İdarə etdiyi insanlara qarşı polis və orduya güvənən qorxaq
10:00 02-09-2014
İQTİSADİYYAT
İdarə etdiyi insanlara qarşı polis və orduya güvənən qorxaq
Nasist Almaniyasının informasiya naziri Yozef Göbbels ölüm düşərgələrindən birinə baş çəkəndə oradakı minlərlə əsirin qarşısında çıxış etmiş və demişdi: "Bizim cəmiyyətimiz insanın hüquqlarına və haqlarına tam sayğı bəsləyir. Mən də təbii ki, cəmiyyətin bir fərdi olduğum üçün həmin sayğı prinsiplərini paylaşıram. Burada istədiyinizi deyə bilərsiniz, ürəyinizdən keçən hər hərəkəti etməkdə azadsınız. Təbii ki, hər şey qaydalar çərçivəsində olmalıdır. Sizə tam sərbəstlik, azadlıq verilir. Lakin davranışı düşərgə rəisinin xoşuna gəlməyən insan GÜLLƏLƏNƏCƏK!"
Ermənistan prezidenti Serj Sarkisyan da özünü "mini imperator" hesab edir. Səfil cəmiyyətin mağmın hakimiyyətinin başında duran insanların hamısı belə olub və belədir.
Cırtdan Toqo dövlətində və ya dünyanın ən yoxsul ölkələrindən biri Svazilenddə dövlət başçısı "bəşəriyyətin ən müdrik, xarici siyasətə tam təsir edən və dünya ölkələrinin liderlərinin hesablaşdığı şəxsiyyət, dahi siyasətçi və adını tarixə yazmış görkəmli düha" sayılır. Həmin ölkələrdəki feodal rejimlərin rəhbərləri idarə etdikləri insanların istək, tələb və arzularını mənasız nəsnələr sayır, yalnız özlərinin varlanmalarını, iqtidarlarının qorunmasını və idarəetmə sisteminin uzunömürlülüyünün təminatı yollarını düşünürlər.
Onlar dəstək aldıqları güclü dövlətlərdən birinə arxalanırlar: həmin dövlət isə "yardım etdiyi" prezident vasitəsilə kiçik ölkəni müstəmləkə təki istismara məruz qoyur, "strateji müttəfiqlik və qardaşlıq" adı ilə istədiyi kimi idarə edir.
Ermənistanla Svazilendin arasında çox böyük məsafə olsa da, ölkə başçılarının intellekt səviyyəsi, dövlətin durumu və əhalinin azadlıqları baxımından ciddi fərqlər yoxdur.
Yerevandakı hakimiyyətin rəhbəri Serj Sarkisyan marazmatik daxili siyasət və Rusiyanın tam nəzarətindəki xarici siyasət yürüdərək marionetkalığını gizlətməyə, "qətiyyətli və iradəli adam" olduğunu göstərməyə çalışırsa - Svazilend kralı 3-cü Msvati də Cənubi Afrika Respublikasından asılı olduğunu güya gizləməyə can atır və "müstəqil siyasət" yürüdür.
Ermənistanın baş naziri Ovik Abramyan yerli miqyasda oliqarx olsa da, hökumətə başçı təyin ediləndən sonra "ən vicdanlı və şərəfli məmurlardan biri" təki görünməyə can atırsa, Svazilendin baş naziri Barnabas Sibusiso Dlamini sadəlik etməyə çalışır, ölkənin varidatını talamaqda kraldan sonra ikinci adam olduğunu pərdələmək istəyir.
Svazilenddə hər il minlərlə bakirə qız yarıçılpaq şəkildə kralın qarşısında rəqs edir və "Umhlanqa" adlanan bu mərasimdə 3-cü Msvati özünə yeni hərəm seçir.
Ermənistanda hər il avqust ayının sonlarında "qızğın siyasi payız" vədləri verilir, müxalifətin üzdə radikal, batində kollaborasionist "lider"ləri əvvəlcə hakimiyyəti hədələyir, sonra iqtidarla yeni sövdələşmələrə başlayırlar və Serj Sarkisyan da yaşananları sakitcə seyr edir.
Ümumiyyətlə, son aylarda yaşanan hadisələrin sonucunu Yerevanda öz xeyrinə çevirməyi qismən bacaran Serj Sarkisyan özünü pis hiss etmir.
Amma onun durumu yaxşı da deyil: Ukrayna olayları ilə bağlı Qərblə Rusiya arasındakı münasibətlərin həddən ziyadə gərginləşməsi, təbii ki, Moskvanın Cənubi Qafqazdakı vassalı Ermənistandan yan keçməyib. İndiki situasiyada ABŞ və Avropa Birliyi ermənilərin rəhbərliyindən mövqelərini bəlirləməyi, Rusiyadan total asılılığı azaltmağı, hətta Moskvanın nəzarətindən könüllü çıxmağı tələb edirlər.
