Müsavatla VHP arasındakı gərginlik artır
13:45 11-04-2014
CƏMİYYƏT
Müsavatla VHP arasındakı gərginlik artır
Sabir Rüstəmxanlının İsa Qəmbər barəsində səsləndirdiyi fikirlər partiyaları üz-üzə qoyub
Müxalifət düşərgəsində yenə ara qarışıb. Belə ki, Müsavat Partiyasının üzvləri ilə Vətəndaş Həmrəyliyi Partiyası arasında virtual mübarizə başlayıb. VHP sədri Sabir Rüstəmxanlının partiya başqanı İsa Qəmbər barədə səsləndirdiyi fikirlərə görə sosial şəbəkələrdə qınayır.
Məlumat üçün bildirək ki, VHP sədri bildirmişdi ki, nə Müsavat, nə də AXCP bu partiyalara hazırda başçılıq edən şəxslərin zəhməti ilə yaranmış partiya deyil. Onun fikrincə, bu partiyalar arasındakı konfliktlər xalqın iradəsinə vurulan zərbədir.
S.Rüstəmxanlının bu fikirləri isə qarşı tərəfi hiddətləndirib. Müsavatçılar VHP sədrini bu fikirlərinə görə tənqid ediblər. VHP-çilərin bir qisminin AXCP və Müsavatın təsisçisi olduğu İctimai Palata və Milli Şuraya göndərməklə onu ikili oyun oynamaqda ittiham ediblər. Ancaq ilk həmlə VHP-dən gəldiyi üçün Müsavat tərəfdən gələn hücumlara sərt təpki vermək istəmirlər. Bu səbəbdən də hələlik müsavatçıların virtual ittihamları cavabsız qalıb. Amma VHP-nin qısa müddətdə sükutu pozacağı da istisna olunmur.
Vəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının sədri Samir Əsədli "Unikal"a açıqlamasında Müsavatla münaqişəyə getməyə maraqlı olmadığını bildirib. Onun sözlərinə görə, bəzi qüvvələr bu kimi məsələləri gündəmə gətirərək, qalmaqal yaratmaq istəyirlər: "Müsavat Partiyasının üzvləri belə bir ittiham səsləndirməyiblər. Bir jurnalist facebookda bir status yazıb, bir qəzet də bunu Müsavatın üzvləri deyə şişirdib. Sabir bəy tənqidi fikirlərini deyib. Burda iki partiyanı üz-üzə qoyacaq nəsə yoxdur. Həmin o statusu yazan jurnalisdə yazının için oxumayıb, yazının başlığına baxdığı üçün qınayıram".
Qeyd edək ki, VHP Ali Məclisinin sədri Rafiq Manaflı isə mətbuata deyib ki, Sabir Rüstəmxanlının dediyi fikirlər konkret Əli Kərimli və İsa Qəmbərin fərdi münasibətlərindən irəli gələn məsələdir: "Bu, VHP-nin mövqeyi deyil. Müsavat və AXCP hərəkatdan çıxan partiyalardır. Amma bu gün partiya başında duranlar öz qurultaylarında partiya üzvləri tərəfindən seçilən adamlardır. Biz eyni cəbhədə olan adamlarıq. Nə qədər başqalarını günahlandırırıqsa, eyni dərəcədə də özümüzü günahlandırmalıyıq. Qalib gələ bilmiriksə, müxalifətin zəif düşməsində kimisə suçlayırıqsa, özümüzün də üzərinə məsuliyyət düşür. 1994-cü ildən ümumi hərəkatın içərisindəyik. Müxtəlif münasibətlər, razılıq və narazılıqlar olub. Bunlar da insanların bir-birinə qarşı fərdi münasibətlərini formalaşdırıb. Bu gün Sabir bəy digər partiya sədrləri ilə görüşür də, münasibətləri də var. Konflikt yoxdur, hadisələrə ümumi və fərdi baxışını söyləyib. Sabir Rüstəmxanlı ilə razılaşıb-razılaşmadığımız məqamlar var, amma o, belə məsələlərdə tolerantlıq nümayiş etdirir. Partiyada ciddi müzakirələr gedir, amma ümumi işə zərbə vurmur və konflikt yaratmır".
Göründüyü kimi, Müsavatla VHP arasındakı gərginliyin geniş auditoriyaya çıxarılmasının qarşısını almağa çalışırlar. Hər iki VHP funksioneri müəyyən fikir ayrılıqlarının olmasını inkar etməmələri də buna əyani sübutdur. Hər halda, Sabir Rüstəmxanlının İsa Qəmbər və Müsavat Partiyası barədə dediyi fikirlər ortadadı. Onun bu fikirlərinə qarşı Müsavat yetkililərinin sakit dayanacağını düşünmək sadəlövhlükdür.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31