Müsavatda böyük qarşıdurma gözlənilir
09:58 02-09-2014
İQTİSADİYYAT
Müsavatda böyük qarşıdurma gözlənilir
İsa Qəmbərin başqanlıqdan gedib-getməməsi ilə bağlı ikitirəlik yaranıb; Partiya parçalanmanın astanasındadır
Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının sentyabrın 27-də keçiriləcək qurultayında hazırkı başqan İsa Qəmbər namizəd olmayacaq.
Amma İsa Qəmbər bu status-kvonu dağıtmaq üçün yollar axtarır. Artıq daxildə İsa bəyin başqanlıqdan gedib-getməməsi ilə bağlı ikitirəlik yaranıb. Bir tərəf nizamnamədə dəyişiklik edilməsinin və İsa Qəmbərin başqanlıqda qalmasının tərəfdarıdır, digər tərəf isə buna əks mövqedədir.
"Unikal"ın apardığı araşdırmaya görə, bu təklifin arxasında İsa Qəmbər özü dayanır. Səbəb isə başqanlıqdan belə qısa müddətdə getmək istəməməsidir. Əslində, nizamnamədə dəyişiklik edərək yenidən namizəd ola bilər, amma verdiyi vədinə xilaf çıxmamaq üçün bu varianta getmir. Amma partiya daxilində ikitirəlik yaradaraq, qurultayın ertələnməsinə çalışır. Partiyanın Divan üzvü Nüşabə Sadıxlı bir neçə gün öncə mətbuata verdiyi müsahibədə qurultayda İsa Qəmbərə yeni başqana təsir etmək gücündə olan səlahiyyətlərin verilməsi ilə bağlı fikirlər səsləndirib: "İsa Qəmbərə elə bir rəsmi status verilsin ki, o, partiyada istənilən məsələyə müdaxilə edə bilsin. Mənimlə həmfikir olan bir sıra şəxslər bunun üzərində düşünür. Mövqeyimizi təklif kimi qurultayda rəsmən irəli sürəcəyik. Çalışacağıq ki, təklifimiz qəbul edilsin". Nüşabə Sadıxlının bu fikirlərinə partiya daxilindən reaksiyalar gəlməyə başlayıb. Başqanlığa iddialı şəxs, partiyanın Divan üzvü Tural Abbaslı verdiyi müsahibələrində bu fikirlərlə razılaşmayıb. Partiya yetkilisi hesab edir ki, veriləcək bu status yeni başqanın səlahiyyətlərini şübhə altına ala bilər: "İsa bəy dəfələrlə bildirib ki, onun təsis olunacaq hər hansı statusa ehtiyacı yoxdur. Düşünürəm ki, İsa Qəmbərin şəxsi siyasi nüfuzu kifayət qədərdir. İstənilən vaxt məsələlərə müdaxilə etmək iqtidarındadır. İnanmıram ki, hansısa müsavatçı İsa Qəmbər bir postda təmsil olunmasa, onu qəbul etməsin. Bu təklifi praktiki cəhətdən müzakirə etsək, burada nüfuz parçalanmasının şahidi ola bilərik. Belə ki, qurultay keçirilir, yeni başqan seçilir, bundan əlavə də başqanın səlahiyyətlərindən üstün post yaradılır. Dolayısı ilə başqanın hüquqi olaraq idarəetmə səlahiyyətləri azalır. Bu da gələcəkdə partiyada ikitirəliyin, fikir ayrılığının yaranmasına səbəb ola bilər. Nüfuzsuz bir başqanın da hansısa məsələlərdə uğur əldə etməsi mümkün deyil. Partiyanın sadəcə bir başqanı olar, onu da qurultay seçər. Əgər İsa bəy yenidən başqan olmaq istəsə, biz qurultayda bu təklifi səsləndirə bilərik. Yəni nizamnaməyə dəyişiklik edərik. Şəxsən özüm İsa bəyin yenidən başqan seçilməsinə səs verərəm. Amma xüsusi səlahiyyət verərək mövcud başqanın səlahiyyətlərinin şübhə altına alınmasının tərəfdarı deyiləm".
Başqanlığa digər namizəd, partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı da bu barədə mövqeyini açıqlayıb: "Təbii ki, bizim tərəfimizdən bu təkliflərlə əlaqədar hər hansı problem ola bilməz. Onsuz da vahid komanda olaraq fəaliyyət göstəririk. Qurultaydan sonra da vahid komanda kimi fəaliyyət göstərmək niyyətindəyik. Çünki bu seçkilər digər seçkilərdən fərqli olaraq partiyadaxili seçkilərdir".
Müsavat başqanlığına iddialı digər namizəd Qubad İbadoğlu hesab edir ki, İsa Qəmbərin başqanlıqdan getməsi onun nüfuzuna təsir etməyəcək: "İsa bəyin hansı statusda olmasından asılı olmayaraq, Müsavatda böyük nüfuzu var. Müsavatçıların lideridir. Hesab edirəm ki, istənilən halda İsa bəyin başqanlıqdan getməsi nüfuzunun zəifləməsinə səbəb olmayacaq. Əksinə, nüfuzu artacaq. İsa bəyin özünün qəbul elədiyi, eyni zamanda, qurultay nümayəndələrinin dəstək verdiyi istənilən qərara hörmətlə yanaşacam. Bu istiqamətdə fəaliyyət göstərmək niyyətindəyəm".
Sabiq başqan müşaviri, partiya başqanlığına iddiaçılardan olan Səxavət Əlisoy irəli sürülən təklifi doğru hesab etmir: "Hər kəsin düşüncəsinə hörmətlə yanaşmaq lazımdır. Bu baxımdan bu fikirlərə hörmətlə yanaşıram. Çünki fikir azadlığı deyilən bir şey var. Amma Nüşabə xanımın təklifini doğru hesab etmirəm. Bunun üçün gərək partiyanın nizamnaməsində dəyişiklik baş versin. Düşünürəm ki, əziyyət çəkib nizamnamə dəyişmək, qurultay keçirmək lazım deyil. İsa bəy həmin postunda qalsın. Məntiqlə bu təklifin uyğunluğu yoxdur". Səxavət Əlisoy qurultayda belə bir fikir irəli sürülsə, əleyhinə çıxacağını da qeyd etdi.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub isə deyib ki, partiyada bu mövqedə olanlar var. Onun sözlərinə görə, bu təşəbbüsdə bulunanlar çox olsa da, heç bir əhəmiyyəti yoxdur: "Burada əsas məsələ İsa Qəmbərin şəxsi iradəsidir. Əgər o, namizəd olmaq istəməyəcəksə, onu necə məcbur eləmək olar? Nizamnamə dəyişsə belə, İsa Qəmbərin namizəd olmaq istəməsi şərtdir. Mənim fikrimcə, İsa Qəmbər namizədliyini verməyəcək".
Göründüyü kimi, bütün iddialılar və onların tərəfdarları İsa Qəmbərin yenidən başqanlığa namizəd olmasını istəmirlər. Ona görə də vaxtaşırı onun vədini xatırladırlar. İsa Qəmbər də bunu başa düşdüyü üçün özünə yaxın adamların vasitəsi ilə aranı qarışdırmaq istəyir. Əgər qurultay gününə kimi İsa Qəmbər öz istəyinə nail ola bilməsə, qurultayda böyük bir qarşıdurma ola bilər. Yəni, sonuncu variant qurultayın pozulmasıdır ki, İsa Qəmbər istəyinə çatmaq üçün ona da gedər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53