Demokratiyanın sütunu terror olaraq qalır
10:48 06-08-2014
İQTİSADİYYAT
Demokratiyanın sütunu terror olaraq qalır
Azərbaycanın "təsadüfi" qəzalara ehtiyacı çoxdur
Vəhşi kapitalizmdən intellektual kapitalizmə keçid uzunmüddətli bir prosesdir və demokratik cəmiyyətlərin qurulması üçün bu mərhələ mütləq şəkildə yaşanmalıdır. Demokratiyanın beşiyi sayılan ABŞ-dan tutmuş Avropaya qədər hər bir ölkə bu mərhələni müxtəlif şəkildə yaşadılar. ABŞ öncəliklə iqtisadi amnistiya elan etdi, bundan sonra vətəndaş cəmiyyətlərinin yaranması üçün addımlar atıldı və nəticə göz qabağındadır. ABŞ və Avropa bu mərhələni keçəndən sonra Şərqi Avropada eyni mərhələni yaşamalı oldu. İndi isə növbə possovet ölkələrindədir.
Russo qanunauyğunluğu
Tanınmış filosof Russo azadlıq haqqında bunları deyib:"Azadlıq istədiyini etmək demək deyil. Azadlıq istəmədiyini zorla sənə etdirməyə etiraz etməkdir". Və bugünkü reallıqda Avropa və ABŞ artıq istəmədiyini etmir, sadəcə azadlığı yaşayır və bu azadlığın dayanaqlı olması üçün ətrafına, o cümlədən Azərbaycana "AZADLIQ" gətirir. Amma bu "AZADLIQ" özünün əldə etdiyi azadlıq deyil. Artıq güc mərkəzləri Azərbaycan başda olmaqla digər ölkələrə öz istədiyi azadlığı gətirir. Bizlər isə adına azadlıq dediyimiz nəyisə zorla qəbul etmək zorundayıq. Çünki bunun adına ABŞ və ya digər güc mərkəzləri AZADLIQ deyir və biz bunu qəbul etməliyik. Russo məntiqi ilə yanaşsaq aydın olacaq ki, ABŞ-ın və ya Avropanın bizə yedizdirdiyi onlar üçün AZADLIQ, bizlər üçün isə məcburi qəbul olunan yaşam tərzidir. Son nəticədə bizə gəlib çatan artıq azadlıq olmur. Axı ZORLA QƏBUL EDİLƏN Russo məntiqi ilə azadlıq deyil. Gəlin, son günlər yaşananlara diqqət yetirərək.
Leyla Yunus bumu
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus həbs olundu. Beynəlxalq təşkilatlar istintaqın gedişi ilə belə tanış olmadan sərt bəyanatlarla çıxış etdilər. Və iddia etdilər ki, xalq diplomatiyası ilə məşğul olan şəxsi "dövlətə xəyanət" maddəsi ilə ittiham etmək olmaz. Gəlin bir anlıq razılaşaq bu məntiqlə. Və aşağıdakı suallara cavab tapaq.
1. ABŞ İraqa hərbi müdaxilə edən zaman ABŞ-da fəaliyyət göstərən hansı QHT İraqla, Səddam Hüseyn komandası ilə, İraq xalqı ilə xalq diplomatiyası həyata keçirirdi?
2. Əfqanıstanda müharibənin getdiyi bir zamanda ABŞ və ya Avropa QHT-ləri xalq diplomatiyasını bölgəyə gətirmişdilərmi?
Sözsüz ki, yox və bu mümkün də deyildi. Bu gün Azərbaycanın 20 faizi işğal edilib, milyonlarla insan vətənindən qaçqın düşüb və belə mühitdə xalq diplomatiyası nə qədər məntiqli ideyadır? Sözsüz ki, heç bir məntiq yoxdur. Olan tək məntiq budur ki, bu gün Ermənistanla işbirliyinə gedən istənilən şəxs, "dövlətə xəyanət"- ittihamından qurtulmaq üçün xalq diplomatiyası ilə məşğul olduğunu deməklə özünü kənarlaşdıra bilər. Əslində haqqında söhbət açdığımız XALQ DİPLOMATİYASI, ABŞ və Qərbin bizlərə zorən qəbul etdirdikləri "DEMOKRATİYANIN" bir nümunəsidir. Bu proseslərdə aydın olan başqa məqam isə budur ki, Azərbaycanda siyasi prosesləri nəzarətdə saxlamaq, təsir rıçaqlarını qorumaq üçün "DEMOKRATİYA"nın bombaları zamanında Azərbaycanda basdırılıb və Leyla Yunus timsalında partlamaqdadır. Hətta iş o yerə çatıb ki, bu tip simalar sözün həqiqi mənasında toxunulmamazlıq statusu qazanıblar və bunların əsas fəaliyyətləri aşağıdakılardır.
