Rusiyanın Qarabağ tələsi
Rusiyanın Qarabağ tələsi
Azərbaycan güzəştə getmək niyyətində deyil

Cəbhə bölgəsində durum gərginləşməkdə davam edir və bu dəfə atəşkəs daha geniş miqyasda pozuldu və tərəflər ciddi itkilərlə üz-üzə qaldı. Azərbaycan tərəfi itkiləri rəsmən təsdiqləsə də Ermənistan tərəfi qat-qat çox olan itkiləri gizlətməyə çalışdı. Fakt isə faktlığında qalır.
Çox maraqlı məqam isə bundan ibarətdir ki, atəşkəs məhz Azərbaycan və Ermənistan prezidentlərinin Soçidəki görüşündən qabaq baş verdi. Ekspertlər bildirir ki, hər dəfə iki ölkə prezidentlərinin mühüm görüşü olan ərəfədə Ermənistan tərəfi məqsədli şəkildə atəşkəsi pozur.Bununla da aparılan danışıqlar sıfırlaşdırılır və bununla da Ermənistan əlavə vaxt udmağa çalışır. Bu dəfə isə durum nisbətən mürəkkəb oldu. Belə ki, Fransa prezidenti Fransua Olland regiona səfər edən zaman Azərbaycan və Ermənistan prezidentlərini Fransaya dəvət etdi və aydın oldu ki, Fransa tərəfinin Dağlıq Qarabağla bağlı real təklifləri var və bu təkliflər heç də Ermənistanı qane etmir. Digər tərəfdən isə Fransanın aktivləşməsi Rusiyanı oyundan kənar vəziyyətə salırdı və buna görə atəşkəs Ermənistan tərəfindən pozuldu. Artıq əksər analitiklər hesab edir ki, atəşkəsin pozulması Rusiyanın sifarişi ilə həyata keçirilir və iki ölkə prezidentinin görüşündən öncə belə durumun yaradılması təzyiq məqsədi daşıyır. Söhbət Azərbaycanın Avrasiya İttifaqına qoşulmasından gedir. Bildiyiniz kimi rəsmi Bakı bəyan edib ki, Avrasiya İttifaqına qoşulmaq Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycansız Avrasiyya İttifaqı isə demək olar ki, heç bir effekt verməyəcək. Rusiya isə yenə də Dağlıq Qarabağ kartından istifadə etməklə Azərbaycana təzyiq göstərmək istəyir. Elə son açıqlama da bunu təsdiqləyir. Belə ki, Sergey Lavrov Qazaxıstan xarici işlər naziri Erlan İdrisovla Ust-Kamenoqorsk şəhərində görüşəcək.Rusiya mətbuatı görüşdə Dağlıq Qarabağda son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi məsələsinə də toxunulacağını ehtimal edib. Məlumatlara görə, Lavrov dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın Avrasiya iqtisadi inteqrasiyasına heç bir dəxli yoxdur.Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin bildirib ki, vəziyyətin sabitləşdirilməsi üçün "Azərbaycan və Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olması vacibdir. Dinc qonşuluq münasibətləri üçün Ermənistan tərəfdən Rusiya, Azərbaycan tərəfdən isə Qazaxıstan zəmanət verməlidir". Gördüyünüz kimi artıq Rusiya açıq şəkildə Azərbaycanı şantaj etməyə başlayıb və Azərbaycan tərəfidə məsələyə həssaslıq nümayiş etdirir. Elə prezident İlham Əliyevin gözlənilmədən döyüş bölgəsinə getməsi də bununla bağlıdır. İlham Əliyev bu addımı ilə sübutlayır ki, müharibə olarsa Azərbaycan geri çəkilməyəcək və cəbhə bölgəsində baş verən hər bir təxribata ən yüksək səviyyədə cavab veriləcək. Ekspertlər bunu da bildirir ki, cəbhə bölgəsində baş verənləri təhlil edəndə çıxarılan nəticə bu olur ki, iki prezidentlərin Soçi görüşü o qədər də effektli olmayacaq. Dağlıq Qarabağda müharibənin tez, yaxud gec yenidən başlaması qaçılmazdır: Ermənistanla Azərbaycan arasında cəbhə xətti var, həmin cəbhə xəttində istənilən an müharibə başlaya bilər. Modern.az xəbər verir ki, bunu Ermənistan KİV-nə rusiyalı politoloq Aleksandr Xramçixin qoşunların təmas xəttində baş verənləri şərh edərkən deyib.
Onun sözlərinə görə, münaqişə zonasında situasiyanın gərginləşməsi səbəbindən Ermənistan və Azərbaycanın sülhməramlı qüvvələri dəvət etməsi az inandırıcıdır: "Onların razılığı olmadan heç bir sülhməramlı kontingentdən söhbət gedə bilməz". Ermənistan və Azərbaycan prezidentləri Serj Sərkisyanla İlham Əliyevin avqustun 8-9-da Soçidə mümkün görüşünə gəldikdə, Xramçixin deyib ki, bu görüşdən heç nə gözləmir: "Düşünürəm ki, bu da əvvəlki görüşlər kimi olacaq, yəni nəticəsiz başa çatacaq".
Mehdi Əli