Müsavatda qurultay rəzilliyi
10:39 30-09-2014
İQTİSADİYYAT
Müsavatda qurultay rəzilliyi
Qubad İbadoğlu və tərəfdarları İsa Qəmbər-Arif Hacılı cütlüyünün oyunlarını ifşa etdilər
Məlum olduğu kimi, Müsavat Partiyasının qurultayı səs-küylü başa çatıb. Başqanlığa namizəd Qubad İbadoğlu çıxış edərək bildiribki partiyanın qurultayı ərəfəsində bəzi ədalətsizliklərə yol verilib və bu da qəbul olunmazdır.
Müsavatın sabiq başqanı İsa Qəmbər Q.İbadoğlunun bəzi ittihamlarına cavab verməsi vəziyyəti daha da qəlizləşdirib. "Əgər şəffaf və demokratik seçki keçirilirsə, burada narazılığın olması təbiidir. Əslində, bilmədiyiniz məqamlar çoxdur. Hər bir məqamın ayrıca izahatı var. Vurğun Əyyub qurultay nümayəndəliyi seçilən ərəfədə Azərbaycanda olmayıb", deyən İ.Qəmbər qeyd edib ki, əvvəlcədən kimi başqan görmək istədiyini açıqlamayıb: "Əgər mövqeyimi əvvəlcədən açıqlasaydım, səs fərqi bu qədər az olmazdı". Bundan sonra Qubad İbadoğlu və tərəfdarları qurultay və başqanlıq seçimi ilə bağlı şok açıqlamalar verməyə başladılar.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Qubad İbadoğlu nəticələrdən və başqanlıq seçimində baş verən pozuntulardan danışıb: "Çox təəssüf ki, belə bir vəziyyət yarandı. Mənim Müsavatın qurultayı ilə bağlı narazılığım yoxdur, amma xoşagəlməz məqamlar oldu. Bəri başdan deyim ki, seçki azad və şəffaf təşkil olunmuşdu. Ancaq həm seçkidən əvvəlki dövrdə iştirakın bərabərliyi, həm də seçki dövründə ədaləti tam təmin etmək mümkün olmadı. Yəni, xoşuma gəlməyən başqanlığa namizədlərin bərabər şərtlərlə iştirak imkanlarının yaradılmaması, eyni zamanda, seçki günü və ondan əvvəlki dövrdə bəzi ədalətsizliklərin olmasıdır. Bir şey də xoşuma gəlmədi ki, Müsavatda hələ də əvvəlki kursu saxlamaq, yəni klassik üsullarla mübarizə aparmaq durumu var idi. Bunun da səbəblərindən biri ondan ibarət idi ki, qurultay nümayəndələrinin sayı 487 nəfər idi, amma onun içində Gənclər Təşkilatının cəmi iki üzvü var idi. Bunlar da Müsavatın yeniləşməyində maraqlı olmayan adamlar idi, mövcud kursu saxlamağa üstünlük verənlər idi. Digər tərəfdən, başqanlıq seçimində kifayət qədər qüsurlar oldu. Kabinələrə bir-bir girmək lazımdır, amma bir neçə adam birdən girirdi. Kabinələrdən kənarda da səsvermə olurdu. Təəssüf ki, belə halların qarşısını ala bilmədik".
Özünün və tərəfdarlarının Müsavatdan istefasına gəlincə, Qubad bəy belə bir addımın atılmasının mümkün olduğunu bildirib: "Biz tərəfdarlarımızın hamısına nəzarət eləmək, qərarlarına təsir göstərmək imkanında deyilik. Heç belə bir niyyətimiz də yoxdur. Hər kəsin öz mövqeyi var. Biz fəaliyyətimizi davam etdirəcəyik, çünki partiyaya şəxsi mənafe üçün gəlməmişik, məfkurə üçün gəlmişik. Hansı formada, hansı mexanizmlə o barədə müzakirələri davam etdiririk. İndi yeni rəhbərliyə imkan verək görək partiyanı hara aparırlar. Bir müddət bunu monitroinq eləmək fikrindəyik. Eyni zamanda, partiyanın necə idarə olunmasını nəzarətdə saxlayacağıq".
Maraqlı məqamlardan biri də odur ki, Müsavatın keçmiş başqanı İsa Qəmbər bu prosesdə Arif Hacılının tərəfdarı kimi çıxış etdi. İsa Qəmbərin məhz bu mövqeyi Qubad İbadoğlu və tərəfdarlarını hiddətləndirib: "Biz hesab edirdik ki, İsa Qəmbər tərəfsiz mövqe nümayiş etdirəcək, amma qurultay günü və sonrakı prosesdə gözləntilərimizin əksi oldu. İsa Qəmbər adının hallandığı məsələlərə reaksiyası bizi o dərəcədə razı salmadı. Sizin, eləcə də müsavatçıların qənaəti o idi ki, İsa Qəmbər Arif Hacılı tərəfindən çıxış elədi. Amma mən bu barədə biz söz demək istəmirəm. Hər halda hər şey açıq və şəffaf idi. Burada söhbət Müsavatın kursundakı dəyişiklikdən gedirdi. Görünür, Müsavatın status-kvosunun, əvvəlki idarəetmənin saxlanması onların maraqlarında idi. Hesab edirəm ki, mənim ən böyük mənfi cəhətim ondan ibarət idi ki, Müsavatdakı mübarizənin daha sivil metodlarından istifadə elədim. Məni narahat edən məsələlərdən biri də ictimai məyusluqdur. Sosial şəbəkələrdə sərgilənən mövqelər də göstərir ki, ictimaiyyətdə çox böyük məyusluq yaranıb".
Müsavat Partiyasının sentyabrın 27-də keçirilən başqan seçkilərində Qubad İbadoğlunun tərəfdarı olan Vurğun Əyyub qurultay haqda sərt danışıb. V.Əyyub bildirib ki, seçki zamanı ədalətsizliyə yol verilib: "Hesab edirəm ki, seçkilərin keçirilməsində bəzi qüsurlara və ədalətsizliyə yol verildi. Bu da keçirilən seçkilərin nəticələrinin legitimliyini şübhə altına alır". Vurğun Əyyub Arif Hacılını təbrik etməyəcəyini deyib: "Legitimliyi şübhə altında olan başqanı mən heç vaxt təbrik etməyəcəyəm".
V.Əyyub Məclis üzvlüyündəki fəaliyyətini davam etdirib-etdirməyəcəyi haqda qərar vermədiyini bildirib: "Məclis üzvlüyünə kimlərin seçilməsi barədə məlumatım yoxdu. Məndə olan faktlara görə seçkilərin nəticələrinin legitimliyi şübhə altındadır. Nəticələrin ləğv edilməsi və təkrar seçki keçirilməsi barədə hələ ki, düşünməmişəm. Amma bu istiqamətdə faktlar getdikcə toplanır".
Başqanlığa namizədlərdən Səxavət Əlisoy da narazılığını açıq şəkildə dilə gətirib. "Unikal"a açıqlama verən S.Əlisoy qurultaydakı seçkilərdə problemlərin olduğunu dilə gətirib: "Müsavat dəyişmək istədi, 4 səs imkan vermədi. Bir çıxışında az qala 50 dəfə "mən" deyən, bir 50 dəfə də İsa Qəmbərə istnad edən biri təlimatlandırılmış tərəfdarlarının gurultulu və sürəkli alqışları altında, partiyanın icra aparatındakı çetesinin hər türlü oyunbazlıqları sayəsində sədr seçildi. Son 20 ildəki seçki məğlubiyyətləri bir daha zəfər kimi qiymətləndirildi. Kəsəsi, partiya ötən əsrin 70-ci illərindəki durğunluq dövrünə oxşar bir mərhələyə qədəm qoydu. Dəyişiklik tərəfdarı olanlar indi necə hərəkət etməlidir? İslahat tərəfdarlarının şüarçılar, populistlər hayküyçülər ilə birgə fəaliyyəti mümkünmü? İndi çoxları bu məsələ barədə fikirləşir. Yaxın günlərdə mən də öz qərarımı açıqlayacam".
Müsavat partiyasının başqanlığa namizəd olmuş Tural Abbaslı da narazılığı ifadə edib. Çox dərinə getməsə də, T.Abbaslı gənclərə qarşı soyuqluqdan məyus olduğunu ifadə edib: "Gənclik üzərində "möhtəşəm" qələbə qazanıldı. Müsavat Partiyası Məclisinə seçkilərin nəticəsi açıqlanıb. Heç bir gənc də Məclis üzvü seçilməyib". Abbaslı həmçinin bildirib ki, şəxsən onun özü də Məclisə seçilməyib: "Bununla da "demokratiya aşiqləri" Müsavat Partiyasını gələcəkdə gözləyən "gənclik təhlükəsindən" xilas etdilər".
Göründüyü kimi, illər boyu hakimiyyəti normal seçki keçirə bilməməkdə suçlayan Müsavatın özü partiyadaxili bir seçkini keçirə bilmədi. Hətta demək olar ki, 400 nəfərlik bir seçkidə olmazın qayda pozuntularına, əyriliklərə yol verdilər. Özünü demokrat adlandıran İsa Qəmbər İsa qanun pozuntularına yol verən tərəfin yanında dayanaraq, nə qədər demokrat olduğunu göstərdi. Əslində, Müsavatda baş verənləri şərh etməyə ehtiyac yoxdur. Qurultay və başqanlıq seçimi ilə bağlı Müsavat funksionerlərinin açıqlamaları bu partiyanın hansı səviyyədə olduğunu göstərdi. Bu qurultayda İsa Qəmbər və Arif Hacılı Müsavatçılıq ideologiyasına xəyanət etdilər və heç vaxt demokrat ola bilməyəcəklərini göstərdilər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17