Şeyx “halal” mübarizəsindən geri çəkilməyəcəyini bəyan etdi
11:42 10-04-2014
CƏMİYYƏT
Şeyx “halal” mübarizəsindən geri çəkilməyəcəyini bəyan etdi
QMİ-dən “halal” standartının tətbiq edilməsinə rəsmi etiraz gəldi
“Halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, dövlət tərəfindən müəyyən edilən standartlarla təyin edilə bilməz”
Məlum olduğu kimi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi onlardan başqa kimsənin belə bir sertifikat verə bilməyəcəyini bəyan edərək bu sahədə nizam yaradılmasını təmin edən tədbirləri reallaşdırmaqdadır. Komitə tərəfindən tətbiq edilən yeni qaydalara görə, bundan sonra xaricdən Azərbaycana gətirilən, yerli müəssisələr tərəfindən bazara təqdim edilən “Halal” markası ilə istehsal olunan məhsullar AZS 731-2012 (OİC/SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun tənzimlənəcək.
Bununla da çoxları düşünürdü ki, uzun illərdir ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasındakı “halal” standartının kim tərəfindən verilməsi ilə bağlı nüfuz savaşına son qoyulacaq. Amma gözləntilər bu dəfə də özünü doğrultmadı, hər halda QMİ-nin baş verənlərlə bağlı verdiyi son bəyanat belə düşünməyə əsas verir.
Sözügedən bəyanat bir daha təsdiqlədi ki, Şeyx bu mübarizənin indiki nəticəsi ilə barışmaq və “halal” standartının Dövlət Komitəsi tərəfindən verilməsi ilə razılaşmaq niyyətində deyil. Hər halda QMİ-nin mətbuat xidməti tərəfindən yayılan həmin bəyanatdakı aşağıdakı parçaya diqqət yetirək:
“...Qeyd etmək istərdik ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, dövlət tərəfindən müəyyən edilən standartlarla təyin edilə bilməz. Əsrlər boyu qida məhsullarının halallığı şəriətin dəyişməz meyarlarına əsasən ölçülüb və məhz bu meyarlara əsasən müsəlmanlar halalla haram arasında fərqi müəyyən ediblər. Dünyəvi dövlətlərdə bu məsələlərin dini mərkəz və qurumlar tərəfindən müəyyən edilməsi qəbul edilmiş reallıqdır. Məlumat üçün bildirək ki, digər səmavi dinlərin də qida məhsulları ilə bağlı müəyyən tələbləri mövcuddur ki, bunlar da məhz müvafiq dini mərkəzlər tərəfindən təsbit olunur. Məsələn, yəhudilər üçün halal sayılan koşer məhsullarının dini tələbatlara uyğunluğunu məhz yəhudi sinaqoqları təsdiqləyir. Oxşar qaydada Rus Pravoslav kilsəsi müqəddəs sayılan suyun müqəddəsliyinə zəmanət verir. Bu hallarda, dövlət bu məsələlərə qətiyyən müdaxilə etmir və buna təbii yanaşılır. Hətta xristianların üstünlük təşkil etdiyi ölkələrdə belə müsəlmanların hüquqlarının təmini kontekstində bu məsələ yalnız müsəlman dini qurumlar tərəfindən həyata keçirilir”.
QMİ-nin bəyanatında diqqət çəkən digər məqam isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlum qərarına açıqdan açıqğa meydan oxunmasıdır: “...Sırf şəri məqam olan halallığın dini mərkəzlə razılaşdırılmamış şəkildə təmin edilməsinin istehsal edilən məhsulların həqiqi halallığını şübhə altına almasını və müsəlmanların haqlı narazılıqlarına gətirib çıxarmasını məqbul saymırıq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırda tətbiqinə başlanılan Halal standartının da dünyəvi beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən hazırlandığını nəzərə alan müsəlmanlarımız bununla bağlı QMİ-yə çoxsaylı müraciətlər edir, narahatlıqlarını çatdırır, dini mərkəz olaraq bu məsələyə aydınlıq gətirməyimizi tələb edirlər”.
Göründüyü kimi, Şeyx məğlubiyyəti ilə nəinki barışmır, əksinə dindar kəsimin həssaslıqla yanaşdığı halallıq mövzusundan istifadə edərək ictimai rəyi dövlət komitəsinin məlum qərarının əleyhinə yönəltməyə hər çeşidli cəhdlər edir. Burada isə biznes maraqlarının daha öndə olması danılmazdır. Hər halda bu günə qədər ölkə mətbuatında QMİ rəhbərinə bağlı olan kolbasa sexlərinin mövcudluğuna dair ittihamlar səsləndirilib və həmin ittihamlar qarşı tərəfdən təkzib olunmayıb. Bununla yanaşı hansısa məhsula “halal” sertifikatının verilməsinin özü kifayət qədər gəlirli sahə hesab olunur və bu baxımdan QMİ ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasındakı müharibənin məhz “iqtisadi” xarakter daşıdığı xüsusi vurğulanmalıdır.
Şahin Əliyev
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24