"Münaqişənin əsası məhz işğaldır"
10:39 16-07-2014
CƏMİYYƏT
"Münaqişənin əsası məhz işğaldır"
"Biz hətta Fələstinin tarixi torpaqlarının 22 faizində qalmağa belə razıyıq, yetər ki, İsrail radikal davranışlardan əl çəksin və sülhə meylli olsun"
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimi Qəzza zolağında baş verənlərə münasibət bildirərək deyib ki, son zamanlar Qəzza zolağında baş verənlər müharibədir və İsrail dövlətinin Fələstinin bir hissəsi olan Qəzza zolağına və o cümlədən Fələstin xalqına qarşı elan edilmiş müharibəsidir. Onsuz da Qəzza zolağı və onun ətrafı 7 ildən artıqdır ki, İsrail tərəfindən mühasirə şəraitindədir.
İsrailin Qəzzaya hücumu məhz müharibədir. Müharibə başladığı dövrdən indiyə kimi 176 fələstinli qətlə yetirilib, onlardan 77 faizi mülki vətəndaşlar, qadınlar və uşaqlardır. Əməliyyatların başlanmasından indiyə kimi bir sıra mənzillər dağıdılıb və bunlar adi fələstinli ailələrə məxsus mənzillərdir. Bildiyiniz kimi, İsrail dövləti təkmilləşmiş orduya və geniş imkanlara sahib, dünyanın 4-cü ən güclü ordusuna malik bir ölkədir və bu günə kimi hansısa itkiyə məruz qalmayıb. Biz ürəkdən arzu edirik ki, belə bir tələfat və ya qurbanlar İsrail tərəfində olmasın. Eyni zamanda Fələstin tərəfindən də itkilərin olmamasını və əməliyyatların qarşısının alınmasını və dayandırılmasını ürəkdən arzu edirik. Cənab Benyamin Netanyahu hökumətinin apardığı məhz bu siyasət ABŞ-ın himayəsi ilə bir müddət öncə başladılmış sülh prosesinin uğursuzluqla nəticələnməsinin bir hissəsidir. Yəni, aparılan bu siyasət nəticəsində sülh prosesinin gedişatı pozuldu və hər hansı bir nəticə əldə olunmadı.
Gəlin, bu münaqişənin əsasına nəzər salaq. Münaqişənin əsası məhz işğaldır. İşğalçı dövlət İsraildir ki, Fələstin dövlətini işğal edib. Məhz bu işğal nəticəsində bütün bu problemlər ortaya çıxıb. Fələstinlilər İsraili işğal etməyib, belə bir fakt yoxdur, əksinə, İsrail Fələstin dövlətini işğal edib. Bununla bağlı bir sıra qətnamələr, qərarlar qəbul edilib ki, paytaxtı şərqi Qüds olmaqla müstəqil Fələstin dövləti yaradılmalıdır və bu dövlət İsraillə yanaşı sülh, qonşuluq şəraitində yaşamalıdır. Lakin bu, baş verməyib. Fələstin xalqının istəyi yalnız İordan çayının qərb sahili və Qəzza zolağında özünün müstəqil Fələstin dövlətini yaratmaqdır. Ümumiyyətlə, İsrail hökumətində təmsil olunan nazirlərin 3/2-si məhz radikal-sağçı mövqeyə malik partiyalardan gəlmiş insanlardır ki, bunların böyük əksəriyyəti radikal mövqeyə malikdirlər. Onların bir çoxunun mövqeyi Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasının mövqeyi ilə eynidir. Likud Partiyasının mövqeyi də məhz radikal mövqedir. İsrailin hökumət başçısı sözdə söyləyir ki, biz sülh prosesinin baş tutmasının və iki dövlət prinsipi məsələsinin həllinin tərəfdarıyıq. Lakin bu, əməldə baş tutmalıdır. Əməldə biz başqa şey görürük, bəzi nazirlər Fələstin haqqında neqativ fikirlər söyləyirlər. Məsələn, bəziləri ümumiyyətlə fələstinli əhalinin oradan qovulmasının tərəfdarıdır, bəziləri isə hətta fələstinlilərin qətlə yetirilməsini dəstəkləyirlər. Hətta iqtisadiyyat naziri Niftali Benet kimi bəzi nazirlər fələstinlililərin öldürülməsinə etiraz etmir və əksinə, buna sevinir. Bu dediklərimiz Fələstin hökumətinin ortaya çıxardığı nəticə deyil. Dediklərimizi böyük dünya dövlətləri, eyni zamanda İsraillə müttəfiq olan ölkələr də söyləyir ki, Benyamin Netanyahu sülh prosesinin əldə olunmasında maraqlı deyil və bu istiqamətdə ciddi cəhd göstərmir. Almaniya, ABŞ, Fransa, Böyük Britaniya və digər böyük dövlətlərin liderləri söyləyirlər ki, cənab Benyamin Netanyahu sülh prosesində maraqlı deyil. Hansı daha yaxşıdır? Bir xalqa qarşı zülm edib, belə müharibələr törətmək, yoxsa, danışıqlar masasına əyləşib bu problemin sülhlə həll olunmasına çalışmaq? Bu suala Benyamin Netanyahu hökuməti İsrail xalqı qarşısında cavab verməlidir ki, bu variantlardan hansını seçir. İsrail hökumətinə ar olsun ki, belə bir rüsvayçı işğalı həyata keçirib və digər dövlətin ərazisini işğal edib.
Səfir həmçinin Azərbaycanla münasibətlərə toxunaraq bunları deyib:" Fələstin prezidenti Mahmud Abbas 2011-ci ildə Bakıda səfərdə oldu, cənab İlham Əliyevlə görüş zamanı möhkəm dostluq və yoldaşlıq münasibətlərinin əsası qoyuldu. Sözsüz ki, Azərbaycan bölgədə bizim ən yaxın dost bildiyimiz dövlətlərdəndir. Bu görüşdən sonra, 2013-cü ildə İƏT-nın xarici işlər nazirlərinin Bakıda keçirilən konfransında Azərbaycan hökuməti Fələstinə yardım üçün 5 milyon dollar vəsait ayırdı. Azərbaycan Respublikası səfirliyimizin maddi-texniki bazasının təmin olunmasına da dəstək verib. Bu, özlüyündə böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan rəhbərliyinin Fələstin səfirliyinə və ümumiyyətlə, dövlətimizə qarşı göstərdiyi mehribanlıq və qayğıdan çox razıyıq və bununla fəxr edirik. Fələstin dövləti bu dostluğu daim qorumağa çalışır. Fələstin torpaqları işğal altındadır. Biz özümüz işğala məruz qalan bir tərəf kimi, heç vaxt işğalı dəstəkləyə bilmərik. Fələstin dövlətinin prezidenti cənab Mahmud Abbas Bakıya gələn zaman cənab İlham Əliyevlə öz iqamətgahında yanbayan dayanaraq Azərbaycan Respublikasını və onun ərazi bütövlüyünü tam dəstəklədiyini aydın şəkildə ifadə etdi və BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş 4 qətnaməni rəqəmləri ilə sayaraq, onların tətbiq olunmasına çağırdı. Fələstin dövlətinin bu məsələ ilə bağlı mövqeyi aydındır və Azərbaycan Respublikasının mövqeyi ilə həmrəydir".
Fuad
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22