Ayaz Mütəllibova yeni təklif
Ayaz Mütəllibova yeni təklif
Azərbaycan Kommunist Partiyası eks-prezidentlə müttəfiqlik etmək istəyir

"Bizim eks-prezident Ayaz Mütəllibovla heç bir əlaqəmiz yoxdur. Biz onunla heç bir məsələni də müzakirə etmirik".
Bunu Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov eks-prezident Ayaz Mütəllibovla rəhbəri olduğu qurumun əməkdaşlıq perspektivləri barədə sualı cavablandırarkən deyib. O bildirib ki, Ayaz Mütəllibovla heç bir şəxsi münasibətləri, əlaqələri yoxdur.
Rauf Qurbanov gələcəkdə Ayaz Mütəllibovla lideri olduğu Kommunist Partiyasının əməkdaşlıq qura biləcəyini istisna etməyib. AKP rəhbəri bunun üçün siyasi şəraitin yetişməsinin vacibliyi üzərində dayanıb: "Siyasi partiyalar hər hansı siyasi təşkilatlarla ideya müstəvisində, siyasi platformanın uyğun gəldiyi məqamlarda əməkdaşlıq edirlər. Ayaz Mütəllibov müstəqil Azərbaycanın ilk prezidenti olub. Hazırda eks-prezident kimi mən onun ciddi siyasi mövqeyi, ideyası, mənə məlum deyil. Bir şeyi bilmədən fikir ortaya qoymaq yanlış olardı. Gələcəkdə Ayaz Mütəllibov siyasətə qayıdarsa, biz də bunu dəyərləndirib əməkdaşlıq məsələlərini müzakirə edərik. Onun ideyaları, fikirləri bizim xəttimizə uyğun olarsa, Ayaz Mütəllibovla əməkdaşlığımız istisna deyil",-deyə R.Qurbanov bildirib.
Qeyd edək ki, Ayaz Mütəllibov Azərbaycan Kommunist Partiyası (SSRİ zamanı) Mərkəzi Komitəsinin sonuncu birinci katibi olub.