxminən 137 mln. avro) təşkil edib.
Sözügedən holdinq yük daşımaları, sərnişin daşımaları, inşaat, avadanlıq ticarəti və neft-qaz sektorunda işləyir (xüsusən, Xəzərdə Bahar və Qum-dəniz dəniz yataqları blokunu işləyən Bahar Energy limited şirkətində 66,67% pay iştirakına malikdir).
Sözügedən beynəlxalq reytinq şirkətinin ekspertlərinin ötən ilki rəylərində həmçinin o da vurğulanırdı ki, Hafiz Məmmədovun holdinqinin təmərküzləşmiş mülkiyyət strukturu var, buna görə Azərbaycan biznesində və ya siyasi mühitində Hafiz Məmmədovun mövqeyinin dəyişməsi onun sabitliyinə təsir edəcək. Həmçinin bu holdinq əsas fəaliyyətinin həyata keçirildiyi Azərbaycanda biznesin aparılması ilə bağlı risklərə məruz qalıb.
Analitiklər həmçinin yazıblar ki, holdinqin göstəricilərinə müxtəlif biznes seqmentlərində onun fəaliyyətinin diversifikasiyası və mövcud müqavilələr çərçivəsində yaxşı gəlirlilik göstəriciləri müsbət təsir göstərir. Azərbaycanda sahibkarlıq mühiti holdinqin əsas biznes sahələrinə girişi üçün maneələr yaradır, lakin gələcəkdə vəziyyət dəyişə bilər. Ekspertlər bildirirdilər ki, şirkət kiçik və onun biznesində qiymətlərin dəyişkənlik səviyyəsi yüksək olduğu üçün qısa və ortamüddətli gələcəkdə reytinqin artırılması ehtimalı böyük deyil.
Göründüyü kimi, Hafiz Məmmədovun holdinqi ilə bağlı əksəri qeyri-pozitiv rəylər artıq tədricən özünü doğruldur və bu iş adamı üçün durum heç də ürəkaçan deyil. Onun yaranmış kifayət qədər çətin vəziyyətdən necə çıxacağını, daha doğrusu, çıxıb-çıxmayacağını isə yəqin ki, qarşıdakı yaxın zaman göstərəcək.
Odur ki, yaşayıb görərik.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49