Anti-korrupsiya dalğası
Anti-korrupsiya dalğası "Azərpoçt"a çatdı

Qəmbər Bəybalayevin işçilərinin başı dərddə!

Azərbaycanda korrupsiya ilə mübarizə çərçivəsində daha bir qurumda ciddi faktlar açıqlanıb. Belə ki, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kürdəmir rayon filialının mərkəzi poçt şöbəsinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı filialın mərkəzi poçt şöbəsinin müdiri Elsevər Usubovun qulluq mövqeyindən istifadə edərək filialın əməkdaşı Zaur Cəbrayılov ilə əlbir olub vətəndaşlara ünvanlı dövlət sosial yardım ödənişlərini həyata keçirmək üçün sərəncamına verilmiş pul vəsaitlərinin sərf edilməsinə dair hesabata tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə yekun rəqəmlərin qəsdən şişirdilməsi hesabına yaranmış 12 min 105 manat məbləğində özgə əmlakını mənimsəyib talamaqla dövlətə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, son vaxtlar "Azərpoçt"la bağlı KİV-də tənqidi materialların, xüsusilə korrupsiya halları ilə bağlı məlumatların sayının artdığı hiss olunur.
Məsələn, bir müddət əvvəl jam.az saytı yazmışdı ki, kəndlərdə inşa edilən kiçik həcmli poçt şöbələrinin tikintisinə 70 min manat pul ayrılıb. Hər biri üçün nəzərdə tutulmuş bu məbləğin həddindən artıq böyük olduğu bildirilir. "Həqiqətən də kənd yerlərində inşa edilmiş "göbələyəbənzər" poçt şöbələri üçün 70 min manat xərclənməsi inandırıcı deyil. Çünki bu vəsaitlə daha iri həcmli bir bina inşa etmək mümkündür. Gələn xəbərlərdə deyilir ki, 70 min manat kağız üzərində həmin tikintiyə sərf olunub. Əslində isə bu şöbələr 3-4 min manata başa gəlib" yazan sayt yerdə qalan məbləğin "Azərpoçt" rəhbərliyinə çatdığını qeyd edirdi.
Təxminən iki ay əvvəl isə internet resurslarında "Azərpoçt"un bir qrup qadın əməkdaşı tərəfindən yazılan şikayət məktubu yayılmışdı. Məktubda bildirilirdi ki, "10-15 il poçt sahəsində təcrübəsi olan, poçt sahəsi üzrə ali təhsili olanlar qalıb bir qıraqda, amma təyinatda qohumluq prinsipi üstün tutulur… Hər 6 aydan bir "Azərpoçt" MMC-də ştat ixtsarı əməliyyatı aparılır. "Yad təbəqə"dən olan işçı qüvvə belə bəhanələrlə (yəni stat ixtisarı) işdən kənarlaşdırılır. Ən azından ona görə ki, yeyintinin və korrupsiyanın üstü açılmasın".
Şikayət məktubunda həmçinin qeyd edilirdi ki, respublikanın rayonlarının poçt şöbələrində çox acınacaqlı vəziyyət yaranıb. "Poçt rəisləri necə istəsələr, elə də addım atırlar. Hər rayonun mərkəzi poçtampında ən azından 6-8 nəfər "myortviy duşa" ("ölü canlar"), yəni işə çıxmadan adı ştat cədvəllərinə yazılanlar və beləliklə, dövlətin pulunu havayı alıb yeyənlər var".
Qeyd edək ki, "Azərpoçt"dan indiyədək mətbuatda yer alan tənqidlərə, şikayətlərə heç bir cavab gəlməyib.
Qəmbər Bəybalayevin rəhbərlik etdiyi qurumun əməkdaşları barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı isə belə deməyə əsas verir ki, mətbuatda "Azərpoçt"un fəaliyyəti ilə bağlı mütəmadi yayılan məlumatlar heç də tamamilə əsassız olmayıb müəyyən reallıqlara söykənir.
Günel Əkbər