Mikayıl Cabbarovdan Misir Mərdanovla bağlı daha bir sensasion iddia
14:32 16-08-2014
İQTİSADİYYAT
Mikayıl Cabbarovdan Misir Mərdanovla bağlı daha bir sensasion iddia
Təhsil naziri sələfinin vaxtında məktəblərin həyətlərinin satılması və dərs vəsaitlərinin oğurlanması barədə də faktlar açıqladı
Azərbaycan təhsil naziri Mikayıl Cabbarovun məşhur rus jurnalisti və bloggeri Vyaçeslav Sapunova verdiyi müsahibənin yeni ilginc məqamları məlum olub. Müsahibədə Mikayıl Cabbarov ondan əvvəlki təhsil naziri Misir Mərdanovun dövrü ilə bağlı başqa sensasion faktlarla çıxış etdiyi aydın görünür.
Xatırladaq ki, bir neçə gün əvvəl həmin müsahibənin bəzi hissələri bizim KİV-də işıqlandırılmış, xüsusilə Cabbarovun sabiq təhsil naziri Misir Mərdanovun vaxtında geniş miqyas alan saxta diplomlar mövzusunda açıqlamaları az qala gündəmə bomba kimi düşmüşdü.
Azərbaycanda hazırda 2 mindən çox adamın saxta diplomla müəllim işlədiyini deyl naziri əlavə etmişdi ki, hazırda istintaq gedir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəm müəyyən edə biləcəklər: "Lakin biz artıq dəqiq bilirik ki, belə adamlardan 2 mindən çoxu saxta diplomla orta təhsil sistemində işə düzəliblər, onlar əsasən respublikanın rayonlarında işləyirlər".
Mikayıl Cabbarov bildirmişdi ki, saxta diplomla müəllim işləyənləri adbaad tanıyırlar: "Bütün məlumatları Baş Prokurorluğa təqdim etmişik, saxta diplomları kimlərin satdığı barədə məlumatları da vermişik. Bu adamların arasında təhsil sistemində rəhbər vəzifə tutanlar da var".
"Azərbaycan müəllimi" artıq həmin müsahibəni dilimizə tərcümədə bütöv şəkildə çap edib. Müsahibədən görünür ki, Mikayıl Cabbarov Mərdanovun dövrü ilə bağlı başqa bir sensasion faktı dilə gətirib. Sitat: "15 ay ərzində (Cabbarov bunu deyərkən özünün nazir təyin edildiyi gündən indiyədək olan vaxtı nəzərdə tutur. - red.) belə demək mümkünsə, "zəbt olunmuşlar"ı geri qaytarmaq üçün böyük işlər görüldü. Onlarla təhsil müəssisəsinin ərazisi zəbt olunmuşdu. Hal-hazırda həmin obyekt və ərazilər yenidən təhsil müəssisələrinin tabeliyinə qaytarılmışdır. Eləcə də külli miqdarda oğurlanmış tədris vəsaitləri yerinə bərpa edilmişdir. Belə desək, 10 kompüter olmalı olduğu halda, yerində heç biri yox idi. Bu gün isə hər şey öz yerinə qaytarılmışdır".
Göründüyü kimi, nazir Misir Mərdanovun dövründə təhsil müəssisələrinin ərazisinin satılması və tədris vəsaitlərinin oğurlanması kimi olduqca ilginc faktları dilə gətirir. Hansı ki, belə faktların mövcudluğu Mərdanovun nazir postunu tutduğu vaxtda KİV-də davamlı şəkildə öz əksini tapırdı. Amma həmin vaxt istər sabiq nazir özü, istərsə də işçiləri belə halları qətiyyətlə inkar edirdilər.
İndi isə Mikayıl Cabbarovun rəsmi açıqlamaları Mərdanovun dövründə həqiqətən də təhsil sistemində necə dəhşətli bəlaların kök saldığını açıq-aydın göstərir.
Maraqlıdır ki, Cabbarov müsahibəsində nazir olarkən Mərdanovun müəllimlərin maaşının azlığı ilə bağlı məşhur giley-güzarı ilə qismən razılaşıb, əslində isə problemin bir neçə aspekti olduğuna toxunub: "Birincisi, müəllimlərin hal-hazırkı əməkhaqqı aşağıdırmı? Əgər nəzərə alsaq ki, ölkədə orta aylıq əməkhaqqı 400 manatdan artıqdır, o zaman müəllimin orta aylıq əməkhaqqısı onun orta dərs yükü baxımından, çox aşağıdır. İkincisi, müəllim nə qədər işləyir? Bu tez-tez müzakirədən kənarda qalan sualdır. Başqa ixtisas sahibləri və xarici ölkə müəllimləri ilə müqayisədə Azərbaycanda müəllimlərin orta dərs yükü çox aşağıdır. Bizdə müəllimin orta dərs yükü həftədə 18 saata bərabərdir. Amma nə siz, nə də mən həftədə 18 saat işləmirik. Hətta elə müəllimlər var ki, onların dərs yükü 6 və ya 4 saatdır. Biz çıxış yolunu nədə görürük, hansı tədbirlər həyata keçiririk? Dərs yükünün optimallaşdırılması yolu ilə biz minimal tələblərə cavab verməyən müəllimləri sistemdən kənarlaşdırırıq. Razılaşın ki, kobud desək, öz ixtisasını belə bilməyən müəllimin əməkhaqqını artırmaq məntiqsizdir. Bu zaman müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün sertifikatlaşdırma imtahanlarının keçirilməsi ilə bağlı sual meydana çıxır".
Xatırladaq ki, Mərdanov nazir vəzifəsindəki son aylardan birində etdiyi çıxışda təhsilin keyfiyyətindəki geriləmələri müəllimlərin maaşının az olmasına bağlamış və bunu sərt dildə tənqid etmişdi. Hətta onun vəzifədən uzaqlaşdırılmasına bu çıxışının səbəb olduğuna dair versiya mövcuddur.
Amma Cabbarovun dediklərindən belə görünür ki, o, bu məsələdə də sələfi ilə tam razı deyil və müəllimlərin maaşının az olması fikrini qəbul etsə də, onların maaşının artırılmasında fərqli normativlərin izlənməsini əsas götürür.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53