Əsirlərdən hələ xəbər yoxdu
10:03 24-07-2014
İQTİSADİYYAT
Əsirlərdən hələ xəbər yoxdu
Bakıda isə buna görə aksiya oldu
Azərbaycan dövləti Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birlikdə Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlılardan birinin öldürülməsi ilə bağlı birgə bəyanat yayacaq. Bunu Baş nazirin müavini, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.
Baş nazirin müavini bildirib ki, Azərbaycan tərəfi Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı BQXK nümayəndələri ilə tez-tez görüşlər keçirir.
Ə.Həsənov deyib ki, girov götürülən azərbaycanlılar Ermənistan tərəfindən təzyiq və işgəncələrə məruz qalırlar: "Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var. Neçə gün keçib. Nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki onların başlarına min oyun açırlar. Onlara işgəncələr verirlər, danışdırırlar, iynə vurub min cür şey yeridirlər".
Bununla yanaşı, Əli Həsənov mətbuatı və girovların yaxınlarını təmkinli və diqqətli olmağa çağırıb. O, bildirib ki, bu məsələ ilk gündən Azərbaycan Prezidentinin diqqətindədir və onun tapşırığı ilə dövlət bu məsələ ilə məşğuldur.
Əli Həsənov bildirib ki, BQXK-ya edilən ciddi xəbərdarlıqdan sonra bu təşkilat nəticə çıxararaq əməli fəaliyyətə keçib: "Artıq onlar da bundan nəticə çıxarıblar. Bu gün yayılacaq bəyanat da həmin fəaliyyətin nəticəsi kimi dəyərləndirilə bilər".
"Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlılar əsl vətənpərvər insandırlar, qəhrəmandırlar. Onları qətiyyən qınamaq olmaz"-deyə Əli Həsənov bildirib.
O, deyib Kəlbəcərdə girov götürülən azərbaycanlılar qohum-əqrəbalarının, valideynlərinin qəbrini ziyarət etmək üçün öz doğma yerlərinə, vətənlərinə gediblər: "Biz vətənpərvərlikdən danışırıq. Biz gənclərimizi torpaqlarımızı azad etməyə hazırlayırıq. Onlar gənclərimizə əsl nümunədirlər".
Baş nazirin müavini qeyd edib ki, deyilənə görə, Kəlbəcərdə Ermənistan hərbçləri tərəfindən girov götürülən azərbaycanlılardan biri öldürülüb, iki nəfər isə ermənilərin əlindədir: "O insanlara müxtəlif ləkələr yaxırlar. Onlara gah "diversant" deyirlər, gah da hansısa cinayət törətdiklərini bildirirlər. Özləri məlumat yaydılar ki, Kəlbəcərə Azərbaycan "diversantları" gəlib. Sonra özləri yaydılar ki, Kəlbəcərdə yaşayan ermənilər qorxuya düşüb qaçırlar. Daha sonra da dedilər ki, biz çətinliklə onların qarşısını almışıq. Dediklərinə görə, Dilqəm və Şahbaz dəfərlərlə Kəlbəcərə gediblər. Onlar o ərazilərə çox gedib gəliblərsə, elə o zaman da hadisə törədərdilər də. İndi Kəlbəcərdə 17 yaşında bir oğlan ölüb. Cinayət işinin üstünü aça bilmirlər, bilmirlər kim öldürüb. İndi açılmayan nə qədər cinayət varsa, yıxacaqlar azərbaycanlıların üstünə. Biz həmişə Ermənistan və ermənilər barədə beynəlxalq təşkilatlara deyirdik ki, bu millət nədir, o ölkə nə ölkədir, o ölkənin rəhbərliyi nədir?"
"Öz doğma ata-baba torpağına, Kəlbəcərə, Zəngilana və digər yerlərə getmək oradan olan insanların hüququdur və heç kim bu hüquqa qarşı çıxa bilməz". Bunu açıqlamasında "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B. Səfərov bildirib ki, vətəndaş öz ölkəsi daxilində hərəkət edib, heç bir dövlətin sərhədini pozmayıb: "Necə ola bilər ki, mən öz ölkəmin ərazisində sərhədi pozum? Biz hamımız istədiyimiz vaxt torpaqlarımıza, ata-baba yurdumuza gedəcəyik. Tək Kəlbəcərə deyil, digər işğal altındakı ərazilərə getmək bizim hüququmuz və istəyimizdir. Girov götürülmüş şəxslər də öz torpaqlarına gediblər. Onlar valideynlərinin qəbrini ziyarət ediblər. Biz nəinki öz ata baba torpaqlarımıza getməliyik, həm də gedib orada yaşamalıyıq".
İcma rəhbərinin sözlərinə görə, ermənilər mülki insanlara "diversant" adı qoymaqla onları ittiham eləməyə çalışırlar: "Bu onların yeni sərsəm fikirlərindən biridir".
B. Səfərov qeyd edib ki, dövlət başçısı da məsələni diqqətə götürüb.
Rusiyanın Azərbaycandakı səfirliyi Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması ilə bağlı səslənən iddialara münasibət bildirib. Səfir Vladimir Doroxinin Azərbaycanın vitse-spikeri Bahar Muradovaya ünvanladığı məktubda bu barədə danışılıb. Məktubda deyilir:
"Hörmətli Bahar Muradova! Siz Kəlbəcərdə girov götürülənlərin Rusiya vətəndaşı olduğunu bildirmisiniz. Sizə rəsmi olaraq bildirirəm ki, Kəlbəcərdə tutulanlardan heç biri Rusiya vətəndaşı deyil"
Qeyd edək ki, bir Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyevin taleyi ilə məlumatlar olduqca azdır. Ermənistan tərəfi onlarla birlikdə Kəlbəcərə gedən Cəbrayıl sakini Həsən Həsənovun öldürüldüyü barədə məlumat yayıb. Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması haqqında isə informasiyalar var idi.
Vitse-spiker Bahar Muradova isə iyulun 18-də verdiyi müsahibədə Rusiyanı öz vətəndaşlarının taleyinə biganə qalmaqda təqsirləndirib.
Ermənistan tərəfindən Kəlbəcər rayonunda saxlanılan Azərbaycan vətəndaşları ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin inzibati binası qarşısında aksiya keçirilib.
Aksiyada Ermənistan tərəfindən saxlanılan şəxslərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Onlar BQXK-nin fəaliyyətsizliyindən narazı olduqlarını, Kəlbəcərdə saxlanılan bir nəfər azərbaycanlının barəsində hələ də məlumatın olmamasından şikayət ediblər.
BQXK-nin rəsmi nümayəndəsi isə aksiya iştirakçılarına bildirib ki, komitənin mandatına uyğun olaraq çox şeyi ictimaiyyətə açıqlamasalar da, bu istiqamətdə işləri davam etdirilir.
Qeyd edək ki, Ermənistan tərəfi işğal altında olan Kəlbəcər rayonunda iki Azərbaycan vətəndaşını - Dilqəm Əsgərov və Şahbaz Quliyevi tutduqlarını, Həsən Həsənov adlı Azərbaycan vətəndaşının isə öldürüldüyünü açıqlayıb.
Hadisə iyulun 7-də baş versə də, bu günə kimi BQXK-nin Ermənistan nümayəndəliyinin əməkdaşları girov götürülənlərlə görüşməyiblər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17