Əks təqdirdə avropalılarla amerikalılar müxalifəti dəstəkləyəcəkləri və bununla da hakimiyyətin gününü qara edəcəkləri ilə bağlı həmişəki ultimatumlarını yumşaq, üstüörtülü formada səsləndirirlər.
Belə vəziyyətdə S.Sarkisyan "qaynar payız" ərəfəsində mövqeyini açıqlamalıydı və o, bunu Saxkadzorda etdi.
Sarkisyan hesab edir ki, ölkə müxalifəti qaynar siyasi payız vəd etsə də, əsla narahat deyil. Sən demə, yayda istirahətin fonunda payız istənilən halda aktiv sayıla bilər.
"Müxalifət istədiyini edə bilər. Amma qanunvericilik çərçivəsindən kənara çıxa bilməz", - S.Sarkisyan bildirib.
Mahiyyət etibarilə Ermənistanın dövlət başçısı deyir ki, əgər müxalifət payızda aktivləşmək niyyətinə düşərək indiki siyasi fəaliyyət müstəvisindən və radikal çağırışlar orbitindən çıxarsa, hakimiyyət dairələri bunu qanunsuzluq, qanunlar çərçivəsindən kənara çıxmaq təki dəyərləndirəcək və cavab da zorakı sakitləşdirmə, polis müdaxilələri olacaq.
S.Sarkisyan payız ərəfəsində bu cür danışırsa və müxalifətə aşkar xəbərdarlıq edirsə, situasiya yetərincə ilgincdir.
Rəsmi Yerevan Qərbin ölkə müxalifətinə verdiyi dəstəyin artdığını və hakimiyyətə qarşı durduqlarını bəyan edən qüvvələrin fəaliyyətində müəyyən risklər yarandığını hiss etdiyindən mövqelərini sərtləşdirib. Eyni zamanda S.Sarkisyan özünə əmin olduğunu müxalifətlə yanaşı, cəmiyyətə də göstərmək istəyir və bu minvalla iqtidar düşərgəsində vurnuxmanın, narahatlığın yaranmasının qarşısını almaq istəyir.
Sarkisyan gözəl bilir ki, indi ona sonsuz sədaqətlərini fasiləsiz izhar edənlər, rejimin imtiyazlarından və resurslarından yararlananlar kiçik təhlükə duyan kimi gəmidən qaçan siçovullar misalı mövqelərini diametral dəyişərək "nomenklatur müxalifət"ə çevrilə bilərlər.
Sadalanan məqamların ciddiliyini dərk edən Ermənistan prezidenti ölkə Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı prosesi yayın ortalarında dayandırmışdı.
O, müzakirələri payızın əvvəlində yenidən aktivləşdirmək və bu minvalla da daxili siyasətin gündəmini süni şəkildə dəyişərək özünə sərfəli şəkildə müəyyənləşdirmək niyyətindədir.
Di gəl, Yerevandakı iqtidarın ümumi, yekun məqsədi konkretləşdirilməyib. Serj Sarkisyan erməni müxalifətinin aparıcı qüvvələri olduqlarını iddia edən Erməni Milli Konqresi, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun, İrs və "Çiçəklənən Ermənistan" partiyalarının "Hakimiyyət qarşısında 12 tələb" prosesini zəiflətmək, dezavuasiya etmək üçün taktiki gedişlər etməyə çalışır. Bundan başqa, Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı olaylar çərçivəsində siyasi problemlərin sayı artmaqla yanaşı, Yerevandakı hakimiyyətin taleyini bəlirləyən xarici güc mərkəzlərinin də mövqelərini dəqiqləşdirərək onların razılığını almaq gərəkdir.
Daha konkret olsaq, Serj Sarkisyanın bundan sonrakı başağrısı məhz mövqelərin müəyyənləşdirilməsi və razılığın alınması ilə bağlıdır. Çünki Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı islahatlar faktiki olaraq sadəcə proses, daha geniş məcralı siyasi hadisələri zəiflətmək niyyətidir.
Çətinlik hiss edəndə Sarkisyan, əvvəllər olduğu kimi, polisi küçələrə çıxaracaq.
Qorxarsa, hərbçilərin də nümayişçilərə qarşı istifadəsi istisna olunmur.
Ermənistanda hadisələrin bundan sonrakı inkişaf məcrası isə artıq ermənilərdən asılı deyil.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53