Oqtay Şirəliyevin səhiyyəsi ilə bağlı yeni sensasion faktlar
10:45 06-08-2014
İQTİSADİYYAT
Oqtay Şirəliyevin səhiyyəsi ilə bağlı yeni sensasion faktlar
Dərman firmaları ilə baş həkimlərin gizli işbirliyinin şok detalları!
Azərbaycan səhiyyəsinin ağır durumunu gözlər önünə sərən yeni və sensasion faktlar ortaya çıxıb. Bu, ölkədəki həkimlərin xəstələrə həddən çox dərman yazmasının səbəbləri araşdırılarkən mümkün olub.
Qeyd edək ki, firma dərmanı məsələsi insanlar arasında bir xof yaradıb. Əslində, bu düşüncə heç də yalan deyil. Çünki eyni dərmanın alternativini 5 manata almaq mümkün olduğu halda, həkim 50 manatlığını yazırsa, artıq beynimizdə "niyə?" sualı yaranmalıdır. Əslində, bütün dərmanlar firma məhsullarıdır. "Firma dərmanı baha olar" fikrini həkimlər formalaşdırıb. Çünki bizim həkimlər öz ciblərini doldurmaq hesabına ən bahalı dərman firmaları ilə əməkdaşlıq edirlər. Firmalar qarşısında götürdükləri planı yerinə yetirmək üçün resept blanklarını doldururlar.
Həkimlərlə sıx "əməkdaşlıq" edən dərman firmalarından birinin əməkdaşı özünün və firmanın adının çəkilməyəcəyi halda tərəflərlə əlaqələrin necə qurulması, işbirliyi barədə sirləri publika.az-a açıqlayıb. "Həkimlər bizim çörək ağacımızdır, onlarla işiniz olmasın"- deyən əməkdaş hər bir firmanın həkimlərlə işləmək prinsipinin fərqli olduğunu deyib: "Hazırda ölkədə 300-dən artıq dərman firması var. Hər bir firmanın həkimlərlə işləmək prinsipi, ödənişin edilməsi qaydaları fərqli olur. İlk növbədə, firma həkimlərə müraciət edir. Baş həkim razılıq verirsə, xəstəxanada, əks halda, həkimlərlə kənarda görüşürük. Baş həkimin icazəsi olanda işləmək daha rahatdır, xəstəxanadakı bütün həkimlərə müraciət edib, qiymətlərimizi və dərmanları təklif edirik. Məsələn, 5 ay ərzində həftədə 3 dəfə xəstəxanaya gəlmək üçün ayda 300 manat baş həkimə ödəyirik. Bu zaman o, bizə "peçat"lı kağız verir.
Hansı həkim razı olursa, əməkdaşlığa başlayırıq. Xəstəyə yazılan dərmanın müqabilində həkimə faiz çatır. Ona görə də həkimlər daha çox bahalı dərmanlar yazır. Həkimlərin 80-90%-i ön ödəmə tələb edir, çünki firma işçisi dəyişəndə problem yaranır".
O əlavə edib ki, dərmanların qiymətinin yüksək olması firmalararası rəqabətin, həkimlərin bu dərmanları yazması da daha çox qazanmaq istəyinin nəticəsidir: "Həkimlər bahalı dərmanlar təklif edən firmalarla işləməyə çalışırlar. Eyni dərmanı gətirən firma çalışır ki, o, rəqabətdə olduğu firmadan daha yüksək qiymətə satsın. Dərmanın qiyməti yüksək olanda həkimə çatacaq faiz də artır. Çünki o, yazdığı hər reseptə görə faizi alır. Həkimlərin uzun reseptlər yazması da gəlir əldə etməklə əlaqədardır".
Xatırladaq ki, bir neçə il əvvəl Səhiyyə Nazirliyi tərəfindən bu əməkdaşılığın qarşısını almaq üçün vahid resept blanklarının tətbiqinə başlandı. Burada məqsəd həkimlərin dərman firmalarının reseptlərindən istifadəsinin qarşısını almaq idi. Çünki həkimlər həmin reseptlərlə firmalara hesabat verirlər.
Firma əməkdaşı isə deyib ki, vahid resept blankı onların işinə çox da çətinlik yaratmayıb: "Bəzi həkimlər hələ də, firmaların verdikləri reseptlərdən istifadə edir. Həm də firmaların öz apteklər şəbəkəsi olur, dərmanların alınmasına bu üsulla da nəzarət edə bilirik. Çalışırıq ki, həkimləri öz apteklərimizə yönləndək. Həkimlərin məhz bizim dərmanları yazmalarına bu üsulla nəzarət edirik".
Bəs həkim dərmanı sata bilmirsə, o zaman əməkdaşlıq sona çatır, yoxsa faiz azalır? O, zərər ehtimalının əvvəldən hesablandığını deyib: "Həkimin potensialı əvvəldən nəzərə alınır. Xəstənin həkimin yazdığı bütün dərmanları almaması və digər itki faizi nəzərə alınır, orta rəqəm çıxarılır, həkimin faizi və nə qədər dərman sata biləcəyimiz bununla müəyyən edilir".
Onun sözlərinə görə, həkimlər əlavə qazanca maraqlı olsalar da, onları işbirliyinə dəvət etmək asan olmur. Ona görə yox ki, onlar satmaq istəmir, sadəcə, daha çox qazanmaq istəyirlər: "Bəzən həkimlərə müraciət edəndə deyirlər ki, "filan firma daha yüksək qiymət təklif etdi, yaxud xaricdə istirahət təşkil etdi". Elə həkimlər də var ki, keyfiyyətsiz dərman yazmırlar, hətta bir milyon təklif etsək də. Daha çox Hindistan dərmanlarından imtina edirlər. Lakin həkimlərin 85%-i maddi marağa görə firma ilə işləyir".
Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli həkimlərlə dərman firmalarının əməkdaşlığının inkaredilməz fakt olduğunu təəssüflə qeyd etsə də, bununla mübarizə aparıldığını bildirib: "Bu məsələ Səhiyyə Nazirliyinin nəzarətindədir. Bununla bağlı vahid resept kağızlarından istifadə edilməsinə başlanılıb. Monitorinq apararkən hansı aptekdə fərqli blanklar aşkarlanırsa, ona qarşı cəza tədbirləri görülür. Bu həm profilaktik, həm də əsas mübarizə üsullarından biridir. Vahid resept blanklarının tərtibi həkimlərlə firmaların əməkdaşlığına böyük zərbə idi və effektini verdi, həmin faktların sayı azaldı. Bu problemlə bağlı insanlar da ayıq olmalıdır, firma blanklarına yazılmış reseptlərlə bağlı nazirliyə məlumat verməlidir".
Nazirlik rəsmisi bildirib ki, həkimlə firma arasında yalnız sağlam əməkdaşlıq olmalıdır ki, yeni dərmanlar barədə məlumatlı olsun: "Həkim firmadan müəyyən məbləğ alaraq xəstəyə dərman yaza bilməz. Xəstəyə lazım olmayan 200-300 manatlıq dərmanların yazılması faktları ilə qarşılaşmışıq. Başqa bir həkimə müraciət edəndə məlum olur ki, bunların çoxu oxşar dərmanlardır və həkim məqsədli şəkildə yazıb. Bu həm maliyyə qaydalarını pozur, həm də həkimə inamı azaldır".
Reallıq isə ondan ibarətdir ki, Şirəliyevin nazirliyi məlum problemin qarşısını almaqda hələ ki, acizlik nümayiş etdirir. Nəticədə qazanan dərman firmaları ilə işbaz həkimlər, itirən isə sadə vətəndaşlar olur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53