Türkmənistandan Azərbaycanın mövqeyinə dəstək
11:09 15-07-2014
İQTİSADİYYAT
Türkmənistandan Azərbaycanın mövqeyinə dəstək
Avrasiya İttifaqı fiaskoya uğrayır
Rusiya Avrasiya İttifaqının yaranması prosesindən əl çəkmək niyyətində deyil. Halbu ki, artıq bu təşkilat ölü doğulmuş şəkildədir. Belə ki, hazırda ittifaqa Qazağıstan, Belorusiya və Rusiya daxildir. Həmçinin müəyyən şərtlərlə Ermənistanda bu ittifaqa daxil edildi. Amma analitiklər hesab edir ki, Avrasiya İttifaqı o zaman ciddi bir quruma çevrilər ki, oraya Ukrayna və Azərbaycan da daxil olsun. Ukrayna Rusiya ilə yaşadıqlarından və Krımın işğalından sonra bir dəfəlik Rusiya ilə qapılarını bağladı və deməli Ukraynanın Avrasiya İttifaqında olması sadəcə olaraq mümkünsüzdür.
Azərbaycana gəldikdə isə hələ də Rusiyas müxtəlif yollarla Azərbaycanla danışıqlar aparır və qonşu ölkənin ittifaqa daxil olmasına çalışır. Amma Rusiyanın baş diplomatı Sergey Lavrovun Bakı səfərindən sonra məlum oldu ki, Azərbaycan asanlıqla ittifaqa daxil olmaq niyyətində deyil və Rusiya yeni variantlar fikirləşməlidir. Bunu da qeyd edək ki, prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki, Avrasiya ittifaqına daxil olmaq Azərbaycanın maraqlarına cavab vermir və Azərbaycan Rusiya ilə ikitərəfli əməkdaşlıqda maraqlıdır. Bu arada növbəti zərbə Rusiyaya Türkmənistandan gəldi. "Türkmənistan Rusiyanı özünün strateji partnyoru hesab edir. Amma bizim ölkə Avrasiya İttifaqına girməkdə maraqlı deyil".Bunu Türkmənistanın Rusiyadakı səfiri Berdımurat Rəcəbov ölkəsinin Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsini şərh edərkən deyib.O bildirib ki, Türkmənistan prezidenti Qurbanqulu Bedriməhəmmədov rəsmi Aşqabadın xarici ölkələrdəki səfirlərilə görüşündə Avrasiya İttifaqı ilə bağlı məsələlərdən söz açıb. Səfirin sözlərinə görə Türkmənistanın dövlət başçısı Rusiyanı strateji partnyor hesab edir. "Prezident bizimlə keçirdiyi müşavirədə Rusiya ilə əməkdaşlığın strateji xarakter daşıdığını bəyan etdi. Bu gün siyasi planda Türkmənistan və Rusiya BMT-də bir-birini dəstəkləyir. Avrasiya İttifaqı məsələsində isə Türkmənistan bitərəf xarici siyasətinə uyğun hərəkət edəcək. Biz ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq. Lakin Avrasiya İttifaqına üzvlük bizim gündəliyimizə daxil deyil",-deyə türkmən səfir bildirib.Qeyd edək ki, may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sənədi imzalayıblar. Bəzi siyasi şərhçilərin "Yeni SSRİ" kimi xarakterizə etdiyi Avrasiya Birliyinin 2015-ci ilin ilk aylarından fəaliyyətə başlayacağı gözlənilir. Ekspertlər hesab edir ki, Türkmənistanın belə mövqe sərgiləməsi bir neçə baxımdan Azərbaycanın maraqlarına cavab verir. İlk növbədə ona görə ki, artıq ittifaqı sevməyənlərin sayı artır və Rusiya eyni vaxtda bu ölkələrin hər biri ilə savaş apara bilməyəcək. Bunu da qeyd edək ki, Türkmənistan təbii sərvətlərinə görə Rusiya üçün əsas ölkələrdən biri sayılırdı. Amma indi Avrasiya İttifaqı Türkmənistansız qalır ki, bunun da fəsadlarını görəcəyik. Digər tərəfdən Türkmənistan Avrasiya İttifaqına qoşulmamaqla Azərbaycanın gələcək planlarına qoşula bilər. Belə ki, hazırda Azərbaycan İran və Türkmənistan enerji məhsullarını Bakı-Ceyhan və TANAP xətləri ilə Avropaya daşınmasında maraqlıdır və bununla bağlı danışıqlar gedir. Hazırda Türkmənistanın bu addımı tam olaraq Azərbaycanın strateji maraqlarına cavab verir. Yaxşı, belə olan halda Avrasiya İttifaqı hazırkı tərkibdə nəyə nail olacaq? Ekspertlər hesab edir ki, onsuzda Ruysiya-Qazağıstan, Rusiya-Belorusiya əməkdaşlığı hər zaman olub və yeni ittifaq daxilində bu dövlətlərin nə siyasi, nə də iqtisadi əməkdaşlığında heç bir dəyişiklik olmayacaq. O ki, qaldı Avrasiya İttifaqı daxilində 4 ölkənin siyasi birlik nümayiş etdirməsinə, bunun da mümkünsüz olduğu deyilir. Elə Avrasiya İttifaqının yaranması zamanı bunun şahidi olduq. Belə ki, Belorusiya və Qazağıstan prezidentləri Ermənistanın ittifaqa qoşulması zamanı Azərbaycanın maraqlarını müdafiə etdilər və bu bir daha nümayiş etdirdi ki, Avrasiya İttifaqı heç bir halda uğurlu siyasi qüvvəyə çevrilə bilməz. Çünki Qazağıstan və Belorusiya kimi ölkələr öz dövlət maraqlarından imtina edib, Azərbaycanı Ermənistanın güdazına verməzlər. Beləliklə aydın olan budur ki, Azərbaycan Avrasiya İttifaqı ilə bağlı tutduğu mövqedə yanlışlığa yol verməyibmiş və bu gün Türkmənistanın da belə bir mövqe
seçməsi Azərbaycanın mövqeyini daha da gücləndirdi.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53