Kütlənin qaynar payızı və iqtidarın soyuq duşu
10:42 30-09-2014
İQTİSADİYYAT
Kütlənin qaynar payızı və iqtidarın soyuq duşu
Ermənistan polisinin rəisi Vladimir Qasparyan ölkə müxalifətinin bu payızda fəallığını aktivləşdirəcəyi və hakimiyyətə "qaynar payız" vəd etməsi ilə bağlı səslənən bəyanatlarla açıqlamalara özünəməxsus tərzdə cavab verib.
V.Qasparyanın Yerevandakı iqtidarın ən yöndəmsiz, qaba və kobud məxluqlarından biri olduğunu nəzərə alsaq, onun diplomatik tərzdə danışacağına və ya müxalifətin açıqlamaları ilə bağlı hakimiyyətin məntiqli cavabını səsləndirəcəyinə ümid çox azdı.
Belə də oldu və Qasparyan həmişəki ampluasına sadiq qalaraq mədəniyyətsizliyini bir daha sübut elədi.
"Müxalifətçilər deyirlər ki, ay nə bilim qaynar payız, radikal çıxışlar... Ayılsınlar, özlərinə gəlsinlər. Onların qaynar payızına bizim soyuq duşumuz var. Hədlərini aşmasınlar", - bu sözlər Ermənistan polisinin rəhbərinin rutin çıxışlarından biri də sayıla bilərdi.
Ermənistan müxalifətinin lideri olduqlarını bəyan edən Erməni Milli Konqresi, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun, "Çiçəklənən Ermənistan" və İrs partiyalarının yaratdıqları "Dördlük" bu açıqlamadan qeyzlənərək V.Qasparyanı vəzifə səlahiyyətlərini aşmaqda suçlayıb, onun istefasını tələb edib.
"Dördlük" Yerevanda birgə mitinqin təşkilatı ilə bağlı məsələləri və onun vaxtını müzakirə etmək niyyətindədir. EMK-nin mətbuat katibinin həmin müzakirələrdən əvvəl V.Qasparyanla bağlı çıxış etməsi və tələbi səsləndirməsi maraqlı olaydır.
Çünki "Dördlük" bu minvalla görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri barədə bildirişi hakimiyyətin nəzərinə çatdırıb.
Beləcə, "qaynar payız" vədlərinin puç olacağı indidən bəllidir. Aprel ayında hökumətin istefasını tələb edən və yeni baş nazirin təyin olunmayacağı təqdirdə, Yerevan küçələrinə çıxaraq kütləvi aksiyalar keçirəcəyini vəd edən erməni müxalifətçilər sonradan istədiklərinə çatdıqlarını, iqtidarın onların qarşısından geri çəkildiyini dedilər.
Axı baş nazir Tiqran Sarkisyan vəzifəsindən kənarlaşdırıldı, onun yerinə Ovik Abramyan təyin olundu.
Zahirən hökumət başçısının dəyişdirilməsi müxalifətçilərin tələblərindən sonra olduğu üçün kütlə üçün yeni erzas-təbliğat, habelə təşviqat vasitəsi vardı.
Halbuki, müxalifətçilərin radikallıq və qətiyyətlə bağlı sözləri boşboğazlıq, cəfəngiyyatdı.
Tiqran Sarkisyan Yerevandakı rejimi yox, Rusiyanı artıq təmin etmədiyindən Moskva bu fiquru arzuolunmaz saymışdı və Ermənistan prezidenti Serj Sarkisyan da aldığı əmri çox qısa müddətdə reallaşdırmışdı.
Ermənistanın sabiq baş nazirinin "vurulması"nın səbəbi isə onun İrandan Ermənistana təbii qaz nəqlinin artırılmasını nəzərdə tutan müqaviləni yeniləmək və saziş imzalamaq niyyəti idi. Bu isə Ermənistana təbii qaz satışları ilə yanaşı, ölkə daxilində "mavi yanacağ"ın paylanması şəbəkəsinə tam nəzarətə can atan Rusiyanın "Qazprom" konserninin maraqlarına zidd məsələ idi.
"Qazprom" Rusiyada dövlət içində dövlət olduğundan "hansısa" T.Sarkisyanın "sərsəm" fikirlərinə və niyyətlərinə dözə bilməzdi.
Moskva mövqeyini Serj Sarkisyana çatdırdı və Ermənistan prezidenti də belə şəraitdə inadın siyasi ölümə bərabər olacağını anladığından devrilmək istəmədi, Tiqran Sarkisyanı işindən kənarlaşdırdı.
Onun yerinə isə namizədliyi aylar əvvəl bəlirlənərək ehtiyat variant qismində görülən Ovik Abramyan təyin olundu.
Zahirən hökumətin başçısı dəyişdi, batində isə dəyişən heç nə olmadı.
Ermənistandakı müxalifətin "lider"ləri situasiyadan maksimum istifadə etmək üçün dərhal çıxışlara və açıqlamalara başladılar ki, ermənilər onların nə qədər radikal, müdrik, qüvvətli və hakimiyyəti ən ciddi dəyişikliklərə vadar edən qüvvə olduqlarını bir daha anlasınlar. Kütlə anlamalıydı, amma anlamadı. Ermənilər onları küçələrə çağıran, mitinqlərə dəvət edən, hakimiyyətə qarşı çıxmağa təşviq edənlərin kim olduqlarını bildiklərindən belə məzhəkələrə alışıblar və deyilən sözləri də növbəti gəvəzəlik kimi qəbul etdilər.