1. Kütlə psixologiyasından bəhrələnməklə əlahiddə statuslu siyasi mərkəzə çevrilmək.
2. Mövcud hakimiyyətə qarşı tam sayğısızlıq nümayiş etdirməklə, tabuları sıradan çıxartmaq adı ilə sabah üçün itaətsizlik toxumları səpmək.
3. Kənar güclərin bir başa demədiklərini onların vasitəsi ilə səslənməsini təmin etmək.
Siyasi güclərin aslılığı
Aydın olan başqa maraqlı nüans isə budur ki, mövcud müxalifət lazım olanda milliləşən, yeri gələndə liberallaşan, xəyanətlə diplomatiya arasında bərabərlik işarəsini təmin edən bu şəxslərin tam təsir dairəsindədirlər. Xatırlayın, Leyla Yunus həbs olunur və sosial şəbəkələrdə, portallarda müxalifət liderləri Leyla Yunusu müdafiə edəcək bəyanatları bir neçə dəqiqə gec vermələrinə görə ittiham edilirlər və müxalif simalar da öz növbələrində az qala bəraət almaq naminə bəyanat vermək üçün növbəyə düzülürlər. Bu sadəcə olaraq acınacaqlı bir haldır və təəssüf ki, burada da kütlə psixologiyasının, özünəinamsızlığın, komplekslərin tam şəkildə mövcudluğunu görürük. Deyə bilərsiniz, nədən müxalifət belə duruma düşüb və ONLARDAN asılı vəziyyətdədirlər? Cavab çox sadədir və aşağıdakılardır.
- Siyasi proseslərdə hər zaman aktiv olublar və daha radikal bəyanatlarla çıxış edərək bu düşərgədə az qala təmizlik, saflıq etalonu kimi özlərini qəbul etdiriblər
- Beynəlxalq təşkilatlar üçün onların zaman-zaman səsləndirdikləri fikirlər daha etibarlı fikir kimi qəbul edilib.
- Siyasi və vicdan məhbusları məsələsində daha peşəkar manevrlər etməklə az qala xilaskar kimi qəbul olunublar
- Hakimiyyətə, dövlətə və cəmiyyətə problemlər yaradan bir sıra oliqarx-məmurları zaman-zaman hədəfə almaqla demokratiyanın qaranquşu rolunu oynamalarına görə.
Məhz bu faktorlara görə müxalifət hazırda Leyla Yunusun və bu tip simaların cinayətləri tam olaraq sübut olunarsa belə yenə onları müdafiə etmək zorunda qalacaqlar. Çünki hadisə yaratmağı unudan müxalifət, yaradılan hadisələrin arxası ilə getməyə məhkumdur. Necə ki, prezident seçkiləri zamanı müxalifət düşərgəsində hamı bilirdi ki, Rüstəm İbrahimbəyov həm də Rusiya vətəndaşıdır və seçkilərə qatıla bilməz. Amma ilk mərhələdə heç kəs cəsarət edib, Rüstəm İbrahimbəyovdan imtina edə bilmədi. Sonda bu riskə Müsavat getdi və uzun müddət reallığı dediklərinə görə xəyanətkar adlandırıldılar.
Bulaşmış məmur
tör-töküntüsü
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Mossad və digər beyin mərkəzləri hansısa ölkədə öz maraqlarını həyata keçirmək, hətta hakimiyyətləri dəyişmək üçün daha uzunmüddətli əməliyyatlara, sosial bazalar formalaşdırmağa ehtiyac duymur. Bunun üçün sadəcə olaraq mövcud hakimiyyət komandasında təmsil olunan şəxslərin bir hissəsinin despotlardan təşkil olunmasını təmin etməklə məqsədinə nail ola bilirlər. Çox təəssüflər ki, bu gün Azərbaycan hakimiyyətində belə despotlar var və bunlar günbəgün daha da təsir dairələrini genişləndirir və az qala dövlət içində dövlət qurmağa yaxın olurlar. Çünki bu şəxslər ölkə iqtisadiyyatına təsir edə biləcək həddə kapitala sahibdirlər və demək olar ki, müəyyən məqamlarda hətta Azərbaycanı iqtisadi sabotajla üz-üzə də qoya bilərlər. Bu tip güclərin mövcudluğu isə cəmiyyətdə ikrah hissi ilə qəbul olunur və bundan da kənar qüvvələr məharətlə istifadə edə bilirlər. Sonuncu belə nümunəni baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun simasında gördük.
Demokratiyanın
sütunu olan terror
Mixail Saakaşvili hakimiyyətə gəldi və acı bir reallıqla üz-üzə qaldı. Reallıq isə bu idi- GÜRCÜSTANIN BİR DÖVLƏT OLARAQ MÖVCUDLUĞU ÜÇÜN OLİQARXLARDAN, İKİBAŞLI OYUN OYNAYAN SİYASİLƏRDƏN XİLAS OLMALI. Bəs bunu necə etmək olardı? Demokratik mübarizə, cəmiyyətə reallıqları söyləməklə nəyəsə nail olacağını, cəmiyyətin etibarını qazanmaqla alternativsiz lider kimi istədiyini edəcəyini düşünən Saakaşvili ilk raundda məğlub oldu. Və ... bundan sonra demokratiyanın əsas sütununun ilk mərhələdə TERROR olduğunu tamlıqla anladı. Milyardlarla kapitala sahiblənən oliqarx-məmurlar pərən-pərən salındı, Jivaniya və başqa gözə görünməz güclər terror vasitəsi ilə aradan qaldırıldı. Saakaşvili isə hər atəş səsindən sonra daha inamlı demokrat olmağa başladı. Bu isə təsdiqlədi ki, orta əsrlərdən başlayan demokratiya mühitinin yaranması prosesinin kökündə DÖVLƏT TERRORU nə qədər mühüm rol oynayırdısa, çağdaş zamanda da demokratiyanın sütunu TERROR olaraq qalır. Sözsüz ki, bu fikri ilk baxışda absurd hesab edəcəksiniz. Bəziləriniz terrora çağırış kimi qiymətləndirəcəksiniz. Amma gəlin bu gün yaşanan bir sıra reallıqlara - nümunələrə baxaq.
- İsrail Fələstində dövlət terrorunu həyata keçirir. Daha effektli və təhlükəsiz İsrail üçün
- ABŞ İŞİD vasitəsi ilə Şərqdə yeni düzən yaradır.
- Suriyada mütləq hakimiyyət uğrunda tərəflərin terrora yönəli addımları intensivləşdirilir.
Gördüyünüz kimi bu olaylar daha qlobal səviyyədədir və əsas hədəfə çatmaq üçün hansı addımlar atılır. Bunları əsas gətirərək iddia etmirik ki, Azərbaycanda eyni formada addımlar atmalıdır. Amma aşağıdakı suallara cavab tapağın.
Əlikram Hümbətov həbs olunmuşdu və əksəriyyət onun siyasi məhbus olduğunu bəyan edərək bir ajotaj yaratdılar. Beynəlxalq təşkilatlar isə Əlikram Hümbətovun azadlığa çıxması üçün Azərbaycan hakimiyyətinə yetərli qədər təzyiq göstərdilər. Leyla Yunus başda olmaqla bir sıra simalar Əlikram Hümbətovu həbsxanada az qala milli qəhramana çevirdilər. Nəhayət o azadlığa buraxıldı və Hollandiyaya köç etdi. İlk səfəri isə Ermənistana oldu və müharibədə iştirak etdiyi üçün ermənilərdən üzr istədi və faktiki Azərbaycanı bir dövlət kimi tanımadığını bəyan etdi. Onda sual çıxır, bu şəxs dövlət xəyanətkarıdır, ya yox? .Yəqin ki, bu suala cavab vermədən yalnız bir söz ağızdan çıxacaq- ZAMANINDA NİYƏ BUNUN BAŞINI ƏZMİRDİLƏR Kİ?
Bəli, bu bir reallıqdır. Amma əynimizə geyindiyimiz smoqinqə oxşamaq üçün sadəcə susuruq. Və sonradan "KAŞ Kİ..." deməklə kifayətlənirik. Biz artıq DEMOKRATİYANI olduğu kimi qəbul etməliyik.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53