"Rusiya Qarabağı qaytarsa, Azərbaycanın Avrasiya İttifaqına daxil olmasına razı olardınız?"
13:18 15-08-2014
İQTİSADİYYAT
"Rusiya Qarabağı qaytarsa, Azərbaycanın Avrasiya İttifaqına daxil olmasına razı olardınız?"
Son dövrlər cəbhə bölgəsində baş verən proseslər bəzi siyasi məsələlərin də gündəmə gətirilməsinə səbəb olub. Məsələn, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı münasibəti tamam fərqli aspektlərlə izah edildi. Bəzilərinin fikrincə, Rusiya işğal altındakı torpaqlarımızın geri qaytarılması şərtilə Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını istəyir. Azərbaycanın ictimai-siyasi həyatında fəal olan bəzi tanınmışlar "Əgər Azərbaycanın işğal altında olan torpaqları Rusiyanın vasitəçiliyi ilə geri qaytarılsaydı, Azərbaycanın Avrasiya İttifaqına daxil olmasına razı olardınız" sualına belə cavab veriblər.
Milli Məclisin deputatı Aqil Abbas: "Sual xoşuma gəlmədi. Əvvəla, Azərbaycan öz torpaqlarını azad edəcək. Buna yüz faiz əminəm. Rusiyanın istəyi ilə torpaqlarımızın geri qaytarılması, bunun əvəzində Azərbaycanın Avrasiya İttifaqına qoşulması ehtimalı isə nağıldır. Rusiya Ermənistanın əlinə silah verib bizim torpaqları işğal etdirəndə, biz elə Rusiyanın tərkibində idik. İkincisi, Azərbaycan Rusiya ilə 200 ildən çoxdur güclü tellərlə bağlıdır. Rusiya ilə əlaqələrin əleyhinə deyiləm. Rusiya bizim qonşumuzdur. Bu mənada da Rusiyaya qarşı belə kampaniya aparmağın da əleyhinəyəm. Avropanın, Qərbin fitvasına gedib Rusiya ilə də dava etmək olmaz. Çünki qonşu ilə dava etməzlər. Bizim onsuz da düşmənimiz var. Azərbaycan müstəqil bir dövlətdir. O, hansısa bir ittifaqa daxil olacaqsa, bu, ən sivil ittifaq olmalıdır".
"Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxılı: "Rusiya heç bir zaman Qarabağ məsələsinin həllinə razı olmayacaq. Çünki bu problemi yaradan elə Rusiyanın özüdür. Rusiyanın niyyətində, Qarabağ məsələsindən istifadə edərək, Azərbaycanı tələyə salmaqdan başqa heç nə yoxdur. Mən Azərbaycanın bu ittifaqa qoşulmasına heç vaxt razı olmaram. Azərbaycanın bu ittifaqa qoşulmağı, onun müstəqilliyinin məhvi deməkdir. Azərbaycan müstəqilliyini itirəcəksə, elə birdəfəlik gedək Rusiyanın tərkibinə daxil olaq".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: "Mən razı olardım. Hesab edirəm ki, bu torpaqların qaytarılmasının əsas açarı Rusiyanın əlindədir. Azərbaycanın müstəqilliyinə xələl gətirməyəcək hansısa şərtlərlə Avrasiya İttifaqına qoşulamağa razılaşmaq olar. Təki torpaqlar geri qayıtsın. Müharibə özü də böyük maliyyə tələb edir. Azərbaycanın da iqtisadi imkanlarının genişləndiyi bir vaxtda, Rusiya və Ermənistanla dil tapmaq olar. Ermənistanın iqtisadi vəziyyəti getdikcə ağırlaşır. Ola bilsin ki, Rusiyanın Azərbaycanla hansısa uğurlu iqtisadi maraqları var. Hesab edirəm ki, işğal olumuş torpaqların geri qaytarılması müqabilində bu maraqları təmin etmək olar. Amma siyasi maraqların üzərində hər hansı quruma qoşulmağın, müstəqilliyimizi əldən verməyin qəti əleyhinəyəm".
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə: "Qəti şəkildə razı deyiləm. Sadə səbəbi var. Əgər Rusiya Azərbaycan torpaqlarını Avrasiya İttifaqına bizim qoşulmağımızla geri qaytaracaqsa, sabah bu ittifaqdan çıxmaq və ya Rusiyanın mənafeyinə hər hansı bir halda xidmət etmədiyimiz təqdirdə yenidən geri ala bilər. Biz yenidən sıfır nöqtəsindən başlayarıq və ömür boyu Rusiyaya xidmət etməli olarıq".
Deputat Vahid Əhmədov: "Mən heç vaxt razı olmazdım. Çünki bunlar hamısı Azərbaycanın müstəqilliyinə xələl gətirən amillərdir. Biz müstəqil olaraq fəaliyyətimizi davam etdirməliyik. Azərbaycanın müstəqilliyinin daimi və əbədi olmağını istəyiriksə, daha inamlı addımlar atmalıyıq. Qarabağ məsələsi Rusiyanın, iri dövlətlərin istəyi ilə həll olunan məsələdir. Bu, Azərbaycanın məsələsidir və biz gec-tez öz torpaqlarımızı geri alacağıq. Bəzi saytlarda belə məsələləri qabardırlar. Mən, ümumiyyətlə, belə insanları anlamaq istəmirəm. Azərbaycanın müstəqilliyini istəyən hər bir şəxs bütün bu ittifaqlardan kənarda olmalıdır".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Bu məsələ hazırda Azərbaycanın gündəliyində deyil. Hadisələrin inkişaf edib, bu məsələni müzakirəsinə çatmasına qədər, xeyli şərtlər və xeyli müddət lazımdır. Avrasiyaçılıq bu gün bir neçə konteksdə müzakirə olunur. Rüsiyanın avrasiyaçılıq modeli var, ittifaqın tərkibində olan dinamitlərin özlərinin avrasiyaçılıq planı var və s. Bu məsələlər hələ yerinə oturmayıb. Ona görə bu məsələ barədə danışmaq istəmirəm".
Deputat Zahid Oruc: "Çox məşhur rus misalı ilə cavab vermək istəyirəm: "Şeytan o qədər qorxulu deyil, nəinki onu elə qələmə verirlər". İş ondadır ki, bu Avrasiya İttifaqı adı altında fəlakətli mənzərə yaratmağa cəhdlər var. Mən tərəfdar kimi çıxış etmirəm, amma hər bir məsələyə soyuq ağılla yanaşmağın tərəfindəyəm. Bizdə kazarma vətənpərvərliyi deyilən anlayış var. İstənilən məsələyə qarşı çoşmaq və onu isterika içərisində qələmə vermək. Açıq deyirəm, burada Qərbin barmağı var. Bizdə Rusiyanın iştirak etdiyi istənilən layihəni iflasa uğratmağa çalışırlar. İstənilən məsələyə riyazi hesablamalarla yanaşmalıyıq. Bizdə istənilən məsələyə tarixi və səthi yanaşma var. Rusiyanın tarixi keçmişi parlaq deyil. Keçmişdəki məsələlərlə hazırki Rusiyaya qiymət vermək olmaz. Rusiyanın iştirakı ilə ərazilərmiz geri alınarsa, o zaman hansısa siyasi qurumlarda iştirak məsələsinə baxıla bilər".
Rüfanə GÜNƏŞ
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53