"Dördlük" üçünsə aktual məsələ bu dəfə kimin istefasını tələb etməkdi.
Sabiq prezident Levon Ter-Petrosyanın sözlərindən belə çıxırdı ki, onlar mübarizələrini sonadək davam etdirmək və Yerevandakı mövcud iqtidarın kənarlaşdırılmasına nail olmaq niyyətindədir. Məntiqlə, Tiqran Sarkisyanın gedişindən sonra prezident Serj Sarkisyanın istefası istənilməli, hakimiyyətin bu tələbi yerinə yetirməyəcəyi təqdirdə kütləvi aksiyaların və vətəndaş itaətsizliyinin gerçəkləşdiriləcəyi deyilməliydi.
Deyilmədi.
Axı "Dördlk" tərkibindəki İrs və "Çiçəklənən Ermənistan" partiyaları heç bir halda belə tələblə çıxış etməyəcəkdilər. ÇEP-in sədri Qagik Sarukyan sahibi, sabiq prezident Robert Köçəryanın göstərişi olmadan bir addım da atmır. Köçəryan isə ona S.Sarkisyanın istefası məsələsindəki mövqe ilə bağlı heç bir əmr verməyib.
İrs Partiyasının sədri Raffi Hovvanisyansa son prezident seçkilərindən sonra iqtidarla kuluar sövdələşmələrdə payını alıb və indi həddini aşaraq irəli çıxmaq istəmir. O bilir ki, sövdələşmənin şərtlərini pozarsa, cəzalanacaq, partiyası darmadağın olacaq: İrs Partiyasında hakimiyyətə bağlı olanların sayı heç az deyil və onlar hakimiyyət kuluarlarından göstəriş alan kimi indi guya sədaqətlə xidmət etdikləri liderlərini siyasi məhvə sürükləmək üçün əllərindən gələni edəcəklər.
İstefa tələbi ilə bağlı axtarışlar aparılırdı və sonucda onlar uğurla başa çatdı. "Dördlük" Erməni Polisinin sədri Vova Qasparyanın vəzifədən kənarlaşdırılmasını istəyir. Bu açıqlama isə tələb naminə tələb, fəaliyyət görüntüsü yaratmağa yönələn cəhddir.
Eyni zamanda, müxalifətçilərin liderləri yenə də hakimiyyətin oyun qaydalarına riayət edir, bəlirlənmiş çərçivədən kənara çıxmırlar.
Sirr çox sadədir: Vova Qasparyan bir fiqur təki qudalar Qagik Sarukyanla Ovik Abramyanı çox qıcıqlandıran adamdır. Erməni Polisinin rəisi ÇEP sədri ilə baş nazirin inhisarlarının "normal" fəaliyyətinə imkan vermir, öz biznes-strukturlarını inkişaf etdirməyə çalışır, üstəlik, Yerevanla yanaşı, Ermənistan əyalətlərindəki şirkətlərindən 4-nü O.Abramyana, 3-nü də Q.Sarukyana satmaqdan imtina edir.
Amma V.Qasparyan prezident Serj Sarkisyana sadiq kadr olduğundan ÇEP sədri ilə baş nazir Polis rəisinə qarşısı aşkar hücuma keçməkdən ehtiyatlanırlar.
"Dördlük" liderlərinin istefa tələblərinin təsadüfi olmadığı görünür.
Hakimiyyətinin üst təbəqəsində yeni intriqa və kuluar boğuşmalarının başlandığını hiss edən Serj Sarkisyan da didişən tərəflərin hər ikisinin mövqelərini səbatlı edərək qarşıdurmanı gərginləşdirmək və bununla da potensial narazılar düşərgələrini haldan salmaq üçün V.Qasparyana müxalifət aksiyaları ilə bağlı açıqlama vermək səlahiyyəti verib.
"Soyuq duş"la bağlı açıqlama həm də "Çiçəklənən Ermənistan" Partiyasının banisi və sahibi Robert Köçəyranla baş naziri Ovik Abramyana da üstüörtülü xəbərdarlıq sayıla bilər.
Onlar da, deyəsən, V.Qasparyanı işdən kənarlaşdırmaq və bu "arzuolunmaz fiqur"u zərərsizləşdirmək üçün aşkar mübarizəyə başlamaq niyyətindədirlər. Sistem daxilindəki metodların uğursuzluğa düçar olduğu aşkar görünür.
V.Qasparyan ÇEP sədri və baş nazir üçün indi yox, hələ parlament seçkilərindən əvvəl problemə çevrilmişdi. O dönəmdə O.Abramyan parlament spikeri vəzifəsindən kənarlaşdırılmış, Marqar Ohanyan həbs olunmuş, Ermənistan Polisinin rəisi Alik Sarqsyan postundan qovulmuşdu.
Serj Sarkisyanın əlaltıları onda demişdilər ki, hakimiyyət daxilində Robert Köçəryanın maraqlarını təmin etməyə və 2012-ci ilin parlament seçkilərində ÇEP-ə qələbə qazandırmağa çalışan dəstə ifşa olunub.
O da deyilirdi ki, ifşa əməliyyatına Vladimir Qasparyan rəhbərlik edibmiş...
